Ötən müddət ərzində yeni
növ koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində geniş yayılmasının
qarşısının alınması istiqamətində effektiv tədbirlər həyata keçirilmiş və
infeksiyanın yayılması nəzərət altına alınmışdır. Bununla belə dünyada
pandemiya vəziyyəti hələ də davam etdiyindən və COVID-19 infeksiyasının
müalicəsi üçün zəruri dərman preparatı, eyni zamanda bu xəstəliyə qarşı peyvənd
tapılmadığından virusla mübarizə hər kəsin gündəlik həyat tərzinə
çevrilməlidir. Hər bir şəxs sosial məsuliyyətdən irəli gələrək özünü,
yaxınlarını və digər cəmiyyət üzvlərini qorumaq üçün movcud sanitar-gigiyenik
qayda və tələblərə ciddi riayət etməli, başqalarını da bu fəaliyyətə dəvət
etməlidir.
Bununla yanaşı sanitar-epidemioloji
vəziyyət və Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələri təhlil edilərək ölkə
ərazisində xüsusi karantin rejiminin müddəti 15 iyun 2020-ci il saat 00:00-dək
uzadılır.
Eyni zamanda 31 may 2020-ci il saat 00:00-dan xüsusi
karantin rejimi çərçivəsindəki məhdudiyyətlərin bir qisminin aradan
qaldırılmasına qərar verilmişdir:
●
Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və
Abşeron rayonunda dövlət qurumlarında işçilərin say həddinin məhdudlaşdırılması
ləğv olunur;
● ölkə ərazisində iri ticarət mərkəzlərinin və "Mall”arın
fəaliyyəti bərpa olunur (nəzdindəki uşaq və
digər əyləncə mərkəzləri, kinoteatrlar, ictimai iaşə məkanlarının fəaliyyəti
istisna olmaqla);
● açıq havada keçirilən idman yarışlarının tamaşaçıların
iştirakı olmadan təşkilinə icazə verilir;
● Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron
rayonu üzrə restoran, kafe, çay evlərində, eləcə də bütün ictimai iaşə
məkanlarında müştərilərə yerində xidmət saat 08:00-dan 22:00-dək həyata
keçirilir (ölkə üzrə bütün ictimai iaşə
obyektlərində qəlyan avadanlıqlarından istifadə və 10 nəfərdən artıq
toplaşmaqla kütləvi şənliklər, məclislərin təşkili istisna olmaqla);
Xatırladaq ki, fəaliyyətinə icazə verilən sahələr üzrə iş
rejimi pandemiya dövründə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında
Operativ Qərargah tərəfindən təqdim olunan müvafiq sanitar-epidemioloji
qaydalara və metodiki göstərişlərə uyğun həyata keçirilməlidir. Qaydaların
pozulması qanunvericiliklə nəzərdə tutulmuş inzibati və cinayət məsuliyyəti
yaradır.
Bir daha hamını şəxsi gigiyena, eləcə də tibbi-profilaktik
qaydalara əməl etməyə, ictimai yerlərdə kənar şəxslərlə minimum kontaktda
olmağa, mövcud preventiv tədbirlərin şərtlərinə riayət etməyə çağırırıq.
Sanitar-epidemioloji vəziyyətə uyğun olaraq müəyyən edilmiş yerlərdə qoruyucu
vasitələrdən istifadə və sosial məsafənin gözlənilməsi mütləqdir.
www.anews.az