"Hələ ki peşə sahiblərinin məzuniyyət günlərinin uzadılması məsələsi müzakirə olunmur".
Bu sözləri publika.az-a Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayev bildirib.
O qeyd edib ki, ötən dövrdə ölkədə vətəndaş müraciətlərinin bir qismi məzuniyyət hüquqlarının pozulması istiqamətində olsa da, son zamanlarda Dövlət Əmək Müfəttişliyi xidmətində bənzər müraciətlər qeydə alınmayıb:
"Ölkəmizin Əmək Məcəlləsində işçilərin məzuniyyət hüquqları əksini tapıb və onların bu hüquqlarından istifadəsi məhdudlaşdırıla bilməz. Hər bir işçinin qanunvericilikdə nəzərdə tutulan məzuniyyət hüquqlarının pozulduğu hallarda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinə müraciət etmək hüququ var. Ötən dövrdə Xidmətə vətəndaş müraciətlərinin bir qismi də məzuniyyət hüquqlarının pozulması (o cümlədən məzuniyyətin verilməməsi, məzuniyyət vaxtı üçün işçiyə qanunvericilikdə nəzərdə tutulan qaydada ödənilməli olan vəsaitin məbləğinin düzgün hesablanmaması və s.) halları ilə əlaqədar olub. Bu müraciətlərin hər biri Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən diqqətlə araşdırılıb, məzuniyyət hüquqlarının pozulması halı aşkar edildiyi təqdirdə qanunvericiliyə uyğun şəkildə tədbirlər görülməklə həmin hüquqların bərpası təmin edilib. Eyni zamanda, bu tədbirlər çərçivəsində müvafiq işəgötürənlərə aidiyyəti üzrə hüquqi izahatlar verilib. Onu da diqqətinizə çatdırım ki, Xidmət tərəfindən işəgötürənlər arasında əmək qanunvericiliyi ilə bağlı ardıcıl şəkildə müxtəlif formalarda təbliğat-maarifləndirmə işləri də aparılır. Cari ildə də müvafiq Tədbirlər Planı əsasında bu işlər davam etdirilir və Planda işçilərin əmək məzuniyyəti hüquqları barədə də işəgötürənlərin iştirakı ilə tədbirlərin təşkili nəzərdə tutulub".
E.Babayev müxtəlif peşə sahiblərinin məzuniyyət günlərinin uzadılması məsələsinə toxunaraq bildirdi ki, Əmək Məcəlləsinin 5-ci bölməsində istirahət vaxtı və işçilərin məzuniyyət hüquqları haqqında ətraflı məlumat qeyd olunub:
"Burada, eyni zamanda, yeraltı işlərdə çalışan, əmək şəraiti zərərli və ağır, habelə əmək funksiyası yüksək həssaslıq, həyəcan, zehni və fiziki gərginliklə bağlı olan işçilərə əməyin şəraitinə və əmək funksiyasının xüsusiyyətlərinə görə əlavə məzuniyyətlər verilməsi, belə məzuniyyətlərin müddətləri də əksini tapıb. Milli qanunvericilikdə müəyyən olunan məzuniyyət müddətləri də beynəlxalq normalara uyğundur. Ona görə də hazırda müxtəlif peşə sahiblərinin məzuniyyət günlərinin uzadılması məsələsi müzakirə olunmur".
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !