Azərbaycanda qocalar evində yaşayanların sayı açıqlanıb - RƏSMİ

16:58 | 23.09.2021
Hazırda Azərbaycanda qocalar evində yaşayan ahılların sayı 180 nəfərdir, bu barədə anews.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Murad Həşimov məlumat verib. 

"Azərbaycanda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin ahıl şəxslər üçün yalnız bir sosial xidmət müəssisəsi fəaliyyət göstərir. Müəssisəyə özünəqulluq qabiliyyətini tamamilə və ya qismən itirmiş, digər müəssisə sakinlərinin həyat və sağlamlığına təhlükə yarada biləcək psixi və əqli pozuntusu və ya yoluxucu xəstəliyi olmayan, habelə qulluq və kömək edə biləcək əmək qabiliyyətli yaxın qohumları və ya qanuni nümayəndələri olmayan tənha ahıl şəxslər qəbul edilir. Qocalar evində vəfat edənlərin cənasəzi qohumları olduqları halda onlara təhvil verilir. Əgər vəfat edən ahıl şəxsin kimsəsi yoxdursa bu zaman dəfn xərcləri dövlət tərəfindən qarşılanır", deyə nazirliyin sözçüsü bildirib. 

Murad Həşimov pandemiya dövründə ahılların COVID-19 əleyhinə peyvəndlənməsindən  danışdı:
 
"Koronavirus (COVID-19) təhlükəsinin yarandığı ilk günlərdən etibarən Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarları ilə ölkəmizdə qəbul edilən bütün qaydalar bu müəssisədə də tətbiq edilib. Müəssisədə dövlət himayəsində yaşayan yaşlı, ahıl vətəndaşların infeksiyadan qorunmasına Heydər Əliyev Fondu tərəfindən xüsusi dəstək göstərilir. Fond tərəfindən bu müəssisəsiyə də dezinfeksiyaedici vasitələr, maskalar və digər qoruyucu vasitələr verilib. 
Müəssisədə mütəmadi dezinfeksiya işləri aparılır. Ahıl sakinlərin koronavirusdan qorunması, onların sağlamlığının etibarlı mühafizəsi təmin edilir. Sakinlər tez-tez müayinə olunur, onlara və işçi heyətə infeksiyadan qorunma qaydaları barədə məlumatlar verilir. Profilaktik tədbirlərin effektivliyinin yüksəldilməsi məqsədilə müəssisədə sanitar-gigiyenik vəziyyətə daim ciddi nəzarət olunur. Müəssisədə vaksinasiya prosesi də aparılıb, sakinlərə peyvəndin hər iki dozası vurulub",- deyə mətbuat katibi əlavə edib.
 
Gülnar Nazimqızı




www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

Tərəfdaşların xəbərləri

REKLAM