BMT-nin Uşaq Fondunun (UNICEF) Azərbaycan Nümayəndəliyi və Səhiyyə Nazirliyinin bu gün təqdim etdiyi hesabat göstərir ki, son illərdə uşaqların əksər qidalanma göstəricilərində irəliləyiş əldə olunmuşdur.
Milli Qidalanma Sorğusu uşaqlar, hamilə olan və olmayan qadınların qidalanma və sağlamlıq vəziyyətinin qiymətləndirilməsi məqsədilə UNICEF tərəfindən, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi və Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin tərəfdaşlığı ilə 2013-cü ilin Fevral- Aprel ayları arasında həyata keçirilmişdir. Tədqiqatın tərkib hissəsi kimi 3,926 ev təsərrüfatında müsahibələr müvəffəqiyyətlə başa çatdırılmışdır. Ümumilikdə 3,351 qadın və 1,455 uşaq tədqiqatda iştirak etmişdir.
Öncəki tədqiqatlarla müqayisədə bu sorğu, uşaqların əksər qidalanma göstəricilərində müsbətə doğru inkişafın olduğunu göstərmişdir. 0-59 aylıq uşaqlar arasında qısaboyluluq göstəricisi 25.1%-dən (Demoqrafik Sağlamlıq Sorğusu-DSS 2006) 2013-cü ildə 18% -ə, boya görə çəkinin az olması göstəricisi 6.6%-dən (DSS 2011) 3.1%-ə və yaşa görə çəkinin az olması göstəricisi 6.5%-dən (DSS 2011) 4.9%-ə düşmüşdür. Uşaqların yalnız 10%-də zink çatışmazlığı və 8%-də vitamin A çatışmazlığı müşahidə olunmuşdur. 0-59 aylıq uşaqlar arasında anemiyanın yayılma göstəricisi 44.4%-dən (DSS 2011) 24.2%-ə qədər azalmışdır.
Nailiyyətlərlə bərabər sorğu uşaq və qadınların qidalanma göstəricilərində daha yüksək nailiyyətlər əldə etmək üçün səylərin artırılması tələb olunan sahələri də müəyyən etmişdir. Anemiyanın hamilə və hamilə olmayan qadınlar, eləcə də uşaqlar arasında yüksək yayılma səviyyəsi ictimai narahatlıq doğuran məsələ olaraq qalır. Hamilə qadınların 40% -də hamilə olmayan qadınların 38% -də tədqiqat zamanı anemiya müəyyən edilmişdir. Anemiyası olan qadınların 62.8% -də həmçinin dəmir çatışmazlığı aşkar edilmişdir. Hamilə olmayan qadınların 35 və 20%-də müvafiq olaraq fol turşusu və Vit.B12 çatışmazlığı müəyyən edilmişdir.
"Qadın və uşaqların qidalanma vəziyyətinin yaxşılaşdırılması sahəsində göstərdiyi səylərə görə Səhiyyə Nazirliyi və Azərbaycan HökumətiniI alqışlamaq istəyirəm. Eyni zamanda ümid edirəm ki, anemiyanın aradan qaldırılması və müstəsna olaraq ana südü ilə qidalandırma davranışlarının geniş yayılması üçün
müvafiq tədbirlər görüləcəkdir.” UNICEF-in Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Andro Şilakadze qeys etdi.
"Hamilə qadınlarda anemiya olması və müstəsna olaraq ana südü ilə qidalandırmama uşaqlar arasında xəstələnmə və ölüm hallarının yüksəlməsinə səbəb olur. Dünya təcrübəsi sübut etmişdir ki, unun dəmirlə zənginləşdirilməsi dəmir çatışmazlığı və anemiya ilə mübarizə aparmağın ən səmərəli və ucuz yoludur və mən inanıram ki, yüz minlərlə qadın və uşaqların sağlamlığını yaxşılaşdırmaq üçün bölgənin sürətlə inkişaf edən iqtisadiyyatına malik Azərbaycan tezliklə istifadə olunan bütün unun dəmir və digər həyati vacib mikroelementlərlə zənginləşdirilməsini təmin edəcəkdir.”
Ana südü ilə qidalandırma və az yaşlı uşaqların əlavə qidalandırılması təcrübəsinin əhəmiyyətli dərəcədə yaxşılaşdırılmasına ehtiyac vardır. 6 aya qədər körpələrin yalnız 12%-i müstəsna olaraq ana südü ilə qidalandırılmışdır, 1 yaşına çatmış uşaqların yarısından az hissəsinə ana südü verilməsi davam etdirilmişdir. 6-23 aylıq uşaqların 54%-i tövsiyə olunan minimal qida müxtəlifliyinə, 58%-i minimal qidalanma tezliyinə əsasən və yalnız 22%-i minimal məqbul qida rasionuna uyğun şəkildə qidalandırılmışlar. Sorğunun nəticələri əsasında proqramla və gərəkən araşdırmalarla bağlı müxtəlif tövsiyələr hazırlanmışdır. Əhalinin dəmir mikroelementi ilə qidalanma vəziyyətini yaxşılaşdırmaq və gələcək dəmir çatışmazlığı hallarının qarşısını almaq üçün buğda ununun zənginləşdirilməsi; ÜST və Səhiyyə Nazirliyi tərəfindən hazırlanmış rəhbərlik və təlimatların əsasında müvafiq səhiyyə işçiləri və valideynlər arasında körpə və az yaşlı uşaqların qidalandırılması üzrə təlim kampaniyalarının keçirilməsi tövsiyələr arasındadır.
Sorğunun nəticələrindən irəli gələn bir sıra tövsiyələr artıq "Ana və uşaqların sağlamlığının yaxşılaşdırılmasına dair 2014-2020-ci illər üçün Dövlət Proqramı”nda öz əksini tapmışdır.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !