Azərbaycanda dövlət tələbələrə təhsil kreditləri niyə vermir? - ŞƏRHLƏR

09:28 | 17.07.2019
Son 5 il ərzində 7 min şəxs təhsil haqqını ödəyə bilmədiyi üçün ali təhsilini yarımçıq qoyub, ali təhsil almaqdan imtina edib.  Ölkəmizdəki təhsil ocaqlarının ixtisas üzrə ortalama təhsil haqqı 2 min manat təşkil edir. Bəzi ixtisaslar üzrə bu rəqəm 6500, 5000, 4500 manatdır ki, bu məbləğin də ödənilməsi hər ailənin gəlirlərinə uyğun deyil. Ölkədə fəaliyyət göstərən 50-dən çox ali təhsil müəssisəsində 160 mindən çox tələbə təhsil alır ki, onların da 70 faizi öz vəsaitləri hesabına, yəni ödənişli əsaslarla təhsil alır.
 
Bəs görəsən nə etmək lazımdır ki, ali məktəblərin ödənişli bölmələrinə daxil olan abituriyentlər valideynlərindən asılı olmayaraq öz təhsil haqlarını ödəyə bilsinlər?
 
Əvvəlcə gəlin beynəlxalq təcrübəyə nəzər yetirək. Demək olar , bütün inkişaf etmiş ölkələrdə öz vətəndaşları üçün təhsil kreditləri var. 

Məsələn Kanadada bu işi üzərinə dövlət götürüb. Belə ki, Kanada dövləti tələbələrə  güzəştli  kreditlər verir. Tələbələr dövlətlə müqavilə bağlayır. Uqaytarırlar. Bu, həm ölkədə təhsil səviyyəsinin artmasına səbəb olur, həm tələbələr yaxşı oxumağa çalışır ki, universiteti bitirəndən sonra yaxşı mütəxəssis kimi özlərinə iş tapa bilsin, həm də dövlət ölkə  universitetlərinə maddi dayaq olur.
 
Azərbaycanda  necə bu barədə düşünürlərmi?

Anews.az-a məsələni şərh edən Millət vəkili Şəmsəddin Hacıyev deyib ki, belə məsələlərdə Kanada kimi ciddi resurslara sahib, oturuşmuş dövlətlərlə müqayisə aparmaq düzgün deyil. 

Onun fikrincə, biz daha çox qonşu MDB ölkələrin nümunələrinə baxmalıyıq.



"Lakin bütün hallarda Azərbaycan da öz modelini hazırlayır. Artıq uzun müddətdir ki, təhsil kreditləri ilə bağlı parlamentdə  ciddi müzakirələr aparılır və qanun layihəsi demək olar ki, hazırdır. Maliyyə mənbəyi, faizlər, kimlərə və hansı əsaslarla verilməsi kimi bir neçə məsələ var ki, onlar da müzakirə edilməlidir. Bütün bu məsələlər də həll edildikdən sonra, çox güman  milli məclisin payız sessiyasında qanun layihəsi qəbul olunacaq”, - deyə millət vəkili Şəmsəddin Hacıyev bildirib.

Təhsil eksperti Kamran Əsədov deyir ki, bu, danılmaz faktdır ki, hazırda təhsil haqqını ödəməkdə çətinlik çəkən çoxlu tələbə  var. 

Onun sözlərinə görə, bu məsələdə xoşagəlməz məqam həm də ondan ibarətdir ki, ölkəmizdəki təhsil ocaqlarının ixtisas üzrə ortalama təhsil haqqı 2 min manat təşkil edir. Hətta bəzi ixtisaslar üzrə bu rəqəm 6500, 5000, 4300 manata çatır ki, bu məbləğin də ödənilməsi hər insan üçün asan deyil.



"Məhz buna görədir ki, son 5 il ərzində 7 min şəxs təhsil haqqını ödəyə bilmədiyi üçün ali təhsilini yarımçıq qoyub, ali təhsil almaqdan imtina edib.
Düzdür, ölkədə ödənişli əsaslarla təhsil alan tələbələrin təhsil haqlarının ödənilsi üçün 2015-ci ildə "Maarifçi” Kredit Fondu yaradılıb. Amma bu təşkilat cəmi 200 nəfər tələbəyə təhsil haqlarının ödənilməsi üçün güzəştli şərtlərlə kredit verib ki, bu da olduqca az rəqəmdir”, - deyə təhsil eksperti Kamran Əsədov bildirib.

Ekspert məsələ ilə bağlı öz təkliflərini də verir.

Onun sözlərinə görə, bu sahəyə iri şirkətlər, özəl sektorun nümayəndələri də qoşulmalıdır və özləri üçün lazım olan kadr potensialının gücləndirilməsində maraqlı mövqelərini ortaya qoymalıdırlar.

"Təəssüf ki, ali məktəbləri bitirmiş məzunların 42 faizi sonra işlə təmin olunur. Bu o deməkdir ki, təhsil krediti götürmüş tələbə potensial problemli kreditliyə çevriləcək. Bu gün ölkədə 3 milyondan çox şəxsin 4 milyard manat həcmində problemli kreditləri var. Bu o deməkdir ki, tələbələr əgər universiteti bitirdikdən sonra işlə təmin olunmasa onlar da bu siyahıya daxil olacaqlar”, - deyə Əsədov bildirib.

Bu məsələdə dövlət də öz dəstəyini verməlidir, lakin maliyyə naziri Samir Şərifov deyir ki, tələbələr kreditləri ödəmək istəmir. Mən hesab edirəm ki, nazirin təhsil kreditlərinə qarşı çıxması düzgün deyil.

Əsədov bildirib ki, konstitusiyaya görə maddi vəziyyətindən asılı olmayaraq, istedadlı şəxslərin təhsili davam etdirməsinə dövlət zəmanət verir. Hər bir vətəndaşın təhsil almaq hüququ vardır. Bunu dövlət təmin edir.

"Samir Şərifovun təhsil kreditlərinə qarşı çıxması düzgün yanaşma deyil.  Birincisi, Maliyyə Nazirliy onların ödəmə imkanında olması üçün konkret iş yerləri açılması üçün təkliflər verməlidir. İkincisi də,  konstitusiyaya görə maddi vəziyyətindən asılı olmayaraq istedadlı şəxslərin təhsili davam etdirməsinə dövlət zəmanət verir. Hər bir vətəndaşın təhsil almaq hüququ vardır. ABŞ-da da tələbələr verilən kreditləri ödəmirlər. Amma ABŞ hökuməti günahı özündə görür ki, mən o kredit verdiyimi işlə təmin edə bilməmişəm”, - deyə Kamran Əsədov bildirib.

Ekspert əlavə edib ki, yəqin ki, Cənab Nazir 165 min tələbədən 200 nəfərə kredit verilməsini böyük rəqəm kimi görür.

Onun sözlərinə görə, hal-hazırda 200 tələbəyə maarifçi kredit fondu güzəştli şərtlərlə kredit verib ki, bu da çox gülüncdür.

Əsədov qeyd edib ki, Azərbaycanda hal-hazırda tələbələrə güzəştli kreditlərin verilməsi mövcud deyil. Təkcə Maarifçi kredit təşkilatıdır o da özəldir və büdcəsi yoxdur.

"Hələlik dövlət tərəfindən müəyyən kateqoriyaya aid olan şəxslərin təhsil haqları büdcənin vəsaiti hesabına ödənilir. Yəni, Milli qəhrəman övladları, II qrup əlil olan gənclər, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olmuş vətəndaşların övladları, valideynlərini itirmiş, valideyn himayəsindən məhrum olmuş və ya internat məzunları olan gənclər, 1-ci qrup  əlil valideyni olan gənclər, hər iki valideyni əlil olan (I,II qrup) gənclərin təhsil haqları dövlət tərəfindən ödənilir ki, bu da, kredit deyil.

O ki qaldı özəl banklar tərəindən istehlak krediti formatında tələbələrə verilən kreditlər, onlar sadəcə olaraq reklam və cəlb edicilik üçündür”, - deyə təhsil eksperti bildirib.

Kamran Əsədov tələbələrə güzəştlərin tətbiq edilməməsindən də danışıb.

Onun sözlərinə görə, Azərbaycanda fəaliyyət göstərən 54 ali təhsil müəssisələrində təhsil alan 160 mindən çox tələbəyə hansısa güzəştlər tətbiq edilmir.

Eksper deyir ki, təssüflər olsun ki, Azərbaycanda fəaliyyət göstərən 54 ali təhsil müəssisələrində təhsil alan 160 mindən çox tələbəyə hansısa güzəştlər tətbiq edilmir. Halbuki dünya təcrübəsində tələbəyə nəqliyyat vasitələrindən istifadə etməkdən başlamış, geyim, restoranlar, kitab dükanlarında güzəştlər tətbiq edilir. Hətta qardaş Türkiyədə tələbələrə verilən yaşıl kart vasitəsilə onlar böyük əhəmiyyət kəsb edəcək dərəcədə güzəştlərə sahibidir.

İctimai fəal Bəxtiyar Hacıyev isə düşünür ki, dövlət birbaşa tələbələrə yox, universitetlərə yardım verməlidir.

Onun sözlərinə görə, hər il iş tapan məzun sayı, qiymət ortalaması, elmi məqalələrin sayı və digər göstəricilərdən asılı olaraq, hər universitetdə müəyyən sayda tələbənin təhsil haqqının ödənməsi üçün dövlət ayrıca vəsait ayırmalıdır, universitet isə öz növbəsində bu vəsaitin istedadlı tələbələrə yönləndirilməsində maraqlı olmalıdır ki, bu göstəricilər ildən-ilə yaxşılaşsın, hər il dövlətdən aldığı yardım daha da çox olsun, kəsilməsin.



"Bir çox xarici ölkələrdə təhsil haqqı yuxarı olan universitetlərdə istedadlı gənclərin təhsil almaqları üçün bir çox imkanlar mövcuddur ki, onları hələ ki, Azərbaycan təhsil sisteminə tətbiq etmək olmur. Bunun isə bir neçə səbəbi var. Birincisi, xaricdə, xüsusi ilə də ABŞ-da bankların tələbələrə təhsil kreditlərinin verməsi nisbətən asandır. Çünki, orada təhsil sadəcə diplomlu məzun yox, həm də mütəxəssis yetişdirir. Tələbə təhsil aldığı müddətdə müxtəlif qurumlarda, həmçinin, universitetin özündə təcrübə proqramlarında iştirak edərək, məzun olduqdan sonra məzunlardan məsul departamentinin dəstəyi ilə qısa zamanda yüksək məvacibli iş təklifləri alır. Təbii ki, banklar da belə şəxslərə kredit verməkdə maraqlı olur. Azərbaycanda isə əmək bazarı ilə təhsil sistemi arasında bağın olmaması, bir çox hallarda əmək bazarında tələb olmayan sahələr üzrə kifayət qədər çox sayda məzunun olması, universitetlərdəki təhsil səviyyəsinin aşağı olması onunla nəticələnir ki, minlərlə məzun öz sahəsində iş tapa bilmir. Yaxud tapdıqları işlər yüksək məvacibli olmur. Ona görə də banklar təhsil kreditləri verərək əlavə risklər götürmək istəmirlər” – deyə Bəxtiyar Hacıyev bildirib.

Hacıyev deyir ki, təhsil sahəsində ikinci problem isə universitetlərə, müəllimlərə və tələbələrə ayrılan pulların onların performansına görə yox, digər faktorlara görə bölünməsidir.

Onun sözlərinə görə, təhsilin maliyyələşməsində olan bu qüsura görə universitetə hər hansı səbəbdən ödənişli əsaslarla daxil olmuş tələbə nə qədər yaxşı təhsil alsa da, bütün qiymətləri əla olsa da, müxtəlif müsabiqələrdə uğur qazansa da, təhsil haqqından güzəşt ala, yaxud tam azad ola bilmir.

"Qərbdə bir çox universitetlərdə təhsil haqları yüksək olsa da, istedadlı və imkansız şəxslərin də təhsil alması üçün müxtəlif təqaüdlər mövcuddur. Həm universitetlərin yüksək göstəricilərə görə dövlətdən daha çox vəsait alması, həm istedadlı tələbələrin təhsil haqlarından azad olaraq, yüksək təqaüd alması təhsilin keyfiyyətinin artırılmasına töhfə verə bilər. İndiki halda isə universitet performansından asılı olmayaraq dövlətdən sabit vəsait alır, müəllimlər dərs keçdikləri tələbə sayı və digər göstəricilərdən asılı olmayaraq maaş alır və tələbələr dərs göstəricilərindən asılı olmayaraq, təhsil haqqı ödəməyə məcbur olurlar. Bu da keyfiyyətli təhsilə xüsusi marağın yaranmaması, hər il minlərlə, on minlərlə işsiz və diplomlu məzunun yetişməsi, onlara kredit verməkdən ehtiyatlanan bankların risk götürməməsi ilə nəticələnir ki, nəticədə istedadlı, amma imkansız bir çox gənc arzu etdiyi yerdə təhsil ala bilmir”, - deyə Bəxtiyar Hacıyev fikrini tamamlayıb.

Digər təhsil eksperti Nabatəli Qulamoğlu isə deyir ki, nə qədər bu məsələlər gündəm mövzusu olmayacaq, dövlətdən nəsə gözləmək sadəlöhvlükdür.
 
Onun sözlərinə görə, təəssüf ki, təhsil Azərbaycanda prioritet sahə deyil.



"Çox təəssüf ki, təhsil Azərbaycanda prioritet sahə deyil. Nə qədər bu məsələlər gündəm mövzusu olmayacaq, dövlətdən nəsə gözləmək sadəlöhvlükdür. Təpki olsa, nələrsə ola bilər” – deyə ekspert bildirib.

Ekspert deyir ki, ümumiyyətlə təhsil haqqlarında tələbələrə yardım məsələsinin iki xətti var. Bir dövlət xətti, bir də özəl xəttlər.

Ancaq ekspert düşünür ki, adətən dövlət bu məsələnin öhdəsindən gələ bilmir. Ona görə də, yük özəl sektora düşür.

"Mən bütün tələbələrə də bu yardımların verilməsinin əlehinəyəm. Xüsusi savadlı və yardıma ehtiyacı olan tələbələrə yardım edilməlidir. Xüsusən, özəl sektor bu işlərdə maraqlı olmalıdır. Biznesmenlər tələbələrlə müqavilələr bağlmalı və onların təhsil haqqlarını ödəməlidir ki, tələbələr kadr kimi formalaşsınlar”, - deyə ekspert bildirib.

Həzi 

www.anews.az
loading...