Azərbaycanda "ölüm" bahalaşıb - ARAŞDIRMA

16:40 | 29.11.2023
Azərbaycanda

Azərbaycanda "ölüm" bahalaşıb - ARAŞDIRMA

Azərbaycanda ötən illə müqayisədə bu il qəbir daşlarının qiyməti artıb. Bunu anews.az-a açıqlamasında qəbir daşları biznesi ilə məşğul olan iş adamı Rza Hüseynov bildirib.
 
"Qəbir daşlarının qiyməti ölçü, növ və daşın qiymətinə görə dəyişir. Ən ucuz da aqlay hesab olunur, qiyməti 500 manatdan başlayır. Ən bahalısı isə 3 D  formatında olan daşlardır. Hazırda Azərbaycanda ən çox istifadə olunan daş növü qara Qranitdir qiyməti 1500 manatdan başlayır, 40-45-60 min manata qədər olur. Eyni zamanda qəbirlərin kənarına aqlaydan hasar da çəkilir, qiyməti isə 450 manatdan başlayır. İki nəfərlik sadə talavarların qiyməti isə 1700-1800 manat, daha dəbdəbəli olanların qiyməti isə 2500-dən başlayır",- Rza Hüseynov əlavə edib.
 
Bakıda və ətraf rayonlarda məzar yerinin qiyməti onun yerləşdiyi ərazidən asılıdır. Paytaxtın Biləcəri qəbiristanlığında yer - 400-500 manat, Xırdalan qəbiristanlığı - 800-1500 manat Badamdar qəbiristanlığı - 800-2000 manat, Günəşli qəbiristanlığı - 600-1500 manat, Qaraçuxur qəbiristanlığı - 200-1000 manat, Qurd qapısı qəbiristanlığı - 2000-3000 manat, Hövsan qəbiristanlığı - 150-300 manat, Zabrat qəbiristanlığında 500-1000 manat aralığında dəyişir.
 
Bakıda ölünün yuyulması üçün 80-90 manat civarında məbləğ ödənilir. Rayonlarda isə bu məbləğ 30-40 manat aralığında dəyişir. 
 
Bakı və ətraf ərazilərdə mollanın qiyməti  60 -150 manat arasında dəyişir.
 
Çadırların qiymətində də həmçinin başalaşma var. Belə ki, 150 – 200 nəfərdən ibarət olan və avadanlıqları, çay süfrəsi və işçi heyəti ilə birlikdə çadrın bir günlük kirayəsi 800 – 2000 manat arası dəyişir.

İqtisadi məsələlər üzrə ekspert Natiq Cəfərli bildirir ki, digər ölkələrdə dəfn pulunu çox zaman sığorta həll edir. 
 
"Qərb ölkələrində insanların demək olar ki, hamısının sığortası var. Sığorta olmayanda isə bələdiyyələr qarşılayır. Türkiyədə həyatdan köçən insanın yaxınlarının imkanı yoxdursa, bələdiyyələr öz üzərinə düşür. Azərbaycanda isə dövlət tərəfindən ödənilir. Bu məbləğ isə Azərbaycanda çox deyil. Bu kifayət edirmi? Təbii ki yox. Dəfn mərasimlərinin adət ənənələrə çevrilməsi halı var. İnsanlar dəfn mərasiminə fərqli cür yanaşırlar.  Qohum var qonşu var, onlarda necə olubsa bizdə də elə olsun deyirlər. Amma bu cür halların dövlət tərəfindən tam qarşılanması mümkün deyil. Azərbaycanda işləyən şəxslərin inzibatı sığorta ödənişləri var. İnsanlar sığorta da demək olar ki, o puldan az istifadə edirlər.  Bu mexanizm qanunvericilikdə belə bir dəyişiklik olsa kifayət qədər müsbət qarşılanar.  Bu proses rayonlara nisbətən Bakıda daha bahadır. Sığorta onsuz bizim maaşımızdan tutulur. Bu belə formada geri qaytarıla bilər",- iqtisadçı əlavə  edib.

İlahiyyatçı Ağa Hacıbəyli deyir ki, Azərbaycanda ölünü kənara qoyub, başqalarını razı salmaq üçün dəfn mərasimi keçirilir.
 
"Ölkədə mərhumun yaxınları vəfat edən adamın üzərində böyük, möhtəşəm abidələr qoyurlar. Ölkə olaraq, daşa, qayaya böyük pullar xərcləməyi xoşlayırıq. Bu da bizim dünyəvilik tərəfimizə aid olan xüsusiyyətimizdir. Biz müsəlmanıq. Müsəlmanın həyatı daha çox mütəvazi bir həyatı ehtiva etməlidir. Hər şeyin sahibi Allahdır. Onun rzasına uyğun dəfn həyata keçirilməldir. İnsanlar dəfn olunan zaman üzləri qibləyə doğru, qəbr qazılmalıdır. Mərhumu gözəl şəkildə yuyarlar, son dəfə üzərində dua oxuyub, halallıq verəndən sonra onu göndərirlər axirətə. Bizim vəzifəmiz bitmiş olur. Daha sonra 3 gün müddət ərzindəki gələn insanlar baş sağlığı verib, gedərlər bununla da biyər. Bu dinimizdə olan göstərişdir. Ancaq əsrlərdir ki,  insanlar müxtəlif cür adət ənənələri ilə dini dəyərlərin içərisinə girib daha da fərqli hala gətiriblər. İnsanlar doğruları yerinə yetirmədiyi zaman yanlışları yerinə yetirməyə çalışır. Həqiqət bir tərəfdə qalır, fərqli şeylər etməyə çalışırlar. Bir insanın bunu etməyə gücü çatır, digərinin isə yox. Ən azından bu mövzularda maarifləndirmə olmalıdır ki, israfçılığın qarşısı alınsın'',- ilahiyyatçı əlavə edib.
 
İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin deputatı Vahid Əhmədov bildirir ki, vəfat edən şəxs üçün verilən vəsait azdır
 
"Vəziyyəti nəzərə alsaq, ölkədə dəfn pulunun 500 manat olması belə baxanda azdır.  Çünki dəfini həyata keçirmək üçün kifayət qədər böyük vəsaitlər xərclənir. Bu pulla təmin etmək mümkün deyil. Bu dövlət büdcəsinin imkanı xaricindədir. Hesab edirəm ki, gələcəkdə bu məbləğ artırılmalıdır ki, heç olmaya insanlar məbləğin müəyyən hissəsini ödəmiş olsunlar. Bu ümumiyyətlə bələdiyyələrin məsələsidir. Onlar bu işlə məşğul olmalıdırlar. Bələdiyyələr də bunun üçün geniş şəraitə malik olmalıdırlar. Bu məsələlər hazırda müzakirə olunur. Qəbirstanlıqlar faktiki olaraq onların ixtiyarındadır. Hazırda torpağın satılmasında dəfn üçün böyük problem var. Kifayət qədər böyük məbləğlər istəyirlər. Bunu ümumiyyətlə qaydaya gətirmək lazımdır. Rayonlarda dəfn yerləri Bakıya nisbətən ucuzdur. Bakıda isə əksinədir. Rayonlarda yer problemi olmadığına görə belədir. Çünki orda hamı bir birini tanıyır. Bakıda isə əhali kifayət qədər çoxdur. Faktiki olaraq, Baklda 3 milyondan çox insan yaşayır. Bu məsələ qaydaya salınmalıdır. Həmçinin dəfn pulunun artırılmasına ehtiyac var",- deputat vurğulayıb.
 
Qanunvericiliyə görə dəfn üçün müavinət birdəfəlik müavinət növü olmaqla, sığortaolunan, əmək pensiyaçısı və ya dövlət qulluqçularına ömürlük müavinət, yaşa görə müavinət, əlilliyə görə müavinət və ailə başçısını itirməyə görə müavinət alan, habelə işsizlikdən sığorta ödənişini alan şəxslər vəfat etdikdə təyin olunur və dəfn xərcini çəkən şəxsə ödənilir. Müavinətin məbləği pensiya alan şəxs vəfat etdikdə minimum əmək pensiyasının 3 misli-yəni hazırda 840 manat, ömürlük müavinət alan dövlət qulluqçuları, yaşa, əlilliyə və ailə başçısını itirməyə görə müavinət alanlar, sığortaolunan və işsizlikdən sığorta ödənişi alan şəxslər vəfat etdikdə isə 500 manat təşkil edir. 

Vəfat etmiş şəxs eyni zamanda həm sığortaolunan, həm də əmək pensiyaçısı olduqda, dəfn üçün müavinətin biri - məbləği daha çox olan, yəni minimum əmək pensiyasının 3 misli (840 manat) qədər müavinət ödənilir. 
 
İşləməyən, pensiya və sosial müavinət, eləcə də işsizlikdən sığorta ödənişi almayan şəxs vəfat etdikdə dəfn üçün müavinət verilməsi qanunvericilikdə nəzərdə tutulmayıb.

Cari ilin 9 ayı ərzində ölkə üzrə 34 min 300 nəfərdən çox şəxsə dəfnə görə müavinət verilib.   Bunu anews.az-ın sorğusuna cavab olaraq Dövlət Sosial Müdafiə Fondundan bildirilib.

"Dəfn üçün birdəfəlik müavinət dəfn xərcini çəkən şəxsə təyin olunur. Bunun üçün dəfn xərcinin çəkən şəxsin şəxsiyyət vəsiqəsi, ərazi üzrə bələdiyyə və ya  yerli icra hakimiyyəti başçısının inzibati ərazi dairələri üzrə və ya sahə inzibati ərazi dairələri üzrə nümayəndələr tərəfindən verilən dəfn xərcinin çəkilməsinə dair arayış, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbəsinin arayışı tələb olunur. Əgər vəfat edən şəxs pensiyaçı və müavinət alan olubsa, dəfn xərcini çəkən şəxs həmin sənədlərlə Dövlət Sosial Müdafiə Fondunun rayon (şəhər) filiallarına, qəbul şöbələrinə, yaxud istənilən DOST mərkəzlərinə, işləyən şəxs olubsa, işəgötürən təşkilata, yəni vəfat edən şəxsin iş yerinə müraciət etməlidir. Dəfn xərcini çəkən şəxsə təyin olunan birdəfəlik müavinətin ödənişi müvafiq bank vasitəsi ilə həyata keçirilir",- Fonddan bildirilib.
 
Azərbaycanda 2022-ci il 49 min nəfərdən çox şəxsə 32.5 milyon manat dəfn pulu ödənib. Bunu anews.az-ın sorğusuna cavab olaraq Dövlət Sosial Müdafiə Fondundan bildirilib.
 
Cari ilin 1 yanvarından ölkədə dəfn pulunun məbləği prezidentin sərəncamı ilə 300 manatdan 500 manata çatdırılıb.

Naxçıvan Nazirlər Kabinetinin 2017-ci il 8 noyabr tarixli 115 nömrəli qərarında Naxçıvan Muxtar Respublikasında bütün qəbirüstü abidələrin bir formada olacağı vurğulanıb.

Türkiyədə qəbir daşlarının qiyməti standartdır. Türkiyənin Adıyaman şəhərində başdaşı məlumatlarının rəqəmsallaşdırılması prosesinə başlanıb. Hətta başdaşıların arxa hissəsinə yerləşdirilən ştrixkod smartfonlarla skan edildikdə mərhum barədə məlumatlar və yaxınlarının istəyinə uyğun olaraq, foto və videolar sistemə yüklənir.

Aytac Zeynalova

 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM