Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti bildirir ki, martın 16-dan ölkəmizdə ilk dəfə olaraq vəhşi və sahibsiz heyvanlar arasında başlanan oral peyvəndləmə tədbiri yekunlaşıb.
50 min doza miqdarında olan quduzluq əleyhinə vaksin yerləşdirilmiş aldadıcı yemlər (primanka) meşə və meşəətrafı ərazilərdə vəhşi heyvanların vaxtaşırı keçib getdiyi yerlərə hər 50 metrdən bir, eləcə də sahibsiz itlərin çox olduğu ərazilərə atılıb.
Bununla yanaşı, Dövlət Xidməti sahibli və qeydiyyatda olan itlərin də peyvəndləmə tədbirlərini davam etdirir. Cari ilin 3 ayı ərzində 196761 baş itdə bu tədbir həyata keçirilib.
Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti onu da xatırladır ki, aparılan vaksinasiya tədbiri vəhşi və sahibsiz heyvanlarda quduzluğa qarşı immunitet yaradacaq və xəstəliyin qarşısı alınacaq.
Hal-hazırda qudzluq xəstəliyinə və digər iti yoluxucu xəstəliklərə görə respublikamızda epizootik vəziyyət tam nəzarətdə olmaqla sabitdir. Bu sabitliyi qoruyub saxlamaq üçün Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti lazımi tədbirlər həyata keçirir.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !