Azərbaycanda hamilə qadınlara sistemli nəzarətin aparılması məqsədilə vahid elektron registrin yaradılması nəzərdə tutulub.
"Report" xəbər verir ki, registrin yaradılması "Ana və uşaqların sağlamlığının yaxşılaşdırılmasına dair 2014-2020-ci illər üçün Dövlət Proqramı"nın həyata keçirilməsi işləri üzrə Səhiyyə Nazirliyinin Tədbirlər Planında yer alıb.
Nazirlikdən bildirilib ki, Vaksinlər və İmmunlaşdırma üzrə Qlobal Alyansın (VİQA) dəstəyi ilə "Azərbaycanda Səhiyyə Sisteminin Gücləndirilməsi" layihəsi çərçivəsində "Hamilə Qadınların Elektron Reyestri"nin işlənib hazırlanması və tətbiqi həyata keçirilir.
Bununla əlaqədar, Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) monitorinq, qiymətləndirmə və idarəetmə qərarlarının qəbul edilməsi üçün hamilə qadınların elektron reyestrinin istifadəsinə dair seminar keçirilib.
İSİM-in direktoru Ceyhun Məmmədov bildirib ki, layihənin məqsədi ana, uşaq və körpələr arasında ölüm hallarının və xəstəliklərin əsas səbəblərinin aradan qaldırılması və profilaktikasının yaxşılaşdırılmasıdır: "Ana və uşaq sağlamlığı xidmətlərinin daha keyfiyyətli monitorinqi üçün səhiyyə məlumat sisteminin gücləndirilməsi məqsədilə layihə çərçivəsində bir sıra işlər görülüb, "Uşağın İmmunizasiya Pasportu" elektron modulu təkmilləşdirilib, 103 və 106 formalarının proqram təminatı yeniləşdirilib, hamilə qadınların elektron reyestri yaradılıb".
Azərbaycanda hamilələrin reyestri mövzusunda çıxış edən Səhiyyə Nazirliyinin nümayəndəsi Təhminə Tağızadə bildirib ki, hamilələrin reyestri – hamilənin qadın məsləhətxanasında qeydiyyatdan keçdiyi vaxtdan hamiləliyin sonuna qədər olan vəziyyəti barədə vacib məlumatların toplanıldığı, qeydə alındığı və saxlanıldığı bazadır.
Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun elmi katibi Leyla Məmmədova Azərbaycanda hamilələrin reyestrinin təşkili konsepsiyası haqqında ətraflı məlumat verib. O deyib ki, minilliyin inkişaf məqsədlərindən 3-ü səhiyyə məsələlərinə yönəldilib: "Bu məqsədlərdən irəli gələrək ana və uşaq sağlamlığının qorunması istiqamətində bir sıra sənədlər, konsepsiyalar və klinik protokollar hazırlanıb. Görülən tədbirlər sayəsində Azərbaycanda 2006-cı illə müqayisədə ana ölümü üzrə göstəricilər 3 dəfə azalıb".
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !