Yaxın günlərdə roman tayfaları (qaraçılar) ilə bağlı tədqiqatlara başlanılacaq. Roman tayfalarından olan uşaqların statistikası araşdırılacaq, onların gündəlik yaşam tərzi, problemləri öyrəniləcək.
Bu barədə virtualaz.org saytına Azərbaycan Uşaqlar Birliyinin rəhbəri Kəmalə Ağazadə məlumat verib.
Hüquq müdafiəçisinin sözlərinə görə, artıq qaraçılarla bağlı xüsusi qaydaların tətbiq olunmasına ehtiyac yaranıb: "Hazırda küçədə yaşayan uşaqların əksəriyyəti qaraçılardır. Onlar xırda oğurluq, soyğunçuluq törədirlər. Təəssüf ki, qaraçı uşaqlarının dəqiq sayı bəlli deyil. Ən böyük problem isə bu uşaqlara qarşı edilən zorakılıqdır. Yüz illərdir dilənməklə yaşayan qaraçı tayfaları ilə bağlı xüsusi qaydaların tətbiqinə ehtiyac yaranıb”.
K.Ağazadə deyir ki, təşkilatın sığınacağına gətirilən qaraçı uşaqları valideynləri tərəfindən dilənçiliyə sövq edildiklərini bildirirlər: "Bu uşaqların sənədləri qaydasında olmadığından onlara hüquqi yardım göstərilməsində çətinliklərlə qarşılaşırıq”.
Təşkilat rəhbəri onu da dedi ki, hazırda sığınacaq evində 20 azyaşlı məskunlaşıb: "9 aylıqdan 18 yaşadək olan bu uşaqların hamısı problemli ailələrdə doğulub. Onların əksəriyyəti polis əməkdaşları tərəfindən saxlanılaraq sığınacağa yerləşdirilib. Ötən gün daha bir azyaşlı anası ilə birgə gətirilib. Qadının psixoloji durumu normal deyil”.
Tədqiqatların nəticələri bəlli olandan sonra qaraçılarla bağlı təkliflər hazırlanacaq.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !