Azərbaycanın Rusiya və İran arasında parçalanmasından 191 il ötdü — FOTO

17:30 | 10.02.2019
Azərbaycanın Rusiya və İran arasında parçalanmasından 191 il ötdü — FOTO

Azərbaycanın Rusiya və İran arasında parçalanmasından 191 il ötdü — FOTO

 Türkmənçay sülh müqaviləsi — İkinci Rusiya-İran müharibəsi nəticəsində 1828-ci il 10 fevralda Rusiya ilə İran arasında Türkmənçay kəndində bağlanmış müqavilədir.
"Ölkə.Az" xəbər verir ki, bu müqaviləyə əsasən, İran Araz çayından şimaldakı bütün ərazilər və Qafqazda Rusiyanın hakimiyyətini tanıdı.
Müqavilənin imzalanmasında tanınmış rus yazıçısı A.S.Qriboyedov və Azərbaycan mütəffəkiri A.A.Bakıxanov da iştirak etmişlər. Bakıxanov bu tarixi hadisədə tərcüməçi kimi iştirak etmişdir.
Müqaviləni Rusiya tərəfindən İvan Paskeviç, İran tərəfindən isə İran Şahı Fətəli Şahın oğlu Şahzadə Abbas Mirzə imzalamışlar. Müqaviləyə əsasən Araz çayından şimaldakı torpaqlar Rusiyaya qatıldı. Həmçinin İrəvan və Naxçıvan da Rusiyaya verildi. Xəzər dənizində yalnız rus hərbi gəmiləri saxlanıla bilərdi. İran Rusiyaya 20 mln. manat təzminat verməli idi. İrandan Qafqaza və Qafqazdan İrana əhalinin sərbəst keçməsinə icazə verildi.
Tarixçəsi

Hərbi mütəxəssislərin fikrincə, Şuşa qalasını uzun müddət mühasirədə saxlamaq Azərbaycan hərbi komandanlığının səhvi idi. Qızılbaşların hərbi qüvvəsinin böyük hissəsinin diqqətini özünə cəlb edən rus qarnizonu və ruslara yaxından dəstək verən yerli xristian-alban əhalisi general Yermolova strateji təşəbbüsü ələ almağa, pərakəndə halda olan qüvvələri zərbə qruplarında cəmləşdirməyə və qızılbaşların üzərinə hücum etməyə şərait yaratdı və bununla da gələcək hərbi əməliyyatları rus ordusunun xeyrinə həll etdi. Yermolov başa düşürdü ki, azsaylı qüvvələrlə qızılbaş qoşunlarına bütün hücum xətti boyunca əks zərbə vurmaq mümkün deyil. Bütün qüvvələri Tiflisin müdafiəsinə cəmləşdirməklə, o, düzgün qərar qəbul etdi. 
Hüseynqulu xan qızılbaş əsgərlərindən ibarət böyük bir dəstə ilə azsaylı rus qarnizonunun müdafiə etdiyi Bakı qalasını dənizdən və qurudan mühasirəyə aldı. Bakı körfəzi də dənizdən Azərbaycan donanması tərəfindən mühasirədəydi. Amma ruslar möhkəm dayanmışdılar və Hüseynqulu xanın bütün hücumlarını dəf edə bildilər. Rus hərbi komandanlığı Bakıya böyük əhəmiyyət verirdi. Bakı limanı Həştərxanla (Hacı Tərxanla) daimi əlaqə saxlanılmasında, rus ordusunun döyüş sursatı və ərzaqla təmin edilməsində mühüm rol oynayırdı. Buna görə Abbas Mirzə Bakını ələ keçirmək, rus ordusunun təchizatını pozmaq, fəaliyyətdə olan rus ordusunun sol cinahını iflic etmək və onu mərkəzdən təcrid etmək üçün tələsik Hüseynqulu xanın köməyinə yeni qüvvələr göndərdi. 
Gəncədə də qızğın döyüşlr gedirdi. Qüvvələrin nisbəti Azərbaycan ordusunun xeyrinə idi. Odur ki, rus ordusunun komandanı qarşı tərəflə üz-üzə gəlməyə cəsarət etməyib, Gəncənin dar küçələrində müdafiə olunmağı daha məqsədəuyğun hesab edirdi. Lakin Mədətov və digər generallar başqa fikirdə idilər. General Paskeviç Yermolovun generallarına şübhəli münasibət bəsləyir və belə güman edirdi ki, onlar onu qəsdən müvəffəqiyyətsizliyə düçar edəcəklər. Bununla belə o öz niyyətindən əl çəkməyə məcbur oldu. 
1826-cı il sentyabrın 13-də Azərbaycan qoşunları həmləyə başladılar. Amansız döyüş baş verdi. Azərbaycan tarixçisi Mirzə Adıgözəl bəy bu döyüş haqqında yazır: 
"Səhər vaxtı sərdar Paskeviç və general Mədətov qoşunlarına nizam verib Şeyx Nizami türbəsinə yaxınlaşdılar. Qızılbaş qoşunu ilə üz-üzə gəldilər. Burada böyük soltani bir müharibə oldu”. 
Döyüş düşmənin qələbəsi ilə bitdi. Seçmə şah qoşunu darmadağın edildi. Bu döyüşdə Azərbaycan qoşunundan min nəfər öldürüldü, min yüz nəfərdən çox əsir alındı, 4 bayraq, bir neçə top və s. ələ keçirildi. XIX yüzilliyin birinci qərinəsində Quzey Azərbaycanda baş verən hərbi əməliyyatlar içərisində ən böyük döyüşlərdən biri olan Gəncə döyüşü, faktiki olaraq, Rusiya-Azərbaycan müharibəsinin müqaəddəratını həll etdi. Abbas Mirzənin qoşununun qalıqları tələsik Qarabağdan keçərək cənuba, Xudafərin körpüsünə tərəf geri çəkildilər. Sentyabrın 18-də Abbas Mirzə Şuşa altında saxlanılan dəstəni də özü ilə götürərək, Arazın sol sahilinə keçdi. Şah qoşunu ilə birlikdə, onun köməyi ilə Vətəni azad etməyə ümid bəsləyən yerli xanlar da Quzey Azərbaycanı tərk etdilər. 
1826-cı ilin dekabrında Abbas Mirzə və xanzadə Aleksadr Azərbaycan və Dağıstan hərbi hissələrinin köməyi ilə Şəki əyaləti ilə həmsərhəd olan Dağıstan əhalisinin üsyanını təşkil etdilər və Hüseyn xanın iddiasında olduğu xan hakimiyyətini bərpa etmək şərtilə Nuxaya böyük dəstə yeritdilər. Dekabrın 9-da Yermolovun başçılığı ilə rus dəstələri Nuxaya gəldi. Müqavimət göstərməyə və müdafiə olunmağa imkanı olmayan Hüseyn xan qaçdı və Araz çayını keçərək Güneyə getdi. Sentyabrın 24-də Sultan Əhməd özünün 6 minlik dəstəsi ilə Qubadan geri çəkildi, şirvanlı Mustafa xan isə Şamaxıdan qaçdı. Qubada mühasirədən çıxan rus dəstəsi geri çəkilən qızılbaş qoşun dəstəsini təqib etdi.Başqa xanlar da qaçdılar. 1827-ci ilin əvvəllərində Azərbaycan qoşunları Quzey Azərbaycan ərazisini tamamilə tərk etdilər. Yalnız Lənkəranda Mirhəsən xan hələ də müqavimət göstərməkdəydi. 
1826-cı il dekabrın sonunda min nəfərlik Azərbaycan süvari dəstəsi Araz çayını keçərək bir kəndə hücum etdi. Hücumların qarşısını almaq məqsədilə dekabrın 26-da general Mədətovun başçılığı ilə rus qoşunu Araz çayını keçərək Cənubi Azərbaycan ərazisinə, 1827-ci ilin yanvarında isə Meşkin dairəsinə daxil oldu. Lakin rus komandanlığı hələlik öz qarşısına Güney Azərbaycanın içərilərinə doğru irəliləmək vəzifəsini qoymamışdı və Mədətov öz qoşunu ilə geri qayıtdı. 
Hərbi əməliyyatlar 1827-ci ilin yazında yenidən başlandı. Apreldə rus qoşunu iki istiqamətdə irəliləməyə başladı. Dəstələrdən biri Mədətovun komandanlığı altında 1827-ci il aprelin 20-də Xudafərin körpüsünü ələ keçirdi, Güney Azərbaycana yol açıldı. Lakin rus komandanlığı ilk növbədə İrəvan xanlığını ələ keçirməyi qərara almışdı. Əlahiddə Qafqaz korpusunun əsas qüvvələri ilk öncə xristian albanların nəzarətində olan Eçmiədzinə daxil oldular və aprelin 23-də İrəvan üzərinə hərəkət etdi, səhəri gün isə İrəvan qalasına yaxınlaşaraq, onu mühasirəyə aldı. Mühasirə iki ay davam etdi. Bu müddət ərzində qalanı müdafiə edən qızılbaşlar bir neçə dəfə həmlə edib ruslara güclü zərbələr endirdilər. Ən böyük həmlə ayın 8-də baş verdi. O, qanlı döyüşlə qurtardı. Qızılbaşlar düşməni geri çəkilməyə məcbur etdilər. Rus komandanlığı qalanın mühasirəsinə vaxt itirməməyi qərara aldığını bəhanə edərək, qoşununu Naxçıvan üzərinə yeritdi. 1827-ci il mayın 26-da 20 kilometlik yürüşdən sonra rus qoşunu Naxçıvanı döyüşsüz ələ keçirdi və Abbasabad qalasına yaxınlaşdı. Bu qalanın böyük strateji əhəmiyyəti var idi. Belə ki, o, şah hakimiyyətinin Naxçıvan xanlığında Araz çayı üzərində keçidi təmin edirdi. 
Azərbaycan komandanlığı ikitərəfli həmlə ilə rus qoşununu əzməyi qərara aldı və Abbas Mirzə 16 minlik qoşunla Abbasabad üzərinə hərəkət etdi. 1827-ci il iyunun 5-də Cavanbulaq deyilən yerdə döyüş baş verdi. Döyüşdə ruslar üstün gəldilər və Azərbaycan qoşununun bu məğlubiyyəti iyulun 7-də təslim olan Abbasabad qalasının taleyini həll etmiş oldu. 
Rus qoşunu İrəvana yaxınlaşana qədər avqustun 17-də Uşağanda və b. yerlərdə güclü müqavimətlə üzləşdi. Lakin qüvvələr nisbətinin düşmənin xeyrinə olması Rus qoşununun irəliləməsinə mane ola bilmədi və ruslar avqustun sonlarında İrəvana yaxınlaşdılar. Onlar ilk növbədə xeyli taxıl və digər ərzaq ehtiyatlarının toplandığı Sərdarabad qalasını mühasirəyə aldılar. Sentyabrın 20-də Sərdarabad qalası süqut etdi. Sentyabrın 26-da İrəvan qalasının da mühasirəsi başlandı. İrəvan xanlığı əhalisinin əksəriyyəti azərbaycanlılar idi. Paskeviçin yazdığı kimi, İrəvan vilayətində 10 min müsəlman (azərbaycanlı – Red.) və ancaq 3 min xristian (alban) ailəsi var idi. Bu əhalinin müəyyən hissəsi, başlıca olaraq albanlar türk olmalarına rəğmən, həmdinləri olan rus qoşununa hər cür yardım göstəriridilər. Oktyabrın 1-də rus qoşununu qalaya soxuldu və elə həmin gün də qanlı döyüşdən sonra İrəvan qalasını ələ keçirdi. 
İrəvan qalasının alınmasından sonra bu vaxta qədər general Kristovun komandanlığı altında Güney Azərbaycanın sərhədlərində dayanan rus qoşunu ölkənin içərilərinə doğru irəliləməyə başladı. Oktyabrın 2-də Mərənd döyüşsüz ələ keçirildi. Xoy şəhərinə yaxınlaşarkən müqavimətə rast gəlməyən işğalçı ordu 1827-ci il oktyabrın 11-də Təbrizə hərəkət etdi və oktyabrın 13-də Təbrizə daxil oldu. Çoxlu qənimət – 40 top, mindən çox tüfəng,çox sayda mərmi ələ keçirildi.
Şəhəri idarə etmək üçün Təbrizdə müvəqqəti idarə yaradıldı. Müvəqqəti idarəyə yüksək rütbəli rus zabitlərindən başqa, Təbriz ruhanilərinin başçısı Ağa Mirfəttah, Təbrizin keçmiş qubernatoru Fəthəli xan və başqaları daxil oldular. Dekabristlərə yaxınlığı ilə tannan İ.Q.Burtsev Təbrizin komendantı təyin edildi. Təbrizin və bütün Azərbaycanın idarə olunmasına dair təlimat A.S.Qriboyedov tərəfindən tərtib edilmişdi. Rus qoşununun Təbrizi ələ keçirməsi ilə Tehrana yol açıldı. Qorxuya düşən şah hökuməti sülh xahiş etdi. Rusların köməyi ilə hakimiyyəti ələ keçirməyə ümid edən Cənubi Azərbaycanın bəzi satqın hakimləri Paskeviçə cənuba hərəkət etmək, Tehranı tutmaq xahişi ilə müraciət etdilər. 
Bununla belə, daxili və beynəlxalq vəziyyət Rusiyanı Azərbaycanla müharibəni başa çatdırmağa sövq edirdi, çünki dağlıların azadlıq hərəkatı geniş vüsət almışdı və Rusiya Türkiyə ilə müharibənin yaxınlaşdığını hiss edirdi. 1827-ci il noyabrın 7-də danışıqlar başlandı. Rusiya İrəvan və Naxçıvan xanlıqlarının ona güzəştə gedilməsini, Azərbaycan qoşununun Lənkran xanlığını tərk etməsini və gümüş pulla 30 milyon manat təzminat verilməsini tələb edirdi. Şah sarayı isə rus qoşunlarının Azərbaycan ərazisindən çıxarılmasını tələb edirdi. Lakin ingilis diplomatiyasının təhriki və Türkiyənin təzyiqi altında danışıqlar kəsildi. 1828-ci il yanvarın 24-də Paskeviç rus qoşununa Ərdəbil və Tehran istiqamətində hərəkət etməyi əmr etdi. Rus qoşunları yanvarın 28-də Urmiyanı, fevralın 8-də isə Ərdəbili tutdular. Rus qoşunun yeni hücumunu Qacar hökumətinin nümayəndələri arasında vahimə doğurdu. Azərbaycanın və ondan asılı digər ərazilərin tamamilə darmadağın ediləcəyindən ehtiyat edən Britaniya səfiri Makdonald döyüşən tərəflər arasında vasitəçi kimi çıxış etdi. 1828-ci il fevralın 6-da (18-də) Təbriz yaxınlığındakı Türkmənçay kəndində Abbas Mirzə ilə Paskeviç arasında sülh danışıqları yenidən başlandı. Rusiya hökuməti Paskeviçin qarşısında şahdan Cənubi Azərbaycan ərazisinin də Rusiyaya birləşdirilməsini tələb etmək vəzifəsini qoymuşdu. Danışıqların iştirakçısı A.S.Qriboyedov da Cənubi Azərbaycan ərazisinin Rusiyaya birləşdirilməsi fikrinə tərəfdar çıxdı. 
Britaniya diplomatiyası danışıqlarda vasitəçiliyə can atırdı. O, Azərbaycan imperatorluğunun tamamilə dağılmasından, bütün Cənubi Azərbaycanın rus qoşunları tərəfindən tutulacağından qorxurdu və bütün gücünü ona sərf edirdi ki, Rusiya özünün Cənubi Azərbaycana olan iddialarından əl çəksin. Türkiyə ilə yaxınlaşmaqda olan müharibə təhlükəsi şəraitində çar hökuməti Azərbaycanla sülh müqaviləsi bağlamağa tələsdi. Müqavilə 1828-ci il fevralın 10-da (22-də) imzalandı. 
Tarixə "Türkmənçay sülh müqaviləsi” adı ilə düşmüş bu müqaviləyə görə, Azərbaycan özünün quzey ərazilərinə olan iddialarından əl çəkir, onun üzərində Rusiya hakimiyyətini tanıyırdı. Beləcə, Azərbaycan iki yerə bölündü. Bununla belə bu gün "İran”adı ilə tanıdığımız bütün ərazilərdə azərbaycanlı-türk Qacarlar sülaləsinin hakimiyyəti davam edirdi. Fəqət bu dövlət artıq Azərbaycan imperatorluğu sayıla bilməzdi. Elə bu üzdən də dövlət "İran və Azərbaycan Məmləkətlərinin Konfederasiyası” adlanmağa başlamışdı. Bu, imperatorluğun İranlaşması istiqamətində ilk mərhələ idi.
Türkmənçay müqaviləsi 16 maddədən ibarət idi. Azərbaycanla Rusiya arasında sərhəd xəttini dördüncü, Azərbaycanın Qafqaz dağlarına qədər bütün ərazisini, o cümlədən Gülüstan müqaviləsinə əsasən, Rusiyaya keçmiş ərazilərini və Araz çayının bu və o biri tərəfindəki İrəvan xanlığını və Naxçıvan xanlığını... Rusiyaya güzəştə getdiyini beşinci maddələr müəyyən edirdi. 
Səkkizinci maddəyə görə, Azərbaycan Xəzər dənizinin Rusiyanın daxili dənizi olduğunu tanıyırdı. Xəzər dənizində hərbi donanma saxlamaq hüququ ancaq Rusiyaya verildi. Bu maddə Xəzər dənizində hərbi donanma yaratmağa can atan İngiltərənin mənafeyinə güclü zərbə idi. Onuncu maddə ilə Rusiyaya Azərbaycan-Qacar dövltinin istədiyi şəhərində özünün diplomatik nümayəndəliyini açmaq və ticarət etmək hüququ verilirdi. Müqaviləyə əsasən, Azərbaycan Rusiyaya 20 minyon manat məbləğində hərbi təzminat ödəməli idi. Müqavilədə Cənubi Azərbaycandan Quzey Azərbaycan ərazisinə köçənlərin hüquqlarını müdafiə edən maddə var idi. Türkmənçay müqaviləsinə əsasən, əhalinin Cənubi Azərbaycandan Quzey Azərbaycana və əksinə hərəkət etməsinə icazə verilirdi. Bunun nəticəsində bir çox erməni ailələri Cənubi Qafqaz, Qarabağ və İrəvan xanlıqlarına köçdülər.
Həqiqət budur ki, Cənubi Azərbaycanın Rusiya tərəfindən işğalına İngiltərə mane oldu. Avropa tarixçilərindən biri o dövrdə belə yazırdı: 
"Perslərin özlərindən çox ingilislər Abbas Mirzənin bədbəxtliyinə yas tutur, Azərbaycana görə əsirdilər. Çünki Azərbaycanın Persiyadan alınması ingilislərin qüdrət və nüfuzunu tam sarsılması demək idi”. 
İngilis hökuməti Cənubi Azərbaycanın mühüm hərbi strateji mövqeyinə böyük əhəmiyyət verirdi. Buna görə də Azərbaycanın Rusiyanın tərkibində qalması ilə onların Qacar imperatorluğundakı mövqelərinin itiriləcəyindən ehtiyat etdiklərini gizlətmirdilər. İngilis diplomatiyasının bu siyasəti digər səbəblərlə birlikdə Azərbaycanın, onun xalqının bir qisminin rus zülmü altına keçməməsinə rəğmən dugər hissəsinin bugünkü İran əraziləri üzərində hakimiyyətlərini 1925-ci ilə qədər sürdürə bilməsində mühüm rol oynadı. Beləliklə, Şimali Azərbaycan çar Rusiyasının müstəmləkəsinə çevrildi. Həmin vaxtdan Azərbaycanın şimal və cənub hissəsinin tarixi inkişafı müxtəlif yollarla getdi.
Rusiya İmperiyasının XIX əsrin əvvəllərində əvvəlcə Qarabağ xanlığının Rusiyanın hakimiyyəti altına keçməsi haqqında Qarabağ xanı İbrahim xanla 14 may 1805-ci ildə imzaladıqları TRAKTAT; sonra 12 oktyabr 1813-cü ildə Rusiya ilə Azərbaycan-Qacarlar səltənəti arasında bağlanmış "Gülüstan”, daha sonra isə 10 fevral 1828-ci ildə bağlanmış "Türkmənçay” müqavilələrinə görə Azərbaycan səltənətinin və bilavasitə Azərbaycanın ərazisi iki hissəyə parçalanaraq onun quzey hissəsi Rusiyanın, güney hissəsi isə Qacarların ərazisi hesab edildi. Azərbaycanın tarixi faciələrinin əsası da bununla başladı. Belə ki, işğal edilmiş Azərbaycan torpaqlarına, xüsusən də Naxçıvana, Qarabağa, İrəvana, Bakıya, Gəncəyə və digər yerlərə Qacar və Osmanlı dövlətlərinin ərazilərindən 120 mindən çox erməni köçürülərək Azərbaycan türklərinin doğma yurdlarında yerləşdirildi.
1827-ci ilin martında Qafqaz idarəçiliyində general A.P.Yermolov İ.F.Paskeviçi əvəz etdi. Böyük Azərbaycan tarixçisi, şair, alim və ictimai xadim A.Bakıxanov İ.F.Paskeviçin Qafqaz xüsusi korpusunun komandanı olduğu dövrdə onun yanında xidmət etmişdir. 1826-1829-cu illərdə A.Bakıxanov rusların Qacar və Osmanlı imperatorluqlarına qarşı bütün yürüşlərinin iştirakçısı idi. İ.F.Paskeviç etiraf edirdi ki, A.Bakıxanovun pers dilini mükəmməl bilməsi və yorulmaz fəaliyyəti ruslara böyük fayda vermişdir. 
"Pers dili” dedikdə Azərbaycan türkcəsi nəzərdə tutulur. Çünki Qacarlar dövründə dövlət dili hələ də Azərbaycan türkcəsi idi və ruslar Azərbaycan-Qacarlar səltənətinin bütün əhalisini milli mənsubiyyətindən asılı olmayaraq "pers”, Quzey Azərbaycan əhalisini isə "tatar” adlandırırdılar. Qacarların əlində olan torpaqlarda türk dili ilə yanaşı fars dili də işlək idi, fəqət üstünlük türk dilində idi.
1827-1828-ci illərdə Azərbaycan – Qacarlar səltənəti ilə aparılan bütün danışıqlar A.Bakıxanovun iştirakı ilə aparılmışdır. 1827-ci ilin noyabr-dekabr aylarında Dehxarqanda və 1828-ci ilin fevralında Türkmənçayda aparılan və "Türkmənçay müqaviləsi”nin bağlanması ilə nəticələnən danışıqlarında A.Bakıxanov tərcüməçi sifəti ilə işləyirdi. Rusiya tərəfindən bu danışıqlarda tanınmış rus yazıçısı və diplomatı A.S.Qriboyedov da iştirak etmişdir.
1828-ci ilin əvvəllərində Qriboyedov Qafqazdakı rus qoşunlarının komandanı qraf İ.Paskeviçə göndərmək məqsədilə "Ermənilərin Persiyadan bizim vilayətlərə köçürülməsi barədə” qeydlərini qələmə aldı. 
Qriboyedov həmin yazısında bugünkü İran ərazisində yaşayan ermənilərin o dövrdə artıq Rusiyanın tərkibində olan Quzey Azərbaycan torpaqlarına köçürülməsi məsələsi haqqında yazırdı ki, İ.Paskeviçin yanında xüsusi tapşırıqlar üzrə məmur olan polkovnik Lazarev (milliyyətcə erməni idi) bu köçürülmənin əsas təşəbbüsçüsü idi... Eyni zamanda A.Qriboyedov həmin qeydlərində, bu məsələdə L.Lazarevə knyaz Arqutinski və Qamazovun kömək etdiklərini göstərirdi. Lazarev Qarabağda və Azərbaycanın digər ərazilərində ermənilərin yerləşdirilməsi ilə bərabər, həm də onların hərbi dəstələrinin yaradılmasını da təklif edirdi. Bu erməni mənşəli üzdəniraq polkovnikin ifrat təklifləri bəzən rusların özlərinin də narazılığına səbəb olurdu. Lazarevin hətta yaxın məsləkdaşı knyaz Arqutinski belə çox vaxt onun bu sayaq tədbirlərindən narazı qalırdı.
A.Qriboyedov öz qeydlərində ermənilərin Azərbaycan torpaqlarında yerləşdirilməsi prosesində ciddi səhvlərə yol verdiyini Paskeviçə çatdıraraq yazırdı:
1. Ermənilərin əksər hissəsi müsəlmanların mülkədar torpaqlarında yerləşdirilmişdir. Bunu hələ yay mövsümündə etmək olardı. Müsəlman sahiblərinin əksər hissəsi yaylaq köçlərində idilər və yad dinli gəlmələrlə təmasda az olurdular.
2. Köçkünlərin tam yerləşdirilməsi üçün münasib yerlər ayrılmamış və heç bir hazırlıq görülməmişdir. Öz vaxtında hazırlıq tədbirləri unudulmuşdur. Belə səhvləri bu il aradan qaldırmaq artıq gecdir. Erməni köçkünləri haqlı olaraq narazılıq bildirən müsəlmanları sıxışdırırlar...
3. ... Sayca böyük olan bir əhalini yedizdirmək üçün taxıl alınmamışdır.
Rus diplomatının qeydlərinə görə, ermənilərin Azərbaycan torpaqlarında yerləşdirilməsinə rəhbərlik edən mayor Vladimirovun da kobud səhvləri olmuş və bunun nəticəsində bölgədə ciddi problemlər yaranmışdır. Onda vəziyyətdən çıxmaq üçün podpolkovnik Arqutinski və A.Qriboyedov yerli əhali olan Azərbaycan türklərini inandırmağa çalışırdılar ki, ermənilər bu torpaqlarda müvəqqəti yerləşdirilirlər və onların bu cür dözülməz yaşayışı uzun çəkməyəcəkdir.
Başqa imkanı və çıxış yolu olmayan sadəlövh yerli əhali rus diplomatına inanmaq məcburiyyətində idi. Amma tarix tezliklə A.Qriboyedovun yalançı olduğunu, Azərbaycan türklərini aldatdığını sübut etdi. Bir daha oxucuların diqqətinə Azərbaycanın parçalanmasında əsas rol oynamış müqavilələrə yönəltməklə bəzi qaranlıq məqamlara aydınlıq gətirmiş olarıq. Bunlar bizim faciələr dolu dünənimizdir, tariximizin qanlı səhifələridir.
Azərbaycan tədqiqatçılarından heç kəs "Gülüstan” və "Türkmənçay” müqavilələrindən heç birinin əsillərini görməmişdir. Əlimizdə olan mətnlər sovet dövründə ruslar tərəfindən ciddi redaktə edilərək dərc edilmiş mətnlərdir. 
1809-cu ildən demək olar ki, Rusiyanın rəsmi dövlət sənədlərində "Azərbaycan” məvhumunun işlənməsi nəinki qadağa qoyulmuşdu, Bu toponim bir etno-siyasi toponim kimi hətta ləğv edilmişdi. Daha sonralar isə xəritələrdən belə silindi.
1828-ci il fevralın 10-da Təbriz yaxınlığında Qədim Türk-Azərbaycan torpağı olan Türkmənçay kəndində bağlanan müqavilə Gülüstan müqaviləsinin qüvvədən düşməsinə səbəb oldu. Bununla da Güney Qafqaz Rusiyaya qəti şəkildə birləşdirildi, Rusiya yeganə dövlət olmaqla Xəzər dənizində hərbi donanma yerləşdirdi, Azəbaycan – Qacar səltənəti üzərinə gümüş pul ilə 20 milyon manatlıq təzminat qoyuldu. Türkmənçay müqaviləsi 1804-1813 və 1826-1828-ci illər Rusiya-Azərbaycan savaşına son qoysa da vahid Azərbaycan xalqını və onun torpaqlarını iki yerə parçaladı.
Aşağıda təqdim edilən sənəd rus mətbuatında dərc edilmiş və redaktə edilrək bir qədər təhrif edildiyi şübhə oyatmayan mətnlərin hələ sovet dövründə Azərbaycan türkcəsinə edilmiş tərcüməsidir. Qəti şəkildə bildiririk, rus mətnlərində "İran" termini yoxdur və bu terminin əvəzinə hər yerdə "Persiya” yazılmışdır. Mətn Azərbaycan türkcəsinə tərcümə edilərkən, "Persiya” termini hər yerdə "İran” kəlməsi ilə əvəz edilmişdir ki, bu həm yanlışdır, həm də böyük siyasi xətadır. Çünki "İran” adı Qacarlar dövründə Azərbaycan – Qacarlar səltənətinin əyalətlərindən birinə şamil edilsə də və bu üzdən də Qacarlar Azərbaycan şahı titulu ilə yanaşı, İran şahı titulunu da daşısa da, artıq qeyd etdiyimiz kimi, bugünkü İran ərazisi fars – Pəhləvilərin hakimiyyəti dövründən, daha dəqiq desək, 1936-cı ildən bu adı daşıyır. Eyni halı "Osmanlı dövləti” əvəzinə "Türkiyə dövləti” yazılmasında da görürük. 
Aşağıdakı mətnin heç birində Azərbaycanın adına rast gəlinmir, halbu ki, İran mtbuatında "Gülüstan” Müqaviləsinin fars dilində dərc edilən və bir çox məqamları ilə yuxarıdakı mətdən fərqlənən mtndə Azərbaycan adı bir neçə dəfə keçir. Qacarlar da, bir variantda "Azərbaycan və İranın birləşmiş məmləkətlərinin şahı”, digər variantda isə "İran və Azərbaycanın birləşmiş məmləkətlərinin şahı” adlandırılırlar. 
Nə qdər ki, tədqiqatçılar müqavilələrin hər iki dildəki (rus və türk) orijinallarına ulaşmayıblar bu ətrafda söylnilən elmi mülahizə və fikirlər tam etibarlı hesab edilə bilmz. Bununla belə əldəki mətnlərin hər yeri təhrif (redaktə) edilmədiyindən bəzi fikirlər söyləmək olar. Bu baxımdan "Gülüsatan” müqaviləsinin 3-cü maddəsi maraq doğurur. Orada deyilir: 
"Şah Əlahəzrətləri Əlahəzrət Bütün Rusiya imperatoruna səmimi dostluq hisslərinin sübutu üçün təntənəli surətdə həm öz adından, həm də İran taxtının ali vəliəhdləri adından Qarabağ və indi Yelizavetpol adı altında əyalətə çevrilmiş Gəncə xanlıqları, həmçinin Şəki, Şirvan, Dərbənd, Quba, Bakı və Talış (bu xanlığın Rusiya İmperiyasının hakimiyyəti altında olan torpaqları) xanlıqlarının, bununla bərabər Dağıstan, Gürcüstan (Şuragölü əyaləti ilə birlikdə) İmeretiya, Quriya, Minqreliya və Abxaziya eyni dərəcədə, hazırda bərqərar edilmiş sərhəd Qafqaz xətti (bu sonuncuya və Xəzər dənizinə aid olan torpaqlar və xalqlarla birlikdə) arasındakı bütün mülk və torpaqların Rusiya İmperiyasının mülkiyyətinə mənsub olduğunu qəbul edir. "
Bu maddədən göründüyü kimi, Azərbaycanın Qacarlar hökuməti Gürcüstanın (Tiflis xanlığının) və bu gün Gürcüstann tərkibində olan İmeretiya, Quriya, Minqreliya və Abxaziyanın, eləcə də Dağıstanın, yəni Qazi Qumuq xanlığının (mətndə bu xanlığın adı da dəyişdirilərək, Dağıstan kimi redaktə edilmişdir) da digər Azərbaycan əyalətləri kimi Azərbaycandan Rusiyaya keçməsinə məcbur və boyun olmuşdur.. Bu isə o deməkdir ki, həmin torpaqlar rus işğalına qədər Azərbaycana aid idi. Azərbaycan tarixşünaslığı bu barədə susur. Türkməncay müqaviləsinin 3-cü maddəsində isə Azərbaycanın başqa bir xanlığının – İrəvan xanlığının adı çəkilir.
Bütün bu deyilnlərdən belə aydın olur ki, Ermənistan kimi bugünkü İran, Gürcüstan və Dağıstan dövlət və muxtar əraziləri də Azərbaycan səltənətinin torpaqları hesabına yaradılan və haqlarında yalançı tarixlər uydurulan, dərin siyasi kökü olmayan süni qurumlardır.
 




www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM