Bu gün Bakı Biznes Mərkəzində Qlobal Sahibkarlıq Həftəsi çərçivəsində “Azərbaycanda kiçik sahibkarlığın inkişafı” adlı konfrans keçirilib.
ANN.Az xəbər verir ki, ABŞ-ın Azərbaycandakı səfirliyinin təşəbbüsü və ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) dəstəyi ilə təşkil olunmuş bu tədbirdə dövlət qurumlarının, ictimai birliklərin, beynəlxalq təşkilatların, səfirliklərin, beyin mərkəzlərinin və universitetlərin nümayəndələri iştirak edib. Konfransın açılışında çıxış edənlər Azərbaycanda qeyri-neft sektorunun inkişafı, iş yerlərinin açılması, iqtisadiyyatın daha da inkişafı üçün kiçik sahibkarlığın böyük önəm daşıdığını qeyd ediblər.
ABŞ-nın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Derek Hoqan konfrans iştirakçılarını salamlayaraq bildirib: “Ölkələr şəxslərə özlərinin səylərinə əsasən müvəffəqiyyət qazanmaq və ya müvəffəqiyyətsizliyə uğramaq, habelə öz uğurlarının bəhrəsini görmək şansı verdikdə, onlar həmin şansdan yararlanmaq istəyən minlərlər insan tapa bilər. Və həmin minlərlə insan fərdlər və cəmiyyət üçün daha böyük stabillik gətirən yollarla ölkəni yaxşılığa doğru dəyişə bilərlər. Sahibkarlıq məhz bundan ibarətdir.”
Dövlət qurumlarının, sahibkar birliklərinin, ictimai birliklərin və beyin mərkəzlərinin nümayəndələri Azərbaycanda kiçik sahibkarlığın inkişafı barədə fikirlərini bölüşdülər. Bundan başqa, bir sıra məsələlər üzrə, məsələn kiçik sahibkarıq üzrə dövlət agentliyinin yaradılması, kiçik sahibkarlıq subyektlərinin hüquqlarını müdafiə edən xüsusi ombudsman institutunun təsis edilməsi, mikro, kiçik və orta sahibkarlıq məvhumlarının dəqiqləşdirilməsi, fermer torpaqlarının qeydiyyatı prosedurlarının sadələşdirilməsi, rəqabətə davamlılıq səviyyəsinin yüksəldilməsi, Ümumdünya Ticarət Təşkilatına üzvlük və bir sıra qanunvericilik aktlarının təkmilləşdirilməsi məsələləri də müzakirə edilib.
USAID tərəfindən dəstəklənən “Azərbaycanda Kiçik Sahibkarlığın İnkişafına Dəstək” layihəsini həyata keçirən ictimai birliklər konsorsiumu (Sahibkarlığın və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondu, İqtisadi Tədqiqatlar Mərkəzi, İqtisadi Təşəbbüslərə Yardım Mərkəzi, Kiçik və Orta Müəssisələrin İnkişafına Yardım Mərkəzi, Xalça Dünya Assosiasiyası, Gələcəyə Körpü Gənclər təşkilatı) bütün bu məsələlər üzrə konkret təkliflər və tövsiyələr paketi hazırlamışdır. Konfransda səslənən rəylər nəzərə alınaraq bu tövsiyələrə müvafiq dəyişiklər ediləcək və bundan sonra təkliflər aidiyyatı olan dövlət qurumlarına təqdim ediləcək.
İdeyaları reallaşdıran, iqtisadi inkişafı irəli aparan və insanların rifahını yaxşılaşdıran yeni şirkətlər yaradan novatorlar və iş yerləri açanlar Qlobal Sahibkarlıq Həftəsini qeyd edirlər. Məqsəd müxtəlif tədbirlər vasitəsilə insanlara sahibkarlığın faydalarını sərgiləmək və onları özlərinin sahibkarlıq ideyalarını tədqiq etməyə ruhlandırmaqdır. Beş il ərzində Qlobal Sahibkarlıq Həftəsi əhatəsini 131 ölkəyə qədər genişləndirib və sonsuz tədbirlər vasitəsilə 25 milyona yaxın iştirakçı cəlb edib.
ANN.Az