"Multimedia" İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüzün sözlərinə görə, Azərbaycanda təhlükəsiz internet tətbiqini aktiv etməyən provayderlər cərimə olunmalı və Nəqliyyat Rabitə Yüksək Texnologiyalar Nazirliyi(NRYTN), Ailə,Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə birgə bu sahədə ciddi monitorinqlər aparmalıdır.
"Hər bir vətəndaş bu qanunun qüvvədə olmasından istifadə edərək abunəçisi olduğu provayderdən təhlükəsiz internet tələb etməlidir. Provayder şirkəti bu xidməti qanuna uyğun olaraq verməyə məcburdur. Əgər həmin şirkət bu xidməti verə bilmirsə qanunu pozur. Mövcud qanunvericiliyə görə ölkədə fəaliyyət göstərən bütün provayderlər NRYTN-də qeydiyyatdadır və ölkədəki bütün provayderlərin xidməti və fəaliyyəti haqqında nazirlikdə məlumat var. Buna görə də nazirliyin bu mövzuda monitorinq keçirməyə tam haqqı var. Təhlükəsiz interneti təmin edə bilməyən provayder şirkətləri üçün gələcəkdə cərimələr tətbiq oluna bilər. Bu kifayət qədər ciddi problemdir. Rəqəmsal savadı olan valideynlər müəyyən üsullardan istifadə edərək uşaqlarını bu təhlükədən uzaq tuta bilir. Lakin rayonda yaşayan rəqəmsal savadı olmayanları nəzərə alıb problemin artığını görmək olar. Aidiyyatı qurumlar paralel şəkildə bu mövzunu diqqətdə saxlamalı və müsbət nəticələr əldə olunması üçün nəsə etməlidir. Beynəlxalq təcrübədə uşaqların təhlükəsiz internetdən istifadəsinə xüsusi diqqət yetirilir. Hələ bir neçə il öncə Avropa ölkələrində, eləcə də inkişaf etmiş ölkələrdə bu problem demək olar ki həll olunub",- deyə Osman Gündüz qeyd edib.
Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin şöbə müdiri Elgün Səfərov isə bildirib ki, "kidsafe.az" mobil tətbiqinin yaradılmasına qədər uşaqların təhlükəsiz internetdən istifadəsi ilə bağlı komitə 2016-2017-ci illərdə kiçik təhlillər aparılıb. "Kidsafe.az" tətbiqinin yaradılmasında məqsəd uşaqların təhlükəsiz internetdən istifadəsi,eləcə də valideynlərin nəzarət etməsi üçün nəzərdə tutulan platformadır. Hazırda bu platformadan 50 mindən çox valideyn istifadə edir.
"2022-ci ildə Ailə Qadın və Uşaq problemləri üzrə Dövlət Komissiyası tərəfindən yeni mobil tətbiqin yaradılması nəzərdə tutulub. Yeni tətbiqin adı "SOS" olacaq. Bu tətbiq vasitəsilə bütün risk altında olan və zorakılığa məruz qalan vətəndaşlar, eləcə də uşaqlara proqram vasitəsilə dəstək durulacaq. Dövlət Komitəsi internet şəbəkələri vasitəsilə uşaqların qorunması ilə bağlı DİN və NYRTN ilə əməkdaşlığını mütəmadi şəkildə aparır. Gündəlik olaraq sosial şəbəkələrdə baş verən hadisələrin təhlil və monitoriqnlərini həyata keçirir" - Elgün Səfərov bildirib.
Nəqliyyat Rabitə Yüksək Texnologiyalar Nazirliyindən uşaqların təhlükəsizlik internetdən istifadəsinə münasibət olaraq bildirilib ki, ölkədə qanun tətbiq olunsa da bu xidmətdən istifadə etmək məcburi deyil.
"Filterlənmiş internet demək olar ki, bütün provayderlərdə var. Sadəcə abonentlər bu xidmətdən istifadə etmək istəmirlər və bu xidmətin aktiv edilməsi üçün müraciət edən də yoxdur. NYTRN Azərbaycanda fəaliyyət göstərən provayderlərdə təhlükəsiz internetlə bağlı hər hansı monitorinq aparmır. Yalnız dövlət nəzarətində olan provayderlərdə və mobil operatorlarda bu xidmət təmin olunub. Hər hansı abonent bu xidmətdən istifadə üçün müraciət zamanı problemlə qarşılaşarsa bizə müraciət edə bilər. Bu zaman nazirlik həmin provayderdə xidmətin niyə olmamasını araşdıra bilər. İndiyə qədər nazirliyə bununla bağlı hər hansı şikayət daxil olmayıb. Qanunla provayderlərin bizdən heç bir asıllığı yoxdur. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən 2010-cu ildən "Təhlükəsiz internet günü” ilə bağlı aidiyyəti dövlət qurumları, qeyri-hökumət təşkilatları, vətəndaş cəmiyyəti və internet ictimaiyyətinin nümayəndələrinin məruzəçi və dinləyici qismində iştirakı ilə, habelə gənclər və uşaqların aktiv şəkildə cəlb edilməsi ilə maarifləndirici tədbirlər keçirilir. Bakı şəhərində 20-dən artıq park və ictimai yerlərdə pulsuz internet xidməti təqdim edilir. Bu xidmət də zərərli kontentdən təmizlənmiş internetdir", deyə nazirliyin sözçüsü əlavə edib.
Ailə, qadın və uşaq məsələləri komitəsi sədri Hicran Hüseynovnın sözlərinə görə uşaqların təhlükəsiz internetdən istifadəsi ilə bağlı qanun 1 ildən çoxdur qüvvəyə minməsinə baxmayaraq, qanun haqqında məlumat kifayət qədər təbliğ olunmur.
"Valideyn nəzarəti olmadan və lazımi qaydada istifadə edilməyən müasir texnologiyaların uşaqlara mənfi təsirləri daha böyük olur. Bəzən valideyn fikirləşir ki, övladı qonşu otaqda oturub və təhlükəsizlikdədir. Lakin davamlı olaraq müasir texnologiyadan istifadə edən uşaqların hansı təhlükə ilə üz-üzə qaldığına valideyn bəlkə də dərindən fikir vermir. Texnologiya qarşısında çox vaxt keçirən uşaqların görmə problemi yaranır, fiziki inkişafdan qalır, oturaq vəziyyətdə daha çox olduğu üçün immun sistemi zəifləyir. Həmçinin uşaqların psixoloji problemləri yaranır. Belə ki, uşaq informasiyadan asılı olur, real ünsiyyətdən qaçır, virtual ünsiyyətə meyl göstərir, özünün digər qabiliyyətlərini inkişaf etdirmir, təhsildən geri qalır. Ən təhlükəli vəziyyət isə uşaqların zərərli informasiyanın təsiri altına düşməsidir. Onlar psixoloji baxımdan daim gərginlik yaşayır və çox asanlıqla cinayətkarların təsirinə düşürlər. Araşdırmalar göstərir ki, dünyada internetlərindən istifadə edən istifadəçilərin 50 faizi 8-15 yaşlı uşaqlardır. Onların hər 5 nəfərindən biri cinayətkarların qurbanına çevrilir. Eyni zamanda, uşaqlar üçün ifrat dərəcədə zərərli ola bilən, arzu olunmayan informasiyalara isə qəddarlığı təbliğ edən oyunlar aiddir. Artıq dünyanın bir çox alim və tədqiqatşıları, psixoloqları da qeyd edir ki, internet asılılığı artıq sosial və psixi problemə çevrilmişdir. Alimlər xüsusilə kompüter oyunları və internetin uşaqlarda beyinin inkişafını ləngitdiyini ortaya çıxarıb. Məsələn, ABŞ Milli Səhiyyə İnstitutunun mütəxəssisləri bunun üçün 4 min 400-ə yaxın uşağı müayinədən keçirib. Maqnit-rezonans tomoqrafiya müayinəsinin nəticələri kəllə-beyin qabığının (daxil olan siqnallara reaksiya verən və intellektual inkişafa cavab verən ən həssas beyin hissəsi) nazikləşdiyini təsdiqləyib. Nəzərə alsaq ki, COVİD-19 pandemiyası dövründə müasir texnologiyalardan istifadə və asılılq daha da çoxalıb,o zaman bu problemin və təhlükənin miqyası da da artdığını görə bilərik. Ona görə də digər dövlətlərdə olduğu kimi, Azərbaycanda da "Uşaqların zərərli informasiyadan qorunması haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilib. Bu uşaqların yaşına uyğun informasiya əldə etmək hüququnun həyata keçirilməsi ilə əlaqədar olaraq uşaqların onlar üçün zərərli informasiyadan qorunması tədbirlərini müəyyən edir və bu sahədə yaranan münasibətləri tənzimləyir. Artıq 1 ildir ki, Qanun quvvəyə minib və bu Qanunun icrası üçün də qaydalar təsdiqlənmiş və müvadiq dövlət qurumlarının vəzifə və öhdəlikləri müəyyən olunmuşdur. Lakin hələ də Qanun haqqında məlumat kifayət qədər təbliğ olunmur. Bununla bağlı, Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsində müxtəlif müzakirələr aparılıb. Təhlillər də onu göstərir ki, valideynlərin maariflənməsi çox vacibdir. Bu istiqamətdə həm valideynlərin, həm də təhsil təşkilatlarının üzərinə məsuliyyət düşür. Və bu mövzuda ailə üzərinə düşəni etməli, övladlarının internetdən doğru istifadəsini təmin etməlidir. Təhsil təşkilatları, müvafiq QHT isə internetin faydaları, doğru internet istifadəsi və s. mövzularda məlumatlandırıcı işlər görməlidir. Valideyn- övlad münasibətlərinin düzgün formalaşması istiqamətində məlumatlandırma və maarifləndirmə işləri daha da gücləndirilməlidir. Qanunun tətbiqi ilə bağlı mütəmadi monitorinqlər aparılmalı və qiymətləndirmə əsasında tədbirlər həyata keçirilməlidir”, deyə millət vəkili əlavə edib.
Avropa Təhlükəsiz İnternet Mərkəzləri şəbəkəsi "İNSAFE” tərəfindən 2004-cü ildə beynəlxalq "Təhlükəsiz İnternet Günü” təsis edilib. Hər il fevral ayının 2-ci həftəsinin 2-ci günü müxtəlif şüarlar altında dünyanın yüzdən çox ölkəsində beynəlxalq "Təhlükəsiz internet günü” ilə bağlı maarifləndirmə xarakterli tədbirlər keçirilir. Bu ilin şüarı "Birlikdə daha yaxşı internet üçün” ("Together for the better internet”) olub. Azərbaycanda uşaqların internetdən təhlükəsiz istifadəsi ilə bağlı 1 yanvarın 2020-ci il "Uşaqların zərərli informasiyadan qorunması haqqında" qanun qəbul olunub.
Gülnar Nazimqızı
6.3.13. İnformasiya və kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi.
QEYD: Yazı Medianın İnkişaf Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !