"Azərbaycandan alınacaq qazın qiymətinin aşağı salınması mümkün deyil"

17:47 | 16.02.2015

"Azərbaycandan alınacaq qazın qiymətinin aşağı salınması mümkün deyil"

"Bu, qəbul edilən beynəlxalq təcrübənin tələblərinə uyğun gəlmir"

 "Yunanıstanın Trans-Adriatik qaz kəməri (TAP) layihəsi çərçivəsində Azərbaycandan alacağı qazın satış qiymətinin aşağı salınması kimsə istəsə belə, mümkün deyil".

ANN.Az "APA-Economics”ə istinadən xəbər verir ki, bunu jurnalistlərə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) sərmayələr və marketinq üzrə vitse-prezidenti Elşad Nəsirov bildirib.

"Bu, qəbul edilən beynəlxalq təcrübənin tələblərinə uyğun gəlmir. Yunanıstanla 25 il müddətinə müqavilə bağlanılıb. Müqaviləyə görə tərəflər qazın alış və ya satış qiymətinin dəyişdirilməsi ilə bağlı danışıqların aparılması mümkünlüyü barədə müddəalar var. Bu da bazar vəziyyətində kəskin dəyişiklərin olduğu zaman baş verən bilər. Amma bu proses qazın tədarükündən sonra baş tuta bilər. Yunanıstan tərəfi hələlik qaz almadığı üçün hər hansı qiymətin dəyişdirilməsindən söhbət gedə bilməz", - deyə E. Nəsirov bildirib.

Vitse-prezident deyib ki, bundan başqa, qazın qiymətinin düşməsi nə Yunanıstan, nə Azərbaycan, nə də ki SOCAR-dan asılı deyil: "Qiymətlə bağlı müqavilə Yunanıstan şirkəti ilə Yunanıstana qaz tədarük edəcək 7 şirkətin daxil olduğu konsorsium tərəfindən imzalanıb. Bununla bağlı mexanizm Yunanıstan tərəfi və qazı tədarük edəcək və danışıqları həyata keçirən qrup tərəfindən işlənilib. Müqavilə imzalandıqdan sonra bu qrup öz fəaliyyətinə xitam verib. Məhz buna görə, qazın qiymətin aşağı salınması ilə bağlı danışıqları aparılacaq heç bir tərəf yoxdur”.

E. Nəsirov Yunanıstan tərəfinin Azərbaycan qazını TAP layihəsi çərçivəsində nəql ediləcəyi tranzit haqlarının artımı ilə bağlı irəli sürdüyü tələbə də aydınlıq gətirib. O bildirib ki, bu məsələ birbaşa Avropa İttifaqına ünvanlanacaq məsələdir, lakin "Avropa İttifaqının şərtlərinə uyğun deyil".

O qeyd edib ki, bütün bu şərtlərin qarşılığında SOCAR-ın Yunanıstan tərəfindən əsas tələbi tədarük ediləcək təbii qaza görə vaxtında ödənişin edilməsi və kəmərin tikintisinin gecikməməsidir.

E. Nəsirovun sözlərinə görə, SOCAR mütəmadi olaraq Yunanıstanın yeni hökuməti ilə əlaqədədir: "Əgər Yunanıstan iqtisadiyyatı TAP-ın mövcudluğundan daha intensiv templərlə inkişaf edəcəksə, biz bu layihəyə istənilən dəstəyimizi verməyə hazırıq”.

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM