Azərbaycanda qadın siyasətçilərin sayı niyə azdır? - Araşdırma

10:37 | 11.09.2024
Azərbaycanda qadın siyasətçilərin sayı niyə azdır? - Araşdırma

Azərbaycanda qadın siyasətçilərin sayı niyə azdır? - Araşdırma

Neftçala sakini olan Vəfa Nağı sentyabrın 1-də Azərbaycanda keçirilən növbədənkənar parlament seçkilərində iştirak edib. Onun fikrincə, qadın  olduğu üçün seçkilər gedişində kişilərin rastlaşmadığı problemlərlə üzləşib. Odur ki, Vəfa Nağı hesab edir ki, qadınların siyasətə soyuq yanaşması məhz buradan qaynaqlanır.  
 
"2019-cu il bələdiyyə seçkilərinə qatılmışam. Bu yaxınlarda parlament seçkilərində iştirak etdim. Qadın siyasətçi olduğum üçün gender zorakılığı ilə üzləşmişəm. Düşünürəm kişi olsaydım məni bu qədər hədəfə almazdılar. Haqqımda xoşagəlməz şayələr yaydılar. Bunlar hamısı qadın olmağım ilə bağlı idi. Hələ parlament seçkilərindən öncə də bu cür münasibətlə qarşılaşmışam. Amma bu reaksiyalara baxmayaraq siyasətdən getməyi düşünmürəm. Gələcəklə bağlı planlarımı isə hələ paylaşmaq istəmirəm", - o bildirib. 
 
Azərbaycanda qadın siyasətçilərin sayı az deyil...
 
Yeni Azərbaycan Partiyasnın namizədi deputat Məlahət İbrahimqızı isə bildirir ki, Azərbayanda qadın siyasətçilərin sayı elə də az deyil. 
 
"Deməzdim ki, Azərbaycanda qadın siyasətçilərin sayı azdır. Hər şey müqayisədə bilinir. Sovet dövründə demokratiya, söz azadlığı məhdud olduğundan hazırda o dövrdən qalan mirasla üzləşirik. Sadəcə kişilərdən fərqli olraq qadınlar arasında radikallıq olmayıb. Qadınlar hər zaman həmrəylik göstəriblər. Məsələn bir sıra partiyalar Qarabağ məsələsində radikal mövqe göstəriblər. Amma qadınlarda bunu görməmişik. Bu mənada qadınların siyasətdə rolunu kişilərdən bir qədər fərqləndirmək istəyərdim. Elə Avropada da qadınlar üstünlük təşkil etmirlər", - İbrahimqızı deyib. 
 
Deputat bildirir ki, qadınlar bəzi hallarda siyasəti ancaq vəzifə kimi başa düşür, nəticədə vəzifələrini itirəndə fəaliyyətlərini də dayandırırlar.  
 
"Bəzən qadınlar seçilmədikdə siyasətdən uzaqlaşır. Sanki həvəsdən düşürlər. Kişilərdə bu belə deyil. Onlar davamlı öz üzərlərində işləyirlər. Qadınlar siyasəti bir sənətə çevirlməlidir", - o söyləyib. 
 
Məlahət İbrahimqızı üzvü olduğu Yeni Azərbaycan Partiyasını nümunə gətirərək  söyləyib ki, YAP Azərbaycanda ən çox qadın üzvü olan partiyadır və bu digər partiyalara da nümunə olmalıdır. 
 
Diplomat olmaq istəyən qadınların sayı çoxdur...

Keçmiş xarici işlər naziri Elmar Məmmədyarov deyir ki, qadınların siyasətdə fəaliyyətini say baxımından kişilərdən azdır kimi qiymətləndirmək olmaz. 
 
"Xarici İşlər Nazirliyində fəaliyyətim dövründə diplomat qadınların sayı 50%-ə yaxın olub. Gender baxımından qadınlar siyasətlə məşğul olmada maraqlıdırlar. Siyasət elə bir sahədir ki, davamlı məşğul olmaq lazımdır. Buna həm də psixoloji cəhətdən hazır olmalısan. İndi qadınların siyasətdə aktivliyi az olmasının səbəbləri barədə tam fikir söyləyə  bilmərəm. Bunun fərqli səbəbləri ola bilər. Amma hesab edirəm zamanla bu məsələ yoluna düşəcək", - eks nazir söyləyib. 
 
Ölkədə qadın siyasətçi olmaq üçün bir çox problemlər həll edilməlidir...
  
Milli Məclisdə II, III, IV çağırış Milli Məclisin deputatı olmuş Gülər Əhmədova düşünür ki,  Azərbaycanda qadınların siyasətlə məşğul olması  üçün  bir çox sosial, mənəvi dəyərlərin  təşəkkül tapması şərtdir.
 
"Ən böyük  problem  azərbaycanlıların ümumbəşəri  dəyərlərinin aşırı materialistləşdirilmiş olması, insana, təbiətə, cəmiyyətə  qarşı istehlakçı münasibətidir. Eyni zamanda  insanların ciddi özgüvən və özgürlük  problemləri var. Ailə və təhsil institutları böyük  sürətlə korroziyaya  uğrayır. Həm valideynlər, həm də məktəb yetişən gənc nəslə biznes proyekt kimi yanaşır. 3-4 dil bilən, savadlı, lakin empati qurmağı bacarmayan, emosional  intellekti  çox zəif,  yalnız pul qazanmağa istiqamətləndirilmiş bir nəsil yetişdirilir.  Siyasətçi üçün  vacib olan cəsarət,güclü  nitq və xarizmatik liderlik  artıq  defisitdir. Ölkəmizdə  qadınların  aktiv siyasətlə məşğul  olmasını şərtləndirən  bir çox məsələlərlə bağlı Slandinaviya ailə və qadın standartlarına yaxınlaşmasaq, ciddi fərq görməyəcəyik", - Əhmədova vurğulayıb. 
 
Eks deputat söyləyir ki, önəmli və çox vacib olan məsələlərdən biri də qadınların real həyatda təsdiqlənməmiş hüquqlarıdır.
 
"Konstitusiya  və qanunla təsbit  olunmuş  hüquqlar bəzi hallarda normal, dünya standartlarına  uyğun  görünsə də, işləmə mexanizmləri çox zəifdir.  Ölkəmizdə qız uşaqlarının inkişafına yönəlmiş  proqramlar yerli- dili yoxdur. Anaların dövlət tərəfindən dəstək proqramları nəzərdə tutulmayıb. Ailə qurmuş istənilən gənc qadın uzun 10- 12 il ərzində özünüinkişaf prosesindən qoparılıb ki, bu da müasir  dövrdə istənilən  siyasətçi üçün  ciddi geriləmədir. İlk baxışdan adi görünən məsələlər qadınların siyasətlə məşğul  olması  üçün  ciddi  maneələr  yaradır. Ümumiyyətlə,  qonşu ölkələrin qadınlarının daha siyasi və inkişaf  etmiş olması xristian  faktoru ilə də bağlıdır", - Əhmədova əlavə edib. 
 
Azərbaycanda politoloji elmlərə maraq azdır... 
 
Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin üzvü, Daxili siyasətin təhlili Departamentinin müdiri Tahirə Allahyarova deyir ki, statisikalar ölkədə politoloji elmlər sahəsinin digər sahələrə nisbətdə az olduğunu göstərir. 

"Bunun bir çox səbəbləri ola bilər.  Onlardan biri 4-cü sənaye inqilabı, bilik iqtisadiyyatı,postrəqəmsal sivilizasiyanın formalaşması STEM ixtisaslara üstün verilməsidir. Digər səbəblərdən biri kimi-ümumilikdə ictimai-humanitar,o cümlədən politoloji elmdə qadınların sayının azlıığını bütövlükdə bu elm sahəsinin Azərbaycan üçün yeni olması, müstəqillikdən sonra formalaşması qeyd edilə bilər. Bu da hələlik siyasi elmin və analitik ənənənin dünya ilə müqayisədə hələ müəyyən mərhələ keçilməsi, politoloji məktəblərin formalaşmasının lazım olduğunu deməyə əsas verir. Ölkədə ümumiyyətlə nəinki qadın, habelə kişi politoloqların da saynın az olmasını sadəcə sadalanan statistikada deyil, medianı,efirləri izləməklə də görmək mümkündür. Adətən media mənsubları "eyni şəxslərin bütün mövzular üzrə, bütün efirlərdə”təhlillər verməsi kimi tendensiyanın formalaşmasından da xəbər verir", - Allahyarova bildirib. 
 
Departament müdiri bildirir ki, politoloji analitika,ekspertiza və konsaltinq bütün dünyada ən reytinqli sahələrdən birinə çevrilib.
 
"Azərbaycanda bu tendensiya, politoloji və analitik məhsul bazarı hələlik formalaşmayıb. Azərbaycanda bu günə qədər "siyasi konsaltinq xidməti”adlanan bir institut,dünyada çox inkişaf etmiş bu  fəaliyyətdən söhbət getmir. Halbuki, "qlobal seçki sunamisi” adlanan,  yüzdən çox ölkənin seçki marafonunun  keçdiyi cari ildə bu xidmətin öz peşə mənsublarına milyonlar qazandırması da sirr deyil. Bununla yanaşı, "siyasi konsaltinq xidməti” sahəsində ilk  təşkilatı təsis edən şəxsin qadın olub.  Yerli siyasi tədqiqatçı qadınlarımızın,vətəndaş cəmiyyəti təmsilçilərinin,ictimai birliklərin beynəlxalq platformalara çıxmasında bir sıra çətinliklər: qarşılıqlı əlaqələrin qurulması,      öz təşəbbüs, layihə və s. analitik məhsullarını çatdırması üçün çap, tərcümə, redaktə, nəşr məkanlarının müəyyən edilməsi,  maddi dəstəyin olmaması, politologiyanın çoxsaylı istiqamətləri üzrə  ümumilikdə profillər üzrə ixtisaslaşmış- peşəkar kadr qıtlığının və s. mövcudluğu əlavə edilə bilər. Sözü gedən sahə ilə bağlı etibarlı data baza,statistika da yox dərəcəsindədir", - ekspert əlavə edib.  

Allahyarova təklif edir ki, qadın politoloqların birgə platformalar, assosiasiyalar, klublar,f orumlar və s. formasında təşkilatlanması bu proseslərə təkan verən amil ola bilər.
 
Hazırda Azərbaycanda yüksək vəzifədə olan bir neçə qadınlar var: 
 
Onlardan:
 
Mehriban Əliyeva: Azərbaycanın Birinci Vitse-Prezidenti olan Mehriban Əliyeva ölkənin ən yüksək vəzifələrindən birini tutur. O, həm də Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini və Azərbaycanın Heydər Əliyev Fondunun Prezidenti olaraq, müxtəlif sosial və humanitar təşəbbüslərdə fəaldır.

Sahibə Qafarova:
Sahibə Qafarova 2020-ci ildən Azərbaycan Milli Məclisinin Sədridir. O, parlamentdə qadınların yüksək mövqelərdən birini tutur və ölkənin qanunvericilik prosesində mühüm rol oynayır.
 
Milli Məclisdə 21 qadın deputat var. 
 
Xarici İşlər Nazirliyində isə Azərbaycanı xaricdə təmsil edən iki qadın diplomat var. Onlardan biri Fransadakı səfir Leyla Abdullayeva, digəri Polşadakı səfir Nərgiz Qurbanovadır. 
 
Ölkə daxilində nazir postunda heç bir qadın vəzifə olaraq yer almayıb. İcra hakimiyyətləri başçısı arasında da hazırda qadın yoxdur. 
 
Siyasi partiyalar arasında sədri qadın olan partiyaya rast gəlmək mümkün deyil. Yalnız bir neçə partiyada İdarə Heyətində qadınların təmsilçiliyi mövcuddur. 
 
Azərbaycanda ilk və son siyasi partiya rəhbəri Lalə Şövkət olub. Lalə Şövkət 1993-cü il də iyulun 7-də Azərbaycanın dövlət katibi vəzifəsinə təyin edilib. 1994-cü ilin yanvarında istefa verib və ilk dəfə Azərbaycan tarixində ali dövlət vəzifəsindən könüllü istefa presedenti yaradıb. Dövlət katibi vəzifəsindən istefaya getdikdən sonra ona fövqəladə və səlahiyyətli səfir rütbəsi verilib və Azərbaycanın BMT-də daimi nümayəndəsi təyin edilib. Lakin bundan da imtina edib.

3 iyun 1995-ci ildə Lalə Şövkətin rəhbərliyi ilə Azərbaycan Liberal Partiyasının təsis konfransı keçirlib. Təsis konfransında Lalə Şövkət ALP-nin sədri seçilib. 7 iyun 2003-də partiya sədrliyindən istefa verib.

Azərbaycan Liberal Partiyası 24 iyun 2023-cü ildə özünü buraxdığını elan edib. 
 
Lalə Şövkətin qadın siyasətçisi kimi fikirlərini almaq istəsək də, bildiridi ki, artıq qadın siyasətçi 10 ildir mətbuata müsahibə vermir. 
 
Qadınların siyasətdə üstünlük təşkil etdiyi bəzi ölkələrin nümunələri var.  

İsveç: İsveçdə qadınların siyasətdəki rolu yüksəkdir. İsveç parlamentində qadınların nisbəti çox yüksəkdir və qadınlar hökumətin müxtəlif nazirliklərində mühüm vəzifələrdə çalışırlar. 2014-cü ildən etibarən İsveçdə qadın və kişi nazirliklərinin bərabər sayda olması prinsipinə riayət olunur.

Finlandiya: Finlandiyada qadınların siyasətdə iştirak çox yüksəkdir. 2019-cu ildən ölkənin Baş Naziri Sanna Marin qadındır və Finlandiya hökumətində qadınların sayı çoxdur. Finlandiyada gender bərabərliyi mövzusunda ciddi islahatlar həyata keçirilir.

Norveç: Norveçdə qadınların siyasətdə yüksək iştirakı var. Norveçdə qadınlar parlamentdə və hökumət vəzifələrində əhəmiyyətli mövqelərdə təmsil olunurlar. Norveçdə qadınların siyasətdə iştirakını təşviq edən qanunvericilik və təşəbbüslər mövcuddur.

Ruanda: Ruanda qadınların parlamentdə ən yüksək nisbətə malik olduğu ölkələrdən biridir. 2003-cü ildən etibarən, Rwandan parlamentində qadınların təmsilçiliyi 60% səviyyəsində olub, bu da Rwandanı qlobal miqyasda qadınların parlamentdə ən çox olduğu ölkə edir.

Yeni Zellandiya: Yeni Zellandiyada qadınların siyasətdə rolu əhəmiyyətlidir. Jacinda Ardern 2017-ci ildən 2023-cü ilə qədər Baş Nazir olub və Yeni Zelandiyada qadınların rəhbərlikdə mövqeyi güclüdür.

Kanada: Kanadada qadınların siyasətdəki rolu da artır. Justin Trudeau-nun rəhbərliyi altında hökumət qadınların bərabər şəkildə iştirakını təşviq etmək məqsədilə gender balanslı kabinet tərkibini yaradlb.

Bu ölkələrdə qadınların siyasətdə üstünlük təşkil etməsi, gender bərabərliyinin təşviq edilməsi və qadınların siyasi iştirakını artıran qanunvericilik və siyasətlərin tətbiq edilməsi ilə mümkün olub. Gender bərabərliyi və qadınların siyasətdəki rolu bu ölkələrin sosial və siyasi sistemlərində əhəmiyyətli dəyişikliklərə səbəb olub.

 
Gülnar Nazimqızı 

 
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti