Polislər həm təhlükəsizliyi qoruyacaq, həm də yarışacaqlar
Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşları İslamiada həm təhlükəsizliyi qoruyacaq, həm də yarışacaqlar.Yenilik.az-ın məlumatına görə, bu barədə DİN Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovnik-leytenantı İlham Babayev bildirib.
Şöbə rəisi qeyd edib: "İslam dünyası möhtəşəm idman bayramı ərəfəsindədir. Bir azdan ölkəmizin paytaxtında bütün müsəlman aləmi dostluq, qardaşlıq, sülh, əməkdaşlıq kimi yüksək dəyərləri özündə birləşdirəcək IV İslam Həmrəyliyi Oyunlarında bir araya gələcək. Dünyanın 57 ölkəsindən 3 mindən çox idmançının qatılacağı, 1 milyarddan çox tamaşaçı izləyicisi olacaq bu yarışlar ölkəmizi yenidən dünyanın diqqət mərkəzinə gətirəcək.
Azərbaycan bu tarixi hadisəyə həm də yeni-yeni uğurları, multikultural dəyərləri, dünya standartlarına uyğun idman infrastrukturu ilə yanaşı, həm də fiziki qüdrəti ilə də hazırdır. Bu nailiyyətlərin özəyində ölkəmizin iqtisadi qüdrəti, müasirliyi, mötəbər yarışlarda qazanılan, Azərbaycanı dünyaya həm də idman ölkəsi kimi tanıdan qələbələr dayanır”.
İ.Babayev qeyd edib ki, yarışlar zamanı önəmli olan məsələlərdən biri də təhlükəsizliyin qorunmasıdır: "Bu mühüm əhəmiyyətli beynəlxalq tədbir zamanı təhlükəsizlik məqsədi ilə daxili işlər orqanlarının 252-si qadın olmaqla 12 min əməkdaşı cəlb olunacaq. Onların hazırlığı, texniki təminatı üçün bütün zəruri tədbirlər görülüb”.
Ancaq onun sözlərinə görə, daxili işlər orqanları əməkdaşlarının İslamiadada iştirakı bununla məhdudlaşmır: "Adı dünyanın ən güclü idmançıları arasında çəkilən, məşğul olduqları idman növlərində yüksək nəticələr əldə etmiş idmançı əməkdaşlarımız və DİN İdman Cəmiyyətinin yetirmələri də bu yarışda qələbə uğrunda mübarizə aparacaqlar.
Yarışın proqramına daxil olan 21 idman növündə ölkəmiz 335 idmançı ilə təmsil olunacaq. Onların arasında daxili işlər orqanlarının və DİN İdman Cəmiyyətinin yetirmələrindən 14 idmançı – Olimpiya mükafatçısı, istefada olan mayor İradə Aşumova, zorxana güləşi üzrə dünya və Avropa çempionu, Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşı, polis serjantı Tural Əliyev, bir sıra beynəlxalq turnirlərin qalibi, Səbail Rayon Mühafizə İdarəsinin əməkdaşı, polis serjantı Reqina Meftaxetdinova və digər tanınmış idmançılar yarışın baş mükafatları uğrunda mübarizə aparacaq.
DİN Polis Akademiyasının Fiziki hazırlıq kafedrasının müəllimi, polis polkovnik-leytenantı Hicran Şərifov, Daxili Qoşunların giziri Könül Sultanova, Səbail Rayon Mühafizə İdarəsinin əməkdaşı, polis serjantı Telman Salayev isə dünyanın ən ünlü hakimləri kimi bu yarışlar zamanı ayrı-ayrı görüşləri idarə edəcəklər”
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !