Azərbaycanda tələbə yataqxanaları nə vəziyyətdədir? - ARAŞDIRMA

19:07 | 08.09.2023
Azərbaycanda tələbə yataqxanaları nə vəziyyətdədir? - ARAŞDIRMA

Azərbaycanda tələbə yataqxanaları nə vəziyyətdədir? - ARAŞDIRMA

Hazırda Bakıda mövcud tələbə yataqxanalarının sayı çox azdır. Bir neçə ali məktəbdə bir neçə yüz nəfərlik yataqxana var. Lakin tələbələrin sayı getdikcə artır. Bunu Elm və Təhsil Naziri Emin Əmrullayev yeni tədris ili ilə bağlı keçirdiyi brifinqdə deyib. 

Həmçinin, Bakıda evlərin kirayə haqqı bahalaşdığından daha  çox tələbə universitetlərin yataqxanalarına üz çevirir. 

Ali təhsil müəssisələrində dərslərin başlamasına az müddət qaldığı üçün ölkənin müxtəlif bölgələrində yaşayan tələbələr kirayə mənzil tutmaq üçün Bakıya ügəlir.  

Kirayə evlərə tələbat çox  olduğundan uyğun qiymətə mənzil tapmaq tələbələr üçün elə də  asan deyil. 

Açıq internetdə olan araşdırmamıza əsasən, Bakının bəlli rayonlarında avqust-sentyabrda kirayə haqqı 20-30 faiz qalxıb. 

Hazırda universitetlərə yaxın rayonlarda 2-3 otaqlı və əşyalarla birlikdə kirayə verilən  evlərin qiyməti  400-650 manat arasında dəyişir. 

Təhsil  eksperti Kamran Əsədov  bildirir ki, kirayə evlərin bahalaşması və universitetlərdə yetəri sayıda yataqxanaların olmaması tələbələri çətin duruma salır. 

"İlk növbədə qeyd edim ki, artıq uzun illərdir ki, ali məktəbə qəbul olan tələbələrin problemi onların tələbə adı qazanması ilə bitmir, əksinə yeni və daha ciddi problemlər yaranmağa başlayır ki, onların da başında kirayə evlər və ya yataqxana problemi durur. Yeni tədris ilinə az müddət qalmasına baxmayaraq tələbələrin yataqxana problemi bu il də həllini tapa bilməyib. Düzdür, yeni açılmış ali məktəblərin müasir yataqxanaları var. Köhnə universitetlərdən bəziləri də öz yataqxanalarını təmir edib müasirləşdiriblər. Lakin yataqxanaya ehtiyac hər il olduğu kimi cari ildə də qalır. Bu məsələdə xarici təcrübədən bəhrələnmək lazımdır. Hansı ki, bunlardan biri də özəl yataqxana təcrübəsidir. Özəl yataqxana dünyanın müxtəlif ölkələrində var. Belə ki, həmin yataqxanalar pullu olsa da, kirayə mənzillərə nisbətən çox ucuzdur. Təhsil siyasətimiz təhsilin hər kəs üçün əlçatan olmasına yönəlib. Bu istiqamətdə addımlar da atılır. Məsələn, ali məktəbə qəbulda iki dəfə şans verilir, universitetlərin tərkibində hazırlıq kursları yaradılır. Bütün bunların hamısı təhsilin əlçatan olmasına xidmət edən addımlardır. Ancaq təhsilin əlçatan olması yalnız bilik verməklə bitmir”, - Kamran Əsədov söyləyib. 

Kamran Əsədov həmçinin qeyd edib ki, özəl yataqxanaların qurulması bir çox problemin həlli ola bilər. 

"Təhsil almaq üçün tələbəyə mühit də yaradılmalıdır. Sovet vaxtı tələbələrin böyük qismi yataqxana ilə təmin olunurdu. Bununla da kirayə haqqından azad olurdurlar. Amma məlum Qarabağ hadisələrindən sonra yataqxanalara qaçqın və məcburi-köçkünlər yerləşdirilirdi. Sonradan tələbə yataqxanası problemi özünü qabarıq şəkildə göstərməyə başladı. Nəzərə alaq ki, dünyanın məşhur universitetlərinin reytinqlərində ilk sırada olmamalarının səbəbi də tələbələr üçün yaradılan mühitdir. Dünyanın aparıcı üniversitetləri kampus şəraitində fəaliyyət göstərir. Kampus ayrıca xüsusi şəhərcikdir. Hansı ki, orada tələbələr yataqxana, tıxac, kitab problemi ilə üzləşmirlər. Hətta tələbələr həmin şəhərcikdə işləyib pul da qazana bilərlər. Kampus şəraitində tələbənin heç bir problemi ola bilməz. Kampusların tikilməsi bizdə də dəfələrlə gündəmə gəlib. Hətta şəhərin mərkəzində bəzi ali məktəblər üçün yataqxanaların tikilməsi nəzərdə tutulub. Eyni zamanda bir sıra universitetlərin şəhərdən kənara köçürülməsi gündəmə gəlib. Bu istiqamətdə işlər gedir. Ümumiyyətlə, təhsilin əlçatan olması abituriyentin ali məktəbə daxil olması ilə məhdudlaşdırıla bilməz. Odur ki, bu məsələ dövlət səviyyəsində həll olunmalıdır. Tələbənin əsas işi oxumaqdıq. Düşünürəm ki, iş adamları yataqxana tikib tələbələrin ixtiyarına verə bilər. Dövlətin də bu işdə onlara yardımçı olması lazımdır. Məsələn, torpaq sahələrini pulsuz verə bilər”, - Kamran Əsədov deyib. 

Təhsil eksperti Elçin Əfəndi də problemin tək həllinin yataqxanaların tikilməsində gördüyünü deyib.  

"Bizim universitetlərimiz yataqxanaları olmadığına görə reytinq siyahılarına da düşə bilmirlər. Reytinq siyahılarında, yataqxana olması və başqa bunun kimi xüsusiyyətlər vacibdir. Amma bizim 54 universitetlərdən əksəriyyətinin yataqxanası yoxdur. Amma bu yataqxanaların şəhərdə tikilməsi də bizim üçün böyük problem yaradacaq. Əgər tikinti olarsa, ilk olaraq şəhərdən kənarda tikilməlidir. Belə olduğu halda, həm şəhərdəki sıxlığın qarşısı alınar, həm də tələbələrin ev problemi  aradan qalxa bilər. Məncə, bu problemin həlli üçün yeganə yol yataqxanaların tikilməsi ya da məcburi köşkünlərin öz doğma torpaqlarına qayıtmasından sonra, mövcud olan universitet yataqxanalarında tələbələrin yerləşdirilməsinin həyata keçirilməsidir”, - Elçin Əfəndi açıqlayıb. 

Azərbaycan Tibb Universiteti, Azərbaycan Dillər Universiteti, Azərbaycan Dövlət Neft və Sənayə Universiteti, Bakı Dövlət Universiteti və Xəzər Universitetinin 200-300 tələbəlik qiymətləri 50-130 manat arası dəyişən yataqxanaları var. 

Azərbaycan Tibb Universitetində hazırda 4 yataqxana fəaliyyət göstərir. Universitetin 3 saylı yataqxanası isə təmir etdirilir. 1 və 2 saylı yataqxanada qızlar, 6 saylı yataqxanada oğlanlar, 5 saylı yataqxanada isə əcnəbi tələbələr yaşayırlar.

Tibb Universitetinin fəaliyyət göstərən 4 yataqxanasının ümumi tutumu 968 nəfərdir. Yataqxanalara qeydiyyat zamanı ilk olaraq qazi və şəhid ailələrinin üzvlərinə üstünlük verilir. Təhsil müəssisəsi çalışır ki, yerli tələbələrin hamısını yataqxana ilə təmin edə bilsin.

Azərbaycan Tibb Universitetində yerli tələbələrə yataqxana qiyməti aylıq 50-80 manat arası dəyişir.

Azərbaycan Dillər Universitetində qızlar üçün yataqxana fəaliyyət göstərir. Yataqxana 200-dən bir qədər çox tələbə tutumuna malikdir. Yataqxana daxilində tələbələr üçün kitabxana var. Onlar dərslərinə kitabxanada da hazırlaşa bilərlər. Yataqxanada bir nəfər üçün aylıq qiymət 20 manatdır. 

Azərbaycan Dövlət Neft və Sənayə Universitetində vaxtilə 7 binadan ibarət yataqxana kompleksi olub. Hazırda isə universitetin balansında olan köhnə yataqxanalardan bir bina fəaliyyət göstərir, həmin  bina qismən təmir olunub, istifadəyə verilib. Yataqxanada 320 nəfərlik yer var. Otaqlar 2 və 3 nəfərlikdir, hər otağın qiyməti 100 manat təşkil edir. Bu da 3 nəfərlik otaqlar üçün hər tələbəyə 35, 2 nəfərlik otaqlar üçün isə 50 manat ödəniş deməkdir. Yataqxanada yerli və əcnəbi tələbələr qalır.

Bakı Dövlət Universitetinin tələbə evi 220 nəfərlikdir. Yataqxanada hər bir şərait var. Çamaşırxana, internet, oxu zalı, idman sahəsi, tibb məntəqəsi, 24 saat təhlükəsizlik kameraları və s. Yataqxanadan universitetə qədər məsafə 1-2 dəqiqədir. Buraya tələbə yerləşdirmək üçün lazım olan məbləğ 1 nəfərə görə 75 manatdır.

Xəzər Universitetin 90 nəfər tələbə tutumuna malik yataqxanası var. Bu yataqxanaya əsasən xarici tələbələr, rayonlardan gələnlər və qızlar yerləşdirilir. 1 tələbə üçün yataqxana qiyməyi 90-130 manat arası dəyişir. Bu da otaqların 2, 3 və 4 nəfərlik olmasına görə müəyyən edilir. 

Azərbaycan Texniki Universiteti (AzTU), Azərbaycan Dövlət Memarlıq və İnşaat Universiteti (ADMİU), Azərbaycan Dövlət İqtisad Universitetinin (ADİU), tələbə evləri uzun illərdir, qaçqın və məcburi köçkünlərin məskunlaşması üçün istifadə olunur.
 
İstiqamət: 6.3.16. elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının hazırlanması;
Qeyd: Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi çərçivəsində hazırlanıb. 
 


Rabia Hale Seferoğlu
www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM