Azərbaycanda valideyn-övlad ünsiyyəti hansı formadadır? - KÖŞƏ

15:14 | 21.11.2013
Azərbaycanda valideyn-övlad ünsiyyəti hansı formadadır? - KÖŞƏ

Azərbaycanda valideyn-övlad ünsiyyəti hansı formadadır? - KÖŞƏ

L.Qasımova

Hərdən küçədə avara-avara gəzən uşaqları görəndə özün-özünə sual edirəm: bəs bunların valideynləri hardadır, nə işlə məşğuldurlar?

 

Güman etmək olar ki, belə uşaqların ataları işdədir və ya istirahət günlərində digər problemlərlə məşğuldur, anaları isə çoxlu teleseriallara baxırlar, rəfiqələriylə çay içirlər və telefonda saatlarla qohumlarıyla danışırlar.

Adətən, əksər ailələrdə belə olur: ata səhər işə gedir, uşaqlar hələ yatırlar, atalar axşam evə gələndə uşaqlar yenə də yatırlar.

Səhər ərini işə yola salarkən, qadınlar uşaqları küçəyə yollayırlar, özləri isə ya paltar yumağa, ya da ev təmizləməyə başlayır, başları işə o qədər qarışır ki, övladlarının həyətdə nə işlə məşğul olmaları ilə maraqlanmağı yaddam çıxarırlar.

Ev işlərini bitirən ana nəhayət ki, həyətə çıxır. Yorğun qadın uşağı ilə maraqlanmaq əvəzinə skamyada oturur, tum çırtlamağa başlayır və qonşularla dedi-qoduya başlayır. Bu zaman uşaq qumda, suda əlləşir, digər həmyaşıdlarıyla daşlaşır, ağacların budaqlarını qırır, pişiklərlə oynayır və ya futbol oynayır.

Amma əksər valideynlər anlamırlar ki, bu cür diqqətsizliyin axırı pis qurtara bilər. Uşağın başına daş dəyər, o, ağaca dırmaşarkən, yıxılıb harasınısa sındırar. Yaxud ayaqları islanar və xəstələnə bilər. Amma görünür ki, bəzi bivec anaları bu hallar çox da həyəcanlandırmır. 

Bəs əgər uşaq məktəblidirsə, onda dərsləri hazırlamaqda kim ona kömək edir? Əgər valideynlərin təhsili varsa, onlar məsələni həll etməyə, teoremi izah etməyə, inşa yazmaqda kömək etməyə qadirdilər. Amma əgər ana və ya ata vaxtilə pis təhsil alıblarsa, bəs onda? Sözsüz ki, belə ailələrdə valideyn öz uşaqlarına yardım edə bilməyəcək.

Azərbaycanda uşaqların öz valideynləri ilə istirahət etmək adəti varmı? Təcrübə göstərir ki, bu adət yeni-yeni yaranmağa başlayır. Bəs bu adətin gedib çatmadığı ailələrdə vəziyyət necədir? Təəssüf ki, istirahət və bayram günləri ata evdə darıxır və buna görə də evdən çıxmaq üçün bir bəhanə axtarır. Çayxanaya və ya kafeyə getmək üçün, dostlara, qohumlara zəng edir. O, vaxtını uşaqlara və arvadına həsr etməkdənsə, qarajda keçirməyi üstün tutar. Axı onun heç ağlına da gəlməz ki, birlikdə parka, teatra və ya sərgiyə getsinlər.

Ana isə uşaqları ilə birgə yaxın qohumuna qonaq gedib istirahət ehtiyacını ödəyir. 

Uşaqların nəzarətsiz qaldığı yerlərdən biri də Azərbaycan toylarıdır. Bu mənzərə yəqin ki, hər kəsə tanışdır: uşaqlar şadlıq evinin o başından bu başına qaçır, bir-birini itələyib yıxır, yaxud meydanda oynayan böyüklərin ayaqlarına dolaşır və sairə...

Mən uşaqların toyda iştirak etməsinin əleyhinə deyiləm. Problem ondadır ki, bəzi analar öz övladlarına şənliklərdə, qonaqlıqlarda, ümumiyyətlə, toplu arasında özünü necə aparmağı aşılamalı, kimlə necə danışmağı başa salmalı və öytərməlidirlər ki, mənim oğlum, yaxud qızım digər yaşıdları üçün nümunə olmalıdır.

Azərbaycanda bir çox valideynlər hələ də anlamırlar ki, övladlarını hələ balaca ikən cəmiyyətə, həyata hazırlamaq lazımdır. Uşağın üslubunu və zövqünü inkişaf etdirmək lazımdır. Valideynlər uşaqları üçün düzgün oyun seçməlidirlər ki, onlar inkişaf etsinlər, idraklı olsunlar və heç bir halda «Playstation»də maşın yarışlarına və atışmalara aludə olmasınlar.

 

Uşaq ta kiçik yaşlarından yalnız "mən istəyirəm" kəlməsini deyil, həm də "mən etməliyəm" kəlməsini bilməlidir. Uşaqları, həmçinin də oğlanları, öz otağını təmizləməkdən, heç olmasa öz qab-qacağını yumaqdan, məhsul almaq üçün dükana və ya bazara getməkdən uzaq saxlamaq lazım deyil. Uşaq ona öyrəşməlidir ki, həyatda nəyəsə nail olmaq üçün, oxumaq və işləmək lazımdır.

Uşaqlarımızı necə tərbiyə etsək, onlar elə o cür də olacaqlar. Və əgər onlar özünü qeyri-adekvat aparsalar, bunun günahkarı biz valideynlər olacağıq.

Həyatda ən vacib və qiymətli dəyər - ailədir! Əvvəl sənin doğulduğun ailə, sonra isə - sənin yaratdığın ailə!

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM