Ərzaq məhsullarının qiymətinin artmasının əsas səbəbi istehlak bazarının inhisarda olması ilə əlaqədardır - bunu ANN.Az-a açıqlamasında iqtisadçı ekspert Oqtay Haqverdiyev deyib.
Sosial şəbəkələrdə süni qiymət artımı barədə yazılan yazılara, çəkilən fotolara və paytaxt sakinlərinin bahalaşma ilə əlaqədar şikayətlərinə əsaslanıb deyə bilərik ki, son iki - üç gündə paytaxtda ərzaq məhsullarının qiymətində artım var. Süni qiymət artımı ən çox yağ, süd, toyuq əti və.s kimi ərzaq məhsullarında hiss olunur.
Sosial şəbəkədə qiymət artımı ilə bağlı fotolar da paylaşılıb. Məsələn əvvəllər 5-6 manata alınan kolbasının hal-hazırkı qiyməti 17 manat olub.
Qiymət artımı ilə əlaqədar iqtisadçı ekspert Oqtay Haqverdiyevin fikirlərini öyrəndik.
Ekspert həmçinin dünya ölkələrində valyuta məzənnələrinin aşağı düşməsi, iqtisadi böhranın genişlənməsinin səbəbi və s. məsələlərə toxunub.
Son 3-4 gün ərzində ərzaq məhsullarının süni şəkildə bahalaşması probleminə münasibət bildirən ekpsert qeyd edib ki, səbəb istehlak bazarının inhisarda olması ilə bağlıdır: "Yəni bütün bazarların başında bir nəfər dayanır. İstehlak olunan mallara bir nəfər nəzarət edir, o şəxs də istədiyi qiyməti deyir və nəticədə də məhsulların qiymətində artım olur. Baxmayaraq ki, Çində (Milli valyuta - yunanın məzənnəsinin kəskin sürətdə aşağı düşməsi), Qazaxıstanda (milli valyutanın 36% devalvasiya olunması), Türkiyədə (dolların məzənnəsinin yüksəlməsi. Hal- hazırda 1-dollar 3-liraya bərabərdir) və digər dünya ölkələrində bu cür iqtisadi böhran ərəfəsindədir, yəni məhsulların qiyməti ucuzlaşır və ölkəyə gətirilən məhsullar da daha ucuz qiymətə alınır. Amma bizdə qiymətlər əksinə, daha da bahalaşır. Belə olan halda ölkəyə məhsul gətirənlər bu vəziyyətdə iki qat gəlir əldə etmiş olurlar".
Ekspertin sözlərinə görə, dünya ölkələrinin valyuta sistemində baş verən bu cür dəyişikliklər, yəni ayrı-ayrı ölkələrin milli valyutalarının öz dəyərini itirməsinin yalnız bir səbəbi var: "Dünyada baş verən iqtisadi böhran. Bu ölkələr içərisində yalnız ABŞ-da 2.5 faiz iqtisadi irəliləyiş var. Digər ölkələrdə iqtisadi artımdan söz elə gedə bilməz”.
Mütəxəssis daha sonra digər ölkələrin milli valyutalarının dəyərinin itirməsini şərh edərkən bildirib: "O ölkələrdə ki, valyuta buraxılıb, yəni liberallaşdırılıb, onların milli valyutaları real qiymətinə çatana qədər aşağı, yuxarı dəyişəcək. Amma bir çox ölkələrdə bu proses tənzimlənir. Misal olaraq, Azərbaycanın özündə bu proses tənzimlənir. Bundan başqa Çin, Qazaxıstanda da vəziyyət bu şəkildədir. Yəni bu ölkələrdə Mərkəzi Bank valyuta məzənnəsinə nəzarət edir. Çinin özündə hər il iqtisadi inşikafın artım tempi 7-8 faiz olurdusa, hazırda bu rəqəm 4-5 faizdir. Bu rəqəmin özü bu qədər böyük ölkə üçün ağır zərbədir”.
İqtisadçı ekspert sonda vurğulayıb ki, dünya ölklərinin bazar iqtisadiyyatında olduğu kimi bizdə də bazarlarda rəqabət olsa, qiymət artımı olmaz: "Bizim bazar iqtisadiyyatında rəqabət yoxdur".
Orxan Aslanlı
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !