Bakı-Qazax dəmir yolunun 150-ci kilometrliyində, Hacıqabul rayonun Qarasu kəndi ərazisində yük qatarının relsdən çıxması nəticəsində 5 vaqon aşıb.ANN.Az-ın FHN-nin saytına istinadən verdiyi məlumata görə, Hacıqabul rayonunun Qarasu dəmiryol stansiyası yaxınlığında Bakı-Ucar marşrutu ilə hərəkət edən yük qatarının 5 vaqonu və hər birinin tutumu 60 ton olan 2 sisterni relsdən çıxıb.Nəticədə 2 sistern aşıb, təxminən 500-600 kv.m sahəyə dizel yanacağı dağılıb. Sisternlərdən birinin qapağında mazut qalıqları yanıb. Dərhal yanğının qarşısı yanğınsöndürənlər tərəfindən alınıb, ərazidə təhlükəsizlik tədbirləri görülüb.Hal-hazırda müvafiq qurumlar tərəfindən qəzanın nəticələrinin aradan qaldırılması istiqamətində müvafiq tədbirlər görülür. “Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədovun ANS PRESS-ə verdiyi məlumata görə, qəza nəticəsində Gəncə istiqamətində qatarlarının hərəkətində məhdudiyyətlər yaranıb. Lakin hazırda həmin istiqamətə sərnişin qatarlarının hərəkəti bərpa olunub. Yük qatarlarının hərəkəti isə yaxın saatlarda bərpa olunacaq.İlkin ehtimala görə, qəzanın baş verməsinə texniki nasazlıq səbəb olub. Lakin dəqiq səbəblər ekspertlərin apardığı araşdırmalardan sonra məlum olacaq. Hazırda dəymiş ziyan hesablanıb.Faktla bağlı araşdırma aparılır. ANN.Az