İşlənmiş qaz tullantıları ilə bağlı qalmaqaldan sonra Almaniyanın avtomobil nəqliyyatına nəzarət qurumu (KBA) Volkswagen şirkətinə 2.4 milyon avtomobilin çağrılmasını əmr edib.
Bu arada Volkswagen Bakı Mərkəzi Azərbaycanda çağrılmaların gözlənilmədiyini bildirir.
Almaniya mətbuatına əsasən Volkswagen problemli avtomobillərin könüllü şəkildə servislərə təhvil verilməsi barədə təşəbbüs irəli sürüb. Hərçənd bu təklif KBA tərəfindən rədd edilib.
Bundan əvvəl ABŞ ətraf mühitin qorunması qurumu Volkswagen maşınlarının bəzi modellərində işlənmiş qaz tullantısı testi nəticələrinin saxta olduğunu güman etməyə əsas verən nəticələr əldə edib.
Volkswagen ABŞ-da satılmış 5000-dək avtomobilini geri çağırıb. Bununla yanaşı konsern milyardlarla dollarlıq cərimələrlə üzləşə bilər.
"Hələ ki, bizdə olan məlumat budur ki, araşdırmalar davam edir. Rəsmi müraciət etsələr, məlumatı verəcəyik. Hazırkı mərhələdə çağrılmalar gözlənilmir”, - Volkswagen Bakı Mərkəzindən BBC Azərbaycancaya bildiriblər.
"Problem 2012 ci ilə qədər istehsal olunmuş 77 kilovat gücündə, 1.6 litr həcmi olan dizel mühərrikli avtomobillərə aiddir. Bunlar isə şirkət tərəfindən Azərbaycana idxal olunmayıb. Şəxsi adamların gətirdiyi avtomobillərə nəzarət etmirik. Ola bilsin ki, belə avtomobillər var”.
Bu arada İtaliyada polis iddia edilən fırıldaqçılıq işilə bağlı Volkswagen və Lamborghini şirkətlərinin yerli ofislərinə reyd edib. //bbc.com/azeri
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !