Azərbaycanda uşaqlar döyülməkdən xilas olacaqmı? - AÇIQLAMA

14:04 | 09.01.2014

Milli Məclisin sosial siyasət komitəsi “Uşaqların cismani cəzadan qorunması haqqında” qanun layihəsi hazırlayıb. Qanuna görə, Cinayət və İnzibati Xətalar məcəllələrinə əlavələr və dəyişikliklər ediləcək. Məqsəd polis, icma, ailə və digər yerlərdə uşaqlara qarşı hər hansı fiziki təzyiqin tətbiq edilməsinin qarşısını almaqdır.

ANN.Az-a açıqlamasında hüquq müdafiəçisi Novella Cəfəroğlu hazırlanan yeni qanunu təqdir etdiyini və bu addımın çoxdan atılmalı olduğunu bildirib.

O, açıqlamasında, nəinki 14 yaşına qədər, hətta 14 yaşından yuxarı yeniyetmələrin belə təzyiqə məruz qalmaması üçün müvafiq qanunun qəbulunun vacibliyinə diqqət çəkib: “Belə bir qanunun qəbul olunması ancaq təqdir olunmalıdır. Düşünürəm ki, nəinki 14 yaşına, hətta o yaşdan sonra belə uşaqları döymək olmaz. Mən İsraildə nəvələrimin yanına gedəndə dəcəllik etdiklərinə görə onların üstünə qışqırdım. Üç və beş yaşındakı hər iki nəvəm yan-yana dayanıb “Üstümüzə qışqırma, polisi çağırarıq, səni cərimə edər” dedilər. Orda bağçadan başlamış məktəbə qədər uşaqları bu istiqamətdə maarifləndirirlər. Nəinki döymək, hətta qışqırmaq belə qadağandır. Əgər bir evdən səs-küy gələrsə, qonşular polisə müraciət edir və onlar cərimələnirlər. Azərbaycanda belə bir qanunun qəbul olunması çox əhəmiyyətlidir. Bu, nəinki valideynlərə, hətta bağçalarda, məktəblərdə müəllimlərin özlərini düzgün apara bilməsinə təsir edər. Döyməklə, qışqırmaqla uşaq tərbiyə olunmaz. Buna görə də belə qanun qəbul olunsa, uşaqların tərbiyəsinə də müsbət təsir edəcək” - deyə N.Cəfəroğlu bildirib.

Seymur

ANN.Az 

loading...