Azərbaycanda partiya sədri həbs edilib

16:21 | 13.01.2022
Azərbaycanda partiya sədri həbs edilib

Azərbaycanda partiya sədri həbs edilib

Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev həbs edilib, bu barədə Yasamal Rayon Məhkəməsində qərar elan edilib.

Qərara əsasən, Əli Əliyev barəsində 5 ay həbs cəzası verilib.

Dövlət Sərhəd Xidmətinin (DSX) Mi-17 tipli helikopterinin Xızı ərazisində qəzaya uğraması nəticəsində yaralanan polkovnik-leytenant Emil Cəfərov və kapitan Ramin Ədilov VİP sədri Ə.Əliyevi xüsusi ittiham qaydasında məhkəməyə veriblər.

Zabitlərin şikayətinin motivi partiya sədrinin 2021-ci il dekabrın 9-da "Osmanqızı TV” yutub kanalında çıxışı zamanı helikopter qəzasından sağ çıxmağın mümkünsüzlüyü barəsində ehtimal üzərində səsləndirdiyi fikirlərdir.

Onlar məhkəməyə Əli Əliyevə qarşı Cinayət Məcəlləsinin 147.1-ci (Böhtan) maddəsinə uyğun olaraq xüsusi ittiham qaydasında şikayət ediblər. Şikayət ərizəsində Ə.Əliyevin 6 ay müddətinə azadlıqdan məhrum edilməsi istənilib.

DSX-nin hərbi helikopteri noyabrın 30-da Xızı rayonu ərazisində yerləşən "Qaraheybət” aviasiya poliqonunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğrayıb. Nəticədə 14 nəfər şəhid olub, 2 nəfər - polkovnik-leytenant Emil Cəfərov və kapitan Ramin Ədilov yaralanıb.

Faktla bağlı Baş Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin 352.2 (uçuş və ya uçuşa hazırlıq qaydalarını pozma ehtiyatsızlıqdan iki və ya daha çox şəxsin ölümünə səbəb olduqda) və digər maddələri ilə cinayət işi başlanıb.

Hazırda istintaq davam etdirilir.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM