ABŞ-ın Milli Elm Fondu (NSF) və Milli Kosmik Tədqiqatlar Mərkəzi (NASA) tərəfindən maliyyələşdirilən “UNAVCO (University Navstar Consortium)” konsorsiumunun saytında (www.unavco.org) AMEA Geologiya İnstitutunda Massaçusets Texnologiya İnstitutu ilə aparılan kosmik geodeziya müşahidələrinin mühüm nəticələri ilə bağlı məlumat yerləşdirilib.
“UNAVCO” elmi tədqiqat institutları konsorsiumunun məqsədi yüksək dəqiqliyə malik texnologiyalar vasitəsilə deformasiyaları ölçmək və Yer haqqında elmlərin inkişafına dəstək verərək inkişaf etdirməkdir. “Azərbaycanda seysmik təhlükələr” sərlövhəsi altında yazının müəllifi qurumun Beynəlxalq əlaqələr şöbəsinin müdiri Linda Rovan məlumatda bildirir ki, Kür hövzəsi şərqində yerləşən Azərbaycanı şimaldan Qafqaz dağları əhatə edir.
Tarixi, geoloji və seysmoloji məlumatlar, eləcə də baş vermiş güclü zəlzələlər bu ərazidə gələcəkdə seysmik risk olmasını inkar etmir. Müasir kosmik geodeziya ölçüləri Kür hövzəsi boyunca bir sıra qırılmaların kilidlənməsi nəticəsində yüksək gərginlik qiyməti olduğunu göstərir. Gərginliyin yüksək qiyməti Azərbaycanın paytaxtı Bakıya, eləcə də ətrafdakı neft kəmərlərinə böyük seysmik risk törədə bilər.
Azərbaycan Milli Elmlər Akademiyasından bildirilib ki, bu məlumat “Natural Hazards” jurnalında dərc edilən məqalə əsasında (akademik Akif Alizade, Fakhraddin Kadirov, Michael Floyd, İbrahim Guliyev, Robert Reilinger, Sadi Kuleli, Robert King, M. Nafi Toksöz “ Kinematics of theeastern Caucasusnear Baku, Azerbaijan”, September 2012, Volume 63, İssue 2, pp 997-1006) hazırlanıb.
AMEA-dan qeyd olunub ki, Ərəbistan və Avrasiya plitələrinin toqquşması Qafqaz dağlarının yaranmasına səbəb olaraq Xəzər dənizi yaxınlığında kolliziya zonası 3 əsas qırılmadan ibarətdir. Azərbaycan ərazisinin şərqində yerləşən 12 məntəqədə 1998-ci ildən aparılan GPS ölçüləri toqquşma sahəsi boyunca sıxılma prosesinin müşahidə edildiyini göstərir. Kür hövzəsində Cənub-Şimal istiqamətində yer səthinin hər il 15 mm sürətlə hərəkəti nəticəsində toplanan gərginlik Böyük Qafqaza paralel olan üstəgəlmə qırılmasının və Xəzər dənizinin qərb sahilində qırılmanın sağtərəfli hərəkətinə səbəb olur.
Bu isə Bakı əhalisi və şəhər ətrafı enerji resurslarının infrastrukturu (neft quyuları, dəniz qurğuları, boru kəmərləri) üçün ciddi seysmik risk yaradır. Sıx geodezik şəbəkənin yaradılması və gələcək tədqiqatlar zəlzələ riskinin və piltə sərhədlərinin mürəkkəb geoloji quruluşunu daha dəqiq təyin etməyə imkan verəcək.
Ictnews.az