Azərbaycanın 2018-ci ildə aldığı yeni silah və texnologiyalar – FOTOLAR

2018-ci il Azərbaycan Ordusunda yeni silah sistemlərinin və hərbi texnikaların silahlanmaya qəbulu baş verib. Yeni silah və texnikaların bir qismi xarici ölkələrin aparıcı şirkətlərinin istehsalı olsa da yerli hərbi sənayenin də yaratdığı nümunələr də silahlanmaya qəbul edilən məhsullar arasında yer alıb. Geridə qoyduğumuz 2018-ci ildə Müdafiə Nazirliyi və Dövlət Sərhəd Xidməti keçirilən hərbi təlimlər, açılışlar və hərbi paradlarda istifadəyə qəbul edilən bir çox yeni silah və hərbi texnikaları nümayiş etdirib.
"AzeriDefence” 2018-ci ildə Azərbaycan Ordusunda silahlanmaya qəbul edilmiş yeni silah və texnikaları təqdim edir.
"Polonez” operativ-taktiki raket kompleksi
Azərbaycanın Belarusa sifariş verdiyi "Polonez” operativ-taktiki raket kompleksinin (OTRK) ilk partiyası ölkəyə cari ilin may ayında gətirilib və kompleks ictimaiyyətə iyun ayında Raket-Artilleriya Qoşunlarının yeni hərbi hissəsinin açılışında təqdim edilib. "Polonez” batareyasına döyüş idarəetmə maşını, yükləyici maşın və işəsalma maşını daxildir. Raketlər konteyner şəklində saxlanılır və atışdan sonra qısa müddətdə yükləmə maşını üzərindəki manipulyatyor vasitəsi ilə buraxıcı maşına yüklənir. OTRK-nin bütün elementləri Belarus istehsalı olan MZKT-7930 şassisi üzərində qurulub.
İstehsalçı müəssisənin mütəxəssislərinin sözlərinə görə, "Polonez”in döyüş idarəetmə maşınında qurulan avadanlıqlar maşın hərəkətdə olduğu halda belə 10 km məsafədən nəqliyyat-yükləyici və buraxıcı maşınlarla əlaqə yaratmağa imkan verir. Komanda-idarəetmə maşınında 4 heyətin 48 saat fasiləsiz çalışa bilməsi üçün imkanlar mövcuddur. "Polonez”in bir maşını raketlərlə eyni zamanda səkkiz hədəfə dəqiq zərbə endirməyə imkan verir. İstehsalçının məlumatına görə, "Polonez”də istifadə olunan Belarus istehsalı olan 301 mm çaplı raket inersial və peyk naviqasiyasına malikdir. Raketlərin hədəfdən ehtimal edilən sapma radiusu 30 metri ötmür. Qəlpə-fuqas, kasetili qəlpəli, özütuşlanan, tank əleyhinə döyüş elementləri ilə yüklənmiş kasetli və s. döyüş hissələri ilə təchiz olunan "Polonez” OTRK bir batareyası (6 maşın) 100 kvadrat kilometrlik sahədə yerləşdirilmiş 48 ayrı hədəfi vurmağı bacarır.
LORA
Cari ilin əvvəlində İsrailin İAİ şirkətindən alınmış LORA (LOng Range Attack) OTRK”Polonez”lə eyni gündə yeni hərnbi hissənin açılışında, daha sonra 26 iyun və 15 sentyabr tarixlərində keçirilmiş hərbi paradlarda nümayiş etdirilib.
Atış uzaqlığı 300 kilometr olan LORA raketinin uzunluğu 5 metr, çəkisi 1600 kiloqram, döyüş başlığı 570 kiloqramdır (yüksək partlayış gücünə maliik). Avtomatik idarəetmə sistemi ilə təchiz edilmiş LORA kompleksi düşmənin idarəetmə məntəqələrini, raket buraxma qurğularını, radiolokasiya stansiyalarını, vacib hərbi sənaye və infrastruktur obyektlərini məhv etmək üçün təyinatlandırılıb.
"Super Muşşak” təlim təyyarəsi
Azərbaycanın Pakistana sifariş verdiyi "Super Muşşak” (MFİ-395 "Super Mushshak”) təlim təyyarəsinin 5 ədədlik ilk partiyası 2018-ci ildə Azərbaycana göndərilib. Dünyanın ən təhlükəsiz təlim təyyarələrindən hesab olunan "Super Muşşak”ın heyəti 2 nəfər uzunluğu 7.15 m, qanad açıqlığı 8.85 m, hündürlüyü 2.60 m, boş çəkisi 760 kq, uçuş ağırlığı 1250 kq, maksimal sürəti 268 km/saat, kreyser sürəti 240 km/saat təşkil edir. 260 at gücündə bir ədəd "Textron Lycoming IO-540 V4A5” (6 silindr) mühərriki ilə təchiz olunmuş təyyyarənin birbaşa uçuş uzaqlığı 814 kilometr, uçuş hündürlüyü isə 6705 metrə çatır. "Super Muşşak” xarici asmada 300 kq yük götürmə qabiliyyətinə sahibdir.
"Spear Mk.2” minaatan
Azərbaycanın İsrailə "SandCat” zirehli avtomobilləri üzərində sifariş verdiyi "Spear Mk.2” avtomat minaatan kompleksinin ilk partiyası 2018-ci ilin əvvəlində ictimaiyyətə təqdim olunub. Bundan əvvəl – 2017-ci ilin avqust ayında bir ədəd "Spear Mk.2” minaatanı DSX-yə aid BTR-70 zirehli transportyorunun üzərində təqdim edilmişdi. "Elbit Systems” şirkətinin istehsalı olan minaatan özünü avtomat doldurma, koordinatları hesablama və yönləndirmə funksiyasına malikdir. "Spear” idarə olunan minalarla 10 km-dək məsafədə hədəflərə dəqiq atəş açmağa imkan verir.
İsrailli hərbi mütəxəssislərin sözlərinə görə, Azərbaycan "Spear Mk 2” minaatanının ilk xarici istifadəçisidir.
Spike-ER
Əvvəlki illərdə "Spike” tank əleyhinə idarə olunan raketin müxtəlif modifikasiyalarını istifadə edən Azərbaycan Ordusu 2018-ci ildə "Spike-ER” adlı 8 kilometr atış uzaqlığına malik modifikasiyanı ilk dəfə atış sınaqlarını nümayiş etdirib. Daha sonra bu raketlər hərbi paradda "SandCat” zirehli maşını üzərində sərgilənib.
"Mühafiz” döyüş modulu
Cari ilin yay aylarında Bakıda keçirilmiş "Dəniz Kuboku-2018” beynəlxalq yarışına cəlb olunmuş Azərbaycan Hərbi Dəniz Qüvvələrinin (HDQ) G-124 gözətçi gəmisi Türkiyənin ASELSAN şirkətinin istehsalı olan 30 mm "Mühafiz” döyüş modulu ilə silahlandırılıb. Yarışın gedişatında "Mühafiz”dən suüstü və hava hədəflərinə qarşı dəqiq atışlar icra olunub. 30 mm çaplı "Mühafiz” stabilləşdirilmiş top sistemi döyüş gəmilərində, gözətçi, sahil təhlükəsizlik katerlərində və amfibiya-desant gəmilərində istifadə edilmək üçün yaradılmış distans idarə edilən silah sistemləri ailəsinin ən yeni nümunəsidir. "Mühafiz” sistemi iki istiqamətli sursat saxlama qabiliyyətinə malikdir və eyni anda iki müxtəlif növ sursat istifadə edilir.
Məlumatlara görə, imzalanmış müqavilə çərçivəsində HDQ-nin bir gəmisində "Mühafiz” döyüş modulu quruliub.
"Qroza-S” anti-PUA sistemi
Belarusun "KB Radar” şirkətinin istehsalı olan "Qroza-S” radioelektron mübarizə sistemi cari ilin iyun ayında president İlham Əliyevin birinci ordu korpusuna səfəri zamanı təqdim olunub.
"Qroza-S” düşmənin müxtəlif təyinatlı PUA-larını peyk rabitəsi və rabitə kanallarına maneələrin qoyulması vasitəsi ilə zərərsizləşdirmək üçündür. "Qroza-S” hazırda dünyada ən mükəmməl anti-PUA sistemi hesab olunur.
İHTAR anti-PUA sistemi
Azərbaycanın 2018-ci ildə sahib olduğu ASELSAN şirkətinin istehsalı olan İHTAR anti-PUA sistemi mülki və hərbi əhəmiyyətli strateji müəssisələrin (elektrik stansiyaları, hava limanları, sərhəd bölgələri, komanda və qərargah binaları və s.) və digər yerlərin qorunmasında istifadə üçün nəzərdə tutulur.
İHTAR sisteminin sabit və mobil konfiqurasiyaları mövcuddur. İHTAR sisteminə daxil olan radar real vaxt rejimində, eyni zamanda birdən artıq hədəfi aşkarlayaraq onları izləməyə imkan verir. Gecə-gündüz və müxtəlif hava şərtlərində çalışan radiolokasiya qurğusu yüksək dəqiqliyə və 360º bucaq altında ərazini skan etmə xüsusiyyətinə sahibdir. Qeyd edək ki, Azərbaycan Türkiyənin ASELSAN şirkətinin "İhasavar” və İHTAR antidron sistemlərinin ilk xarici sifarişçisidir.
"İldırım RP-10” radiopartladıcı
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Müdafiə Nazirliyi ilə birgə hazırladığı "İldırım RP-10” radiopartladıcı radiokanal sistemi mürəkkəb relyefi olan ərazidə 3500 metr məsafədə, birbaşa görüntülü ərazidə isə 5 min metr məsafədə döyüş tapşırığını yerinə yetirir.
NTW-20 antimaterial snayer tüfəngi
Bu ilin oktyabr ayında Müdafiə Naziriliyi silahlanmaya daxil edilmiş CAR-ın "Denel” şirkətinin istehsalı olan 14.5 mm çaplı NTW-20 antimaterial snayer tüfəngini ilk dəfə nümayiş etdirib.
14.5×114 mm çaplı patronlarla atəş açan NTW-20 snayper tüfənginin lüləsinin uzunluğu 1220 mm, çəkisi 29 kq, effektiv atış məsafəsi 2300 metrdən çoxdur. NTW-20 snayper tüfənginin 20×82 mm və 20×110 mm Hispano patronlarından atəş açan modelləri də mövcuddur.
HP-7.62 pulemyotu
Bu il silahlanmaya qəbul edilmiş yeni silahlar arasında Müdafiə Sənayesi Nazirliyinin (MSN) istehsalı olan 7,62×54 mm. çaplı HP-7,62 tipli hücum pulemyotu da var. Pulemyotdan atəş aparmaq üçün 7,62×54 mm-lik adi (LPS), izburaxan (T-46M), zirehdələn-yandırıcı (B-32), yandırıcı-hədəfgöstərici (PZ) gülləli və boş tüfəng patronlarından istifadə olunur.
HP-7,62 tipli hücum pulemyotunun nişangah məsafəsi 1000 metr, uzunluğu 1080 millimetr, atış tezliyi dəqiqədə 650-750 atəş, döyüş atış tezliyi dəqiqədə 250 atəş, çəkisi isə 8,6 kiloqramdır.
AQK-30 avtomat qumbaraatan
Bu il ilk partiyası Dövlət Sərhəd Xidmətinin silahlanmasına daxil olmuş AQK-30 qumbaraatan kompleksi 2100 m-ə qədər məsafədə yerləşən düşmənin canlı qüvvəsini və atəş vasitələrini məhv etmək qabiliyyətinə sahibdir.
MSN-in "Aqreqat” İstehsalat Birliyi tərəfindən istehsal edilən qumbaraatanın uzunluğu 882 mm, çəkisi 24 kq (dəzgahla birlikdə), mərmi qutusunun tutumu 29 qumbara, nişanalma atəş məsafəsi 2100 m, qumbaranın başlanğıc sürət 185 m/saniyədir.
AR-15 "Aztex” avtomatı
AR-15 "Aztex” avtomatı Azərbaycan Ordusunun yeni silahlarındandır. İlk nümunəsi cari ilin iyun ayında nümayiş etdirilib. Daha sonra 26 iyun hərbi paradına qatılan şəxsi heyətin böyük hissəsi bu avtomatla silahlandırılıb. Xarici dizayn olaraq ABŞ-ın məşhur AR-15/M-16 avtomatlarına bənzəyən AR-15 Belarus şirkəti ilə müştərək istehsaldır. Avtomat 7.62×39 mm sovet patronlarından atəş açır və Meprolight M21 kollimator nişangahla dəstləşdirilib. Avtomat "Kalaşnikov” avtomatının standar daraqlarından istifadə edir.
Çəkisi 4.56 kq, ümumi uzunluğu 985 mm, lüləsinin uzunluğu 406 mm təşkil edən silahda optik nişangahla atəş uzaqlığı 1000 metr olaraq bildirilir.
"Smart Suite”
Ordumuzun istifadəsinə verilmiş daha bir yenilik isə İsrailin "Elbit Systems” şirkəti tərəfindən hazırlanmış artilleriya batareyaları üçün "Smart Suite” rabitə və avtomatlaşdırılmış idarəetmə dəstidir.
82 millimetrlik minaatan batareyası üçün rabitə və avtomatlaşdırılmış idarəetmə dəsti 5 kilometr dərinlikdə hədəfin aşkar edilməsi, hədəf haqqında məlumatların avtomatlaşdırılmış idarəetmə sistemi ilə atəş mövqeyinə ötürülməsi və atış üçün hesabatların aparılması,120 millimetrlik minaatan və 122 millimetrlik "D-30” haubitsalı artilleriya batareyası üçün rabitə və avtomatlaşdırılmış idarəetmə dəsti isə 15-20 kilometr dərinlikdə hədəfin aşkar edilməsi, hədəf haqqında məlumatların avtomatlaşdırılmış idarəetmə sistemi ilə atəş mövqeyinə ötürülməsi və atış üçün qurğuların hesablanmasına təyin olunub.
www.anews.az
Son xəbərlər
Daha çox 