Azərbaycanda özəl sektorun cəlb olunmuş maliyyə resursları ilə bağlı məcmu borc öhdəlikləri hazırda təxminən 7,014 mlrd. ABŞ dollarına bərabərdir.
"Report"un analitik qrupu xəbər verir ki, hazırda bu məbləğ 7 013 755 151 dollar ekvivalentindədir. Həmin məbləğin təxminən 10%-i (772,3 mln. manat) milli valyutada ifadə olunub.
Qalan hissə isə (6 277,2 mln. dollar) xarici valyutada nominal olunan kənar borclanmanın payına düşür.
Qeyd edək ki, bu borc məbləğinə vergi öhdəlikləri aid edilmir.
Xatırladaq ki, Maliyyə Nazirliyinin məlumatına əsasən, 1 yanvar 2015-ci il tarixinə Azərbaycanın xarici dövlət borcu 6 478,2 mln. ABŞ dolları, xarici dövlət borcunun ÜDM-ə nisbəti 8,6% təşkil edib. Bu borcun 9,9%-i SDR (Beynəlxalq Valyuta Fondunun Xüsusi Borcalma Hüquqları), 64,8%-i ABŞ dolları, 21,4%-i avro, 2,1%-i yapon yeni, 0,7%-i İslam dinarı, 0,5%-i BƏƏ dirhəmi, 0,4%-i Səudiyyə rialı, 0,2%-i Küveyt dinarının payına düşüb.
Əsasən Dünya Bankı, Asiya İnkişaf Bankı, İslam İnkişaf Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyi və digər beynəlxalq maliyyə qurumlarından cəlb edilmiş vəsaitlər iqtisadi islahatlar proqramlarının dəstəklənməsi, infrastrukturun bərpası və yenidən qurulması, habelə yol tikintisi, regionların su təchizatının yaxşılaşdırılması, dəmir yolu nəqliyyatı xidmətlərinin təkmilləşdirilməsi, sənaye və s. sahələrə istifadə edilib.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !