Azərbaycanda qaza tətbiq olunan limit ləğv oluna bilərmi?

11:10 | 24.04.2019
Azərbaycanda qaza tətbiq olunan limit ləğv oluna bilərmi?

Azərbaycanda qaza tətbiq olunan limit ləğv oluna bilərmi?

Son günlər Azərbaycanda təbii qaza tətbiq olunan limitin artırılması və yaxud ümumiyyətlə, ləğv olunması ətrafında müzakirələr gedir.

Məsələ hətta Milli Məclisdə də qaldırılıb. Deputat Fazil Mustafa qaz limitinin artırılmasının vacibliyini önə çəkib və bildirib ki, deputatlar əhalidən bununla bağlı çoxsaylı müraciətlər alırlar.

Qazın limitinin ləğv edilməsi və limitsiz olaraq hər kubunun daha aşağı qiymətə, yəni 10 qəpiyə satılması mümkündürmü? 

Məsələ ilə bağlı iqtisadçı-ekspert Vüqar Bayramov açıqlama verib.

Onun sözlərinə görə, qiymətləndirmələr göstərir ki, mavi qazın qiymətinin aşağı salınması üçün iqtisadi əsaslar var:

"Azərbaycanda mavi qaz hasilatının artması bu enerji növünün daha ucuz qiymətə təklif edilməsinə imkan yaradır. Ötən il həm ölkəmizin hasil etdiyi mavi qazın həcmi artıb. 

Ölkəmizdə 30,490 min kub metr mavi qaz hasil edilib ki, bu da əvvəlki illə müqayisədə, 7 faizə yaxın çoxdur. 2017-ci ildə Azərbaycanda 28,597 min kub metr mavi qaz hasil olunmuşdu. 

Deməli, artan hasilat daha çox gəlir deməkdir və bu da limitlərin ləğvini mümkün edir. Hasilatın artması fonunda mavi qaz ilə bağlı limitinin ləğvi üçün iqtisadi əsaslar formalaşır”.

İqtisadçı manatın məzənnəsinə də toxunub. Qeyd edib ki, məzənnənin 2017-ci ilin fevralından sonra stabil qalması valyuta riski problemini aradan qaldırıb, bu da limitlərin ləğv edilməsinə iqtisadi əsas yaradır.

Digər məsələ isə Azərbaycanın qaz ixracatındakı artım tendensiyasının ölkəyə daha çox valyutanın daxil olmasına şərait yaratmasıdır ki, bu da əhaliyə daha ucuz qiymətə mavi qaz təklif etməyə imkan yaradır:

"Belə ki, ötən il Azərbaycan 7,9 milyard kubmetrdən çox təbii qaz ixrac edib. Bu 1,499 milyard dollar deməkdir. 2018-ci ildə ixrac edilən təbii qazın miqdarı 2017-ci ildən 4,7%, dəyəri isə 25,5% çox olub. 

Artım tempi bu ilin birinci rübündə də davam edib. 2019-cu ilin birinci rübündə qaz ixracı 2 milyard. 971 milyon kubmetr olub. 

Beləliklə, bu əvvəlki ilin uyğun dövrü ilə müqayisədə, 3,2 dəfə artım deməkdir.

Qaz satışından əldə etdiyimiz gəlir bu ilin ilk 3 ayında əvvəlki ilin uyğun dövrü ilə müqayisədə 2,5 dəfə artıb. Göründüyü kimi, həm ötən il, həm də geridə qoyduğumuz rübdə mavi qaz ixracatı və xarici satışdan əldə edilən gəlirdə ciddi artım var.

Ölkəyə daxil olan valyutanın həcminin artması fonunda əhaliyə satılan qazın qiymətində güzəştin tətbiq edilməsi üçün maliyyə bazası artıq formalaşıb”.

V.Bayramov deyib ki, mavi qaza müəyyənləşdirilən qiymət limitinin ləğv edilməsi sosial baxımdan da əhəmiyyətlidir.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM