Təkcə qardaş ölkə Türkiyəyə ötən il Azərbaycandan mühacirət edənlərin sayı 40 min nəfərə yaxındır. Onlardan 7300-dən çoxu bu ölkədə daimi məskunlaşıb, yəni həmişəlik gedib. Bu barədə Türkiyənin Miqrasiya Xidmətinin açıqladığı hesabatda deyilir. Hesabata əsasən Türkiyədə yaşamaq icazəsi alan xarici ölkə vətəndaşlarının sayı 423 min nəfərə yaxındır. Ötən il Türkiyədə yaşamaq icazəsi alanların sayı əvvəlki ilə nisbətən 9 faiz artıb. Türkiyədə yaşamaq icazəsi alanlar arasında İraq vətəndaşları birinci yerdədir, onların sayı 56 min nəfərə yaxındır. Suriya vətəndaşları isə 49 min nəfər olmaqla ikinci yerdədir. Azərbaycan vətəndaşları iraqlılardan və suriyalılardan sonra Türkiyədə yaşamaq icazəsi alan xaricilər arasında üçüncüdür. Onların sayı 39 min 200 nəfərə yaxındır.
Hesabatda göstərilir ki, Türkiyəyə mühacirət edən Azərbaycan vətəndaşlarından 7 min 377 nəfəri bu ölkədə ailələri ilə birlikdə uzunmüddətli yaşayış icazəsi alıb. Belələrinin sayına görə Azərbaycan vətəndaşları birinci yerdədir. Azərbaycandan gedənlərin 10 min 528 nəfəri isə təhsil almaq üçün yaşayış icazəsi alıb. Hesabata görə 5 min 102 Azərbaycan vətəndaşı Türkiyədən "insani səbəblərlə və insan ticarəti qurbanı kimi” uzunmüddətli yaşamaq icazəsi alıb.
2015-ci ilin statistikasına əsasən, 1557 nəfər Azərbaycanı tərk edərək daimi yaşamaq üçün başqa ölkəyə gedib. Dövlət Statistika Komitəsinin rəsmi məlumatına görə, onlardan 1394 nəfəri MDB ölkələrinə, 163 nəfəri isə digər xarici ölkələrə üz tutub. 2015-ci ildə 20 nəfər ABŞ-a, 17 nəfər Almaniyaya, 52 nəfər Belarusa, 1 nəfər Estoniyaya, 17 nəfər Gürcüstana, 3 nəfər İsrailə, 482 nəfər Qazaxıstana, 10 nəfər Qırğızıstana, 1 nəfər Latviyaya, 9 nəfər Moldovaya, 20 nəfər Özbəkistana, 782 nəfər Rusiyaya, 66 nəfər Türkiyəyə, 17 nəfər Türkmənistana, 22 nəfər Ukraynaya, 38 nəfər isə digər ölkələrə gedib. 2010-2011-ci illərdə isə 4 min 359 azərbaycanlı ölkəni tərk edib.
UNİCEF-in Azərbaycanı tərk edən vətəndaşlarla bağlı hazırladığı hesabata görə 1990-cı ildə 7 min 217 nəfər ölkəni tərk edib ki, onlardan 3 min 535 kişi, 3 min 681-i isə qadın olub. 2000-ci ildə isə bu rəqəm bir az da artaraq 8 min 118 nəfər olub ki onlardan 3 min 966-sı kişi, 4 min 151-i isə qadın olub. 2010-cu ildə isə bu rəqəm 9 min 95 nəfər olub ki, onlardan 4 min 510-u kişi, 4 min 585-i isə qadın olub. 2013-cü ildə isə ümumilikdə Azərbaycanı tərk edənlərin sayı 9 min 413 nəfər olub. Ötən illərdən fərqli olaraq qeyd olunan dönəmdə Azərbaycanı tərk edənlər sırasında qadınlar üstünlük təşkil edib. Onlardan 4 min 736-sı qadın, 4 min 678-i isə kişi olub. Qeyd olunan dövrlərdə Azərbaycandan xaricə immiqrant kimi gedənlər sırasında şəhər əhalisi ilə yanaşı kəndlərdən də axın olub. Faizlər 50-40 üzərində dəyişilib. Xüsusən də 2000-ci ildə ölkəni tərk edənlər sırasında bölgələrdə yaşayanlar üstünlük təşkil edib. Qeyd olunan ildə 51 faiz şəhər, 49 faiz isə bölgələrdə yaşayan şəxslər ölkəni tərk edib. Açıqlanan hesabatda göstərilir ki, ölkəni tərk etmək istəyənlər arasında daha çox yaşlı nəsil üstünlük təşkil edib. 65 yaşdan yuxarı olan şəxslər yaşamaq üçün daha çox xarici ölkələrə üz tutur. Hesabatda azərbaycanlıların daha çox üz tutduğu ölkələr sırasında Rusiya, Ukrayna, Qazaxıstan, Belarus və Özbəkistanın adı qeyd olunub. 2013-cü ilədək Rusiyaya 175 048, Ukraynaya 41 933, Qazaxıstana 20 272, Belarusa 15 582, Özbəkistana miqrant kimi gedən həmyerlilərimizin sayı isə 14 386 nəfər olub. Azərbaycanlıların qeyri-qanuni yollarla, qaçqın kimi getdikləri ölkələr sırasında Almaniya üstünlük təşkil edib.Hesabatda göstərilir ki, ölkəmizdə
Almaniyaya gedənlərin sayı 2012-ci ilin sonunadək 6 min 575 nəfər olub.
Təhsil yolu ilə ölkəni tərk edənlərin sayı 2013-cü ilin sonunadək 5 min 275 nəfər olub. Azərbaycanlılar təhsil almaq üçün daha çox müraciət etdikləri ölkələr sırasında Türkiyə, İngiltərə, Şimali İrlandiya, Rusiya və Almaniyanın adı hallanır. Qeyd olunan dövrdə təhsil almaq üçün Türkiyəyə 3 min 668, İngiltərəyə və Şimali İrlandiyaya 445, ABŞ-a 432, Almaniyaya 394, Gürcüstana isə 336 nəfər təhsil almaq üçün gedib.
Bəs insanların ölkəni tərk etməsinin səbəbi nədir?
İqtisadçı ekspert Natiq Cəfərli Bizimyol.info-ya açıqlamasında bildirdi ki, son iki ildə ümumi iqtisadi göstəricilərin xeyli dərəcədə zəifləməsi, pul qazanmaq imkanlarının məhdudlaşması, iqtisadi aktivliyin azalması, təhsil və səhiyyə sahəsində, ədalətsizliklə bağlı problemlər çox vacib sosial və hüuqi məsələlərdir ki, bunlar insanların getməsinə çox ciddi təsir göstərirlər: "Çünki insanlar doğuşdan istəyir ki, daha yaxşı şəraitdə yaaşaya biləcəkləri yerlərdə məskunlaşsınlar. Bu təbii hisdir. Azərbaycanda iqtisadi və sosial vəziyyət gərginləşdikcə, ədalətlə bağlı problem yaşandıqca, məsələn məhkəmələrin ədalətsiz qərarları, səhiyyə və təhsillə bağlı problemlər öz həllini tapmadıqca insanlar da təbii ki, başqa ölkələrdə yaşamağa üstünlük verirlər. Son 2 ildə bunun artmasının əsas səbəbi iqtisadi aktivliyin zəifləməsi və iqtisadi göstəricilərin aşağı düşməsi ilə bağlıdır. Bu, işsizliyin artmasına, gəlirlərin aşağı düşməsinə səbəb olur. Son iki ildə insanların həyat səviyyəsi kifayət qədər aşağı düşüb”.
Təbii ki, ölkədən gedənlər arasında xüsusi ilə gənclər əsas yer tutur. Savadlı kadrlarımızın ölkəni tərk etməsi, ölkədən "beyin axını”nın getməsi demək deyilmi?
Baş nazirin müavini, Əli Əhmədov martda keçirilən"Azərbaycanda Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunmasında elm və tədqiqatların rolu" adlı panel müzakirədə deyib ki, 25-30 il əvvəl Azərbaycanın çox dəyərli mütəxəssisləri xaricə gedirdi, lakin stabilləşmə olduqdan sonra onların çox hissəsi geri qayıdıb. Baş nazirin müavini qeyd edib ki, əslində, buna faciə kimi baxmaq lazım deyil: "Bunu alqışlamaq mənasında demirəm. Amma əgər mütəxəssisləri daha yüksək maaşla hara isə cəlb edirlərsə, o adamlar da oraya həvəslə gedirlərsə, mən buna yüksək qiymət verirəm".
Ə.Əhmədov deyib ki, əgər bu hal bir axına çevrilirsə, ölkənin inkişafı baxımından problem yaradarsa, hökumət bunun qarşısını almaq üçün qabaqlayıcı tədbirlər görməlidir: "Dövlət belə mütəxəssislərin vətənində işləyə bilməsi üçün onu dəvət edən ölkədə olan şəraiti yaratmalıdır".
Ə.Əhmədov bildirib ki, Azərbaycanda "beyin axını" böyük miqyasda deyil: "Müşahidələrimiz göstərir ki, "beyin axını" deyilən proses bizi narahat edən səviyyədə deyil. Elm, təhsil və yaradıçılıqla məşğul olan insanların daha yaxşı işləmələri üçün şəraitin yaradılması dövlətin borcudur. Bunun üçün müvafiq proqramlar nəzərdə tutulur. Bizim məqsədimiz odur ki, çoxlu sayda intellektual indeksi yüksək olan insanlar yetişdirək. Təbii ki, bunların bir hissəsi xaricə gedəcək. Bu, dünyanın hər bir yerində var. Biz yetişdirdiyimiz insanların Azərbaycan iqtisadiyyatına və cəmiyyətinə fayda verməsi üçün çalışmalıyıq".
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !