Azərbaycanın Qarabağda döyüşsüz qələbəsi

11:19 | 21.10.2017
Azərbaycanın Qarabağda döyüşsüz qələbəsi

Azərbaycanın Qarabağda döyüşsüz qələbəsi

Əksər erməni ekspertlər İlham Əliyevlə Serj Sarkisyan arasında Cenevrədə keçirilmiş görüşü Ermənistanın döyüşsüz məğlubiyyəti kimi dəyərləndirirlər. 
İstiPress-in məlumatına görə, erməni politoloq Qaqik Ambaryan "Tert.am”a müsahibəsində Cenevrə görüşününün Ermənistan üçün reqress, Azərbaycan üçünsə böyük uğur olduğunu vurğulayıb.

Qaqik Ambaryanın sözlərinə görə, Azərbaycan aprel döyüşlərindən sonra Ermənistanın Vyanada və Sankt-Peterburqda irəli sürdüyü şərtlərin heç birini yerinə yetirmədən Cenevrə görüşünə nail olub:

"Bununla da əldə edilmiş anlaşmalar ləğv edildi, halbuki onlar bizim üçün önəmli idilər. Çünki atəşkəs rejiminin pozuntularını aşkar edən və cinayətkarların cəzalandırılmasına imkan yaradan mexanizmlərin yaradılmasını nəzərdə tuturdular”,- deyə Qaqik Ambaryan vurğulayıb.

Ermənistan ordusu aprel döyüşlərində ciddi məğlubiyyətə uğradıqdan sonra, Azərbaycanı müharibə hüququndan məhrum etməyə çalışırdılar. Buna görə, qoşunların təmas xəttinə az qala dövlət sərhəddi kimi tikanlı məftillərin və müşahidə kameralarının yerləşdirilməsini tələb edirdilər. ATƏT-in Minsk qrupunun həmsədrləri də müəyyən mənada onların tələbini dəstəkləyirdilər.

Təbii ki, Azərbaycan işğal edilmiş əraziləri müharibə yolu ilə geri qaytarmağa mane olan bu variantla razılaşmırdı, çünki bu status-kvonun betonlaşması demək olardı. Ermənistan isə Azərbaycanın mexanizmləri yerləşdirməyə razı olmayacağı təqdirdə danışıqları bərpa etməyəcyinə israr edirdi.
Lakin ATƏT-in Minsk qrupu Azərbaycanın tələbi ilə Serj Sarkisyanın Cenevrə görüşünə gətirilməsinə nail ola bildi. Görüşdə isə nə qoşunların təmas xəttinə yerləşdiriləcək mexanizmlərdən, nə də hansısa monitorinq qrupunun yaradılmasından söhbət getmədi. Sadəcə, danışıqların davam etdirilməsinin vacibliyindən bəhs edildi.

Bu, Ermənistan siyasi elitasında ciddi məyusluq yaratdı. Qaqik Ambaryan "Lragir”ə verdiyi müsahibəsində bu məyusluğu belə ifadə edir: "Mən ilk başdan Ermənistanın Cenevrə görüşlərində iştirakına razılıq verməsinə zəiflik əlaməti kimi baxırdım. Həmsədrlərin təzyiqinə baxmayaraq, bizim rəhbərlik buna razılaşmamalı idi. Ermənistan itki verdi - insan itkisi, diplomatik itki və siyasi itki”.

Təbii ki, Serj Sarkisyan və komandasının Cenevrə görüşünə getməkdən başqa yolu yox idi. Çünki bilirdilər ki, bu, danışıqlardan imtina sayıla bilər. Danışıqlardan imtina isə münaqişənin hərb yolu ilə həllinə üstünlük vermək deməkdir. Prezidentlik dövrü 2018-ci ilin aprelində, yəni 6 aydan sonra bitən Serj Sarkisyan təbii ki, bu riskə getməz və Azərbaycan ordusunun 4-5 dəfə güclü olduğunu bilə-bilə, tarixə Qarabağı döyüşlə vermiş erməni prezidenti kimi düşmək istəməz. Hər halda, həmsədrlərdən biri olan Rusiya belə olan variantda sözəbaxmayan Sarkisyanı cəzalandırmaq üçün onun hakimiyyətdən getməsinə qədər müharibəyə müdaxilə etməzdi.

Cenevrədən sonra yaranmış durum Azərbaycanı iki istiqamətdə siyasəti dərinləşdirməyə məcbur edir. Birincisi, Ermənistanı tam məhvə aparan blokada kəmərini tamamilə sıxmaq lazımdır. Bunun üçün hazırda Ermənistana müəyyən qədər dəstək verən İranla fəal iş aparmaq lazımdır. İran elitası başa salınmalıdır ki, etnik və mənəvi qarlaşlığımız ata mirası üstündə rəqabət üçün yox, qloballaşan dünyada vahid kulturoloji məkana çevrilməyimiz üçün istifadə edilməlidir.

Həmçinin, Azərbaycan öz hərbi potensialını getdikcə daha da gücləndirməli, Ermənistanın Rusiyadan ucuz qiymətə aldığı silahlardan dəfələrlə çox, uzun müddətli müharibəyə duruş gətirməyə imkan verən sursat ehtiyatı yaratmalıdır. Əgər Ermənistan işğal etdiyi torpaqlardan könüllü çıxmazsa, beynəlxalq şərait imkan verən ilk məqamda, erməni ordusu yalnız Qarabağda deyil, Ermənistanın hüquqi ərazisində də cəzalandırılmalıdır və tam yararsız hala salınıb, ləğv edilməlidir.

Çingiz Rüstəmov 
İstiPres
s




www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM