Komissiyadan Trend-ə verilən məlumata görə, imtahan Bakı şəhərində 2, Naxçıvan şəhərində isə 1 binada saat 11:00-da başlayacaq və 2 saat 30 dəqiqə ərzində aparılacaq.
İmtahanda namizədlərə ixtisas fənləri üzrə 100 test tapşırığı təqdim olunur və hər bir test tapşırığının düzgün cavabı 1 balla qiymətləndirilir, səhv cavablar namizədin imtahan nəticəsinə təsir göstərmir.
Müsabiqə baza və ixtisas fənlərindən toplanılan balların cəminə əsasən aparılır. Müsabiqədə iştirak etmək üçün namizədin baza fənləri üzrə imtahanda topladığı test balı 30-dan, ixtisas fənləri üzrə isə 50-dən az olmamalıdır.
Rezidentura səviyyəsinə ərizə qəbulu internet vasitəsilə 2015-ci il fevralın 16-dan 23-dək aparılıb və 1245 namizəd elektron ərizə doldurub təsdiq etmişdi. Onlardan 1001 nəfər imtahanın I mərhələsində (15 mart 2015-cü il) 30 və daha yüksək bal toplayaraq imtahanın II mərhələsində iştirak etmək hüququ qazanıb. İştirakçılardan 494 nəfəri cari ilin, 507 nəfəri isə əvvəlki illərin məzunudur. Onlardan 748 nəfəri qız, 253 nəfəri isə oğlanlardır. 852 namizəd Azərbaycan bölməsi, 149 namizəd isə rus bölməsi üzrə imtahan verəcək. Namizədlərin 11 nəfəri xarici ölkə vətəndaşıdır. Bakı şəhərində 976, Naxçıvan şəhərində isə 25 namizədin imtahan verəcəyi nəzərdə tutulur.
İmtahanların idarə olunması üçün 16 imtahan rəhbəri, 112 zal nəzarətçisi ayrılıb.
Rezidenturaya qəbul olunmaq üçün ixtisas seçimi iyulun 10-dan 14-dək aparılacaq. Namizədlər müəyyən olunmuş müddət ərzində elektron ərizələrinə daxil olaraq ali tibb təhsili istiqamətinə uyğun (bitirdiyi fakültəyə müvafiq) ixtisasları seçib təsdiq etməlidirlər.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !