Azərbaycanda təhsil alan xarici vətəndaşlar da tibbi sığorta olunmalıdır. Bunu deputat Elnur Allahverdiyev parlamentdə çıxışı zamanı deyib.
"Gürcüstanda xarici tələbələrin təhsil zamanı tibbi sığortaya cəlb olunması praktikası var. Azərbaycanda isə bu sadəcə tövsiyə xarakterlidir. Yalnız qrant əsaslarla təhsil alanlar üçün 200 manat sığorta haqqı ödənir. Dünyada yayılan virusları, koronavirus kimi pandemiyaları nəzərə alsaq bu məsələyə baxmaq olar", - deputat aprelin 5-də Milli Məclisdə "Dərman vasitələri haqqında" qanuna münasibət bildirərkən söyləyib.
"Gürcüstanda xarici tələbələrin təhsil zamanı tibbi sığortaya cəlb olunması praktikası var. Azərbaycanda isə bu sadəcə tövsiyə xarakterlidir. Yalnız qrant əsaslarla təhsil alanlar üçün 200 manat sığorta haqqı ödənir. Dünyada yayılan virusları, koronavirus kimi pandemiyaları nəzərə alsaq bu məsələyə baxmaq olar", - deputat aprelin 5-də Milli Məclisdə "Dərman vasitələri haqqında" qanuna münasibət bildirərkən söyləyib.
Təhsil eksperti Elçin Əfəndi bildirir ki, xarici tələbələr üçün icbari tibbi sığorta tətbiq olunsa, bu bəzi problemlərə səbəb ola bilər.
"Əgər xaricdən gələn tələbələr qarşısında belə bir tələb qoysaq, bu əlbəttə bəzi problemlər yarada bilər. Çünki bizim məqsədimiz xarici tələbələri ölkəmizə cəlb etməkdir. Bunun üçün müəyyən proqramlar və layihələr həyata keçiririk. Buna maneə kimi baxıram. Belə bir təşəbbüslə çıxış etsək, xarici tələbələri itirə bilərik. Onsuz da onların sayı azdır. Bu təklif müraciətlərin sayını azalda bilər. Sığorta könüllülük prinsipi əsasında tətbiq oluna bilər. Xarici ölkələrdə bu tətbiq var. Ancaq xarici ölkələrin verdiyi təhsil, bizim bir neçə universitetimizdə var. Ümumilikdə 10 minə yaxın əcnəbi tələbə var. Biz indi onlardan müəyyən vəsait alacağıq deyə, əngəl qoymalı deyilik. Özləri razılıq verərlərsə mümkün ola bilər",- ekspert əlavə edib.
Sığorta üzrə ekspert İlkin İbrahimov bildirir ki, xaricdən Azərbaycana gələn tələbələr icbari tibbi sığorta yox, könüllü tibbi sığorta ilə bağlı sığorta təminatları ala bilərlər.
"Bu sığorta haqları icbari tibbi sığorta haqqından nisbətən baha olur. Amma keyfiyyət baxımından könüllü sığorta, icbari tibbi sığortadan daha keyfiyyətlidir. Yəni özəl tibb müəssisələrindən yararlana bilərlər. Bu daha yaxşı formadadır. Bundan başqa sığorta paketi müəyyən olunmalıdır. Bunu xüsusilə qanunvericiliyə salmaq, bununla bağlı tədbirlər görmək yersizdir. Könüllü tibbi sığortanın təminatları daha yaxşı formada olur. Ölkədə Azərbaycan vətəndaşları, vətəndaşlığı olmayan şəxslər və BMT-nin qaçqın statusu ilə gələn şəxslər icbari tibbi sığortadan yararlana bilir. Digər xarici ölkə vətəndaşları təəssüf ki, icbari tibbi sığortadan yararlana bilmir. Konkret olaraq, xaricdən ölkəmizə gələn tələbələr isə icbari tibbi sığorta yox, könüllü tibbi sığorta ilə bağlı sığorta təminatları ala bilərlər",- ekspert əlavə edib
İcbari Tibbi Sığorta Dövlət Agentliyindən sorğumuza cavab olaraq bildirilib ki, 2023-cü ildə əcnəbi tələbələrdən könüllü əsaslarla icbari sığortaya müraciət edən olmayıb.
Azərbaycan ali təhsil müəssisələrində 93 xarici ölkədən 7,7 min tələbə təhsil alır.
Bundan başqa, 2023-2024-cü tədris ilinin əvvəlinə xarici ölkələrdə dövlət xətti ilə təhsil alan tələbələrin sayı 997 nəfər təşkil edib. Xaricdə təhsil alan gənclərin 33,1 faizi Bakı, 66,9 faizi isə Azərbaycanın müxtəlif regionlarında yerləşən ali məktəblərin məzunlarıdır.
Bakı Dövlət Universitetinin bakalavr səviyyəsində 51, magistratura səviyyəsində 18, doktorantura səviyyəsində 7, hazırlıq kurslarına isə 51 nəfər olmaqla, ümumilikdə 127 nəfər əcnəbi vətəndaş qəbul olunub.
Ümumilikdə 2018-2023-cü illər çərçivəsində İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatına üzv dövlətlərin vətəndaşları üçün ayrılan 200-ə yaxın təqaüd proqramı çərçivəsində yerli təhsil müəssisələrində əcnəbi tələbələr bakalavriat, baza ali tibb təhsili, magistratura, rezidentura, doktorantura səviyyələri üzrə təhsil almaq hüququ əldə ediblər. Hökumətlərarası Təqaüd Proqramları (HTP) çərçivəsində cari tədris ilində Çin Xalq Respublikası, Qazaxıstan, Tacikistan və Macarıstandan olan 28 əcnəbi tələbə yerli ali təhsil müəssisələrində təhsil almaq hüququ qazanıb.
İstiqamət: 6.3.16. elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının hazırlanması;
Qeyd: Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi çərçivəsində hazırlanıb.
Aytac Zeynalova
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !