Azərbaycanın uzun müddət vəzifədə qalan MTN şefləri - SİYAHI

13:25 | 20.10.2015
Azərbaycanın uzun müddət vəzifədə qalan MTN şefləri - SİYAHI

Azərbaycanın uzun müddət vəzifədə qalan MTN şefləri - SİYAHI

Milli təhlükəsizlik hər bir ölkənin ən önəmli strukturlardan biridir. Azərbaycanda bu strukturu 1919-cu ildən bu günə qədər 26 vəzifəli şəxs idarə edib. Dövlət Təhlükəsizlik Komitəsinə ən qısa müddətli sədrliyi Pankratov Semyon Andreyeviç (1920-ci ilin may-iyun ayları) edib. Ən uzun müddətli DTK sədri Yemelyanov Stepan Federoviç olub – 1939-cu ilin  fevral ayından 1953-cü ilin avqust ayına qədər. 

ANN.Az uzun müddət Azərbaycanın milli təhlükəsizlik qurumuna rəhbərlik edən şəxslər haqqında hazırlanmış avtobioqrafik məlumatları oxucuların diqqətinə təqdim edirik.


Mircəfər Bağırov

Mircəfər Bağırov yeganə şəxsdir ki, iki dəfə Azərbaycan SSR Dövlət Təhlükəsizlik Komitəsinin sədri vəzifəsinə təyinat alıb. İlk dəfə 1921-ci ilin fevral ayında. Onun ilk təyantı 1927-ci ilin may ayına qədər davam edib. İkinci dəfə isə 1929-cu ilin dekabr ayından 1930-cu ilin avqust ayına qədər DTK sədri olub və ümumilikdə, 8 ilədək bu vəzifəni daşıyıb.

Mircəfər Bağırov 1896-cı il sentyabrın 17-də Bakı quberniyasının Quba şəhərində anadan olub. İlk təhsilini mollaxanada alıb. 1907-ci ildən 1913-cü ilə qədər təhsilini Quba şəhərində davam etdirib. Quba Ali ibtidai məktəbi bitirən gənc ziyalıların topladığı pulla Petrovski (Mahaçqala) şəhərinə gedib və 2 illik pedaqoji kursa (rus dili müəllimliyi) daxil olub. 1915-ci ildə kursu başa çatdıran  M.Bağırov əmək fəaliyyətinə gənc müəllim kimi Xudat stansiyasındakı kənd məktəbində başlayıb. 1915-1917-ci illərdə M.Bağırov Nəcəfkənd, Quba şəhər məktəblərində müəllimlik edib.

1917-ci il Fevral inqilabı dövründə M.Bağırov açıq və gərgin inqilabi fəaliyyətə başlayıb. 1918-ci ilin mart-may aylarında M.Bağırovun və başqa inqilabçıların Quba qəzasında fəhlə, kəndli və əsgər sovetləri yaratmaq, milli qırğının qarşısını almaq uğrunda apardıqları mübarizəyə baxmayaraq fəaliyyətləri uğursuz olur. M.Bağırov gizli fəaliyyətə keçib. Sonra isə gizli yolla Bakıya gəlib. O, ilk gündən döyüş drujinasının tərkibinə daxil olub. 1918-ci ildə Bakıda sovet hakimiyyəti yıxıldıqdan sonra M.Bağırov Petrovun dəstəsinin qalıqları ilə birlikdə Həştərxana gedib.

Bağırov 1919-cu ilin mart ayında Moskvada keçirilən I Kommunist Beynəlmiləl Konqresində iştirak edib və məşvərətçi səs hüququna sahib olan Azərbaycan kommunistlərini təmsilçisi olub.

1918-ci ildən başlayaraq ayrı-ayrı vəzifələr daşıyıb. 1921-ci il mayın 6-19-da keçirilmiş I Ümumazərbaycan sovetlər qurultayı tərəfindən Nəriman Nərimanov başda olmaqla təşkil edilmiş Azərbaycan SSR Xalq Komissarları Sovetinin tərkibinə seçilib. O, bu vəzifədə 1927-ci ilin sentyabrın ortalarına kimi çalışıb. Bağırov eyni zamanda bu illərdə AzFK sədri olmaqla yanaşı, Azərbaycan Xalq Daxili İşlər Komissarı və Azərbaycan SSR XKS sədrinin müavini vəzifələrini də daşıyıb. 

Nəriman Nərimanovun təklifi ilə M.Bağırov RK(b)RMK siyasi bürosunun 1921-ci il oktyabrın 15-də keçirilən iclasında Qafbüronun tərkibinə tövsiyə edilib. M.Bağırov ağır və çətin olan bu vəzifələrdə ilk gündən antisovet qüvvələrə qarşı amansız mübarizə aparıb, üsyanları qəddarlıqla yatırıb.

Bir müddət Tiflisdə vəzifə daşıyan M.Bağırov yenidən Bakıya çağırılıb və 1929-cu ilin sentyabrında Azərbaycan Dövlət Siyasi İdarəsinin sədri təyin edilib. O, bu vəzifədə 1930-cu ilin sentyabrına kimi çalışıb və antisovet qüvvələrə qarşı amansız mübarizəyə başçılıq edib.

Daha sonra  Moskvaya ÜİK(b)P MK yanında marksizm-leninizm kursunda oxumağa göndərilən Bağırov 1932-ci ilin fevralında kursu müvəffəqiyyətlə bitirib və ÜİK(b)P MK aparatında məsul təlimatçı təyin edilib.

M.Bağırov 1932-ci ilin axırlarında yenidən Bakıya göndərilib və həmin ilin oktyabrından 1933-cü ilin dekabrınadək Azərbaycan SSR Xalq Komissarları Sovetinə sədr təyin olunur.

1933-cü il dekabrın 10-da Azərbaycan KP MK və Bakı Komitəsinin birləşmiş büro iclası olub.

1937-ci il avqustun 5-də SSRİ NKVD-si bir qərarı çıxarır. Həmin qərara 3 nəfər – SSRİ daxili işlər naziri Yejov, Mikoyan və Stalin qol çəkib. Qərarda yazılıb ki, müsavatçılar, ittihadçılar, sosial-demokratlar, hümmətçilər, eyni zamanda menşeviklər və daşnaklar güllələnməlidir. Bundan sonra M.Bağırovun fəaliyyətində 1937-1938-ci illər qara ləkə kimi iz buraxıb. Çünki bu illərdə Azərbaycanın minlərlə millətsevər alimi, şair və yazıçısı, partiya, dövlət xadimi və s. həbs edilib və güllələnib. 

1937-ci ildə Mircəfər Bağırovun özünü də həbs ediblər, 10 gün ev dustağı olub.

1933-1953-cü illərdə M.Bağırov Azərbaycan Kommunist Partiyası MK və BK-nın birinci katibi vəzifəsini daşıyıb. 

1953-cü il aprelin 18-də Azərbaycan KP MK-nın plenumu olub M.Bağırovu Azərbaycan KP MK birinci katibi vəzifəsindən azad edib və Azərbaycan SSR Nazirlər Sovetinin sədri təsdiq edilib. Lakin dövlətə xain çıxmış L.Beriya ilə əlaqədar olaraq bir neçə aydan sonra M.Bağırova da münasibət dəyişib. 1954-cü il martın 13-də partiyadan çıxarılıb.  

1955-ci ildə həbsə alınıb, istintaqa cəlb olunub, Bakıda 12-26 aprel 1956-cı il tarixdə keçirilmiş məhkəmədə haqqında ağır cəza – güllələnmə hökmü çıxarılıb və rəsmi məlumata görə, hökm yerinə yetirilib. Mircəfər Bağırovun məhkəməsi indiki "Şəhriyar" klubunda keçirilib. Nürnberqdə SSRİ-nin nümayəndəsi olmuş prokuror Rudenko onun məhkəməsini aparıb. M.Bağırovun bağışlanmaq haqqında sovet rəhbərliyinə müraciətləri rədd edilib. Lakin Sov.İKP MK siyasi bürosu iclaslarının sənədlərindən aydın olur ki, beynəlxalq vəziyyət mürəkkəb olduğundan Mikoyanın təklifi ilə bu qərarın icrası iki il dayandırılıb. Bununla belə, Azərbaycana güllələnmə haqqında qərarın qüvvədə qaldığı bildirilib.

Onun həbsi əhali tərəfindən birmənalı qarşılanmamış və hətta bəzi etiraz aksiyalarına da səbəb olub. 


Stepan Federoviç Yemelyanov 

14 il DTK sədri olan Stepan Federoviç Yemelyanov – 1939-cu il fevral ayından 1953-cü ilin avqust ayına qədər.

1902-ci il dekabrın 13-də Tatarıstan Respublikasının Takanış rayonunun Taşliyar kəndində anadan olub.
 
1915-ci ildə kənd məktəbini bitirdikdən sonra təsərrüfat işləri ilə məşğul olan S.Yemelyanov 1919-1923-cü illərdə texniki məktəbdə təhsil alıb, 1925-ci ildə «Azneft»in kislorod-karbit zavodunda işə qəbul olunub. 1928-ci ildə Azərbaycan Respublikasının Ədliyyə Xalq Komissarlığının məhkəmə aparatında çalışdıqdan sonra Bakı Birləşmiş Məhkəməsində xalq hakimi vəzifəsində işləyib. 1931-1936-cı illərdə Bakı Sənaye İnstitutunda təhsil alıb.

1953-cü ilin avqust ayında Azərbaycan SSR təhlükəsizlik orqanlarından uzaqlaşdırıldıqdan sonra həbs olunub, 1956-cı ildə əmlakı müsadirə olunmaqla və cəzasını islah-əmək düşərgələrində çəkməklə 25 il müddətinə azadlıqdan məhrum edilib. 1970-ci ilin may ayında əfv olunub.



Vitaliy Sergeyeviç Krasilnikov 

O, 1969-cu ilin avqust ayından 1980-cı ilin iyun ayına qədər, yəni 11 il DTK sədri olub.

O, 1920-ci ildə Qorkov vilayətinin, indiki Varnavinsk rayonunun Varnavino kəndində qulluqçu ailəsində anadan olub.

Qorkov adına Su Nəqliyyatı Mühəndislər İnstitutunu bitirib, sonra Qorkov hərbi tank məktəbinin müdavimi olunub.

1952-1954-cü illərdə SSRİ DTK-nın Ali Məktəbinin rəhbər heyəti hazırlıq kurslarında oxuyub. Kursları bitirdikdən sonra təhlükəsizlik orqanlarında xidmətini davam etdirən V.Krasilnikov 1967-ci ildə Azərbaycan SSR DTK-nın sədr müavini, 1969-cu ildə isə sədri vəzifəsinə təyin edilib.

V.Krasilnikov 1980-cı il iyunun 18-də başqa işə keçirilməsi ilə əlaqədar vəzifəsindən azad edilib.



Ziya Yusifzadə

Azərbaycan SSR Dövlət Təhlükəsizlik Komitəsinin 7-ci sədri Ziya Yusifzadə (1980–1988) bu vəzifədə 8 il çalışıb.

O, 1929-cu il fevralın 15-də Nuxada (indiki Şəki) ziyalı ailəsində anadan olub. 1945-ci ildə Zaqatalada orta məktəbi qızıl medalla bitirib. 1952-ci ildə Moskva Dövlət Pedaqoji Xarici Dillər İnstitutunu ingilis dili ixtisası üzrə bitirib. 1952-1956-cı illərdə Azərbaycan SSR Maarif Nazirliyində və Azərbaycan SSR Nazirlər Sovetində məsul vəzifələrdə işləyib.

1956-cı ildə Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizlik Komitəsinə həqiqi hərbi xidmətə qəbul olub. 1972-1976-cı illərdə DTK-nın əks-kəşfiyyat şöbəsinin rəisi, 1976-cı ildən DTK sədrinin I müavini vəzifəsində çalışıb. 1980-cı il iyunun 18-dən  1988-ci il avqustun 11-dək Azərbaycan SSR Dövlət Təhlükəsizliyi Komitəsinin sədri vəzifəsində çalışıb. 1977-ci ildə general-mayor, 1984-cü ildə general-leytenant hərbi rütbəsi alıb.

1988-1992-ci illərdə Azərbaycan SSR Nazirlər Sovetində Millətlərarası münasibətlər şöbəsinin müdiri vəzifəsində işləyib, 1992-ci ilin avqust ayında öz xahişi ilə təqaüdə çıxıb.

Böyük həyat və əməliyyat təcrübəsi nəzərə alınaraq, 1999-cu il iyunun 28-də mərhum prezident  Heydər Əliyevin sərəncamı ilə hərbi qulluğa bərpa olunaraq Milli Təhlükəsizlik Nazirliyinin Akademiyasına rəis təyin edilib.

Bir neçə çağırış Bakı Sovetinin, Azərbaycan SSR Ali Sovetinin və SSRİ Ali Sovetinin deputatı seçilib. 1970-1988-ci illərdə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin (MK) üzvlüyünə namizəd, MK üzvü, MK-nın büro üzvlüyünə namizəd, 1980-1988-ci illərdə MK-nın büro üzvü olub.

Ziya Yusifzadə 2015-ci il sentyabrın 29-da Bakı şəhərində vəfat edib.




Namiz Abbasov 

O, Azərbaycan müstəqillik əldə etdikdən sonra 4-cü milli təhlükəsizlik naziri təyin edilib və  1994-cü ilin oktyabr ayından başlayaraq 2004-cu ilin iyul ayınadək, təxminən 10 il bu postda fəaliyyət göstərib.

Namiq Abbasov 1940-cı il fevralın 22-də Naxçıvan Muxtar Respublikasının Ordubad şəhərində anadan olub. 1962-ci ildə Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib.

1962-1976-cı illərdə "Abşeron" qəzetində rəhbər vəzifədə çalışıb. 1970-ci ildən partiya işinə keçib, Abşeron Rayon Partiya Komitəsinin ikinci katibi vəzifəsində işləyib.

1977-ci ildən təhlükəsizlik orqanlarında fəaliyyətə başlayıb. 1979-cu ildə SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin Ali Məktəbini bitirib. 1992-ci ilədək Azərbaycan SSR Dövlət Təhlükəsizlik Komitəsində şöbə rəisinin müavini, şöbə rəisi, Azərbaycan SSR Dövlət Təhlükəsizlik Komitəsi sədrinin müavini kimi vəzifələrdə işləyib.

1992-1994-cü illərdə Azərbaycan Respublikası milli təhlükəsizlik nazirinin müavini və birinci müavini olub. 1994-cü ilin oktyabr ayından 1995-ci ilin mart ayınadək Azərbaycan Respublikasının milli təhlükəsizlik naziri vəzifəsini icra edib. 1995-ci ilin mart ayından 2004-cü ilin iyul ayınadək isə Azərbaycan Respublikası milli təhlükəsizlik naziri vəzifəsinə təyin olunub.

Azərbaycan Respublikası Prezidentinin 15 may 1994-cü il tarixli Fərmanı ilə "general-mayor”, 27 dekabr 1995-ci il tarixli Fərmanı ilə "general-leytenant”, 15 yanvar 2002-ci il tarixli Fərmanı ilə "general-polkovnik” hərbi rütbələri verilib.

2004-2012-ci illərdə Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsində çalışıb.



Eldar Mahmudov 

O, son 11 il ərzində milli təhlükəsizlik naziri olub – 2004-cü ilin iyul ayından başlayaraq 2015-ci il oktyabrın 17-dək .

Eldar Əhməd oğlu Mahmudov 1956-cı ildə Bakı şəhərində alim ailəsində anadan olub. 1978-ci ildə D.Bünyadzadə adına Xalq Təsərrüfatı İnstitutunun maliyyə-kredit, 1993-cü ildə isə Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirib. Silahlı Qüvvələrin sıralarında müddətli həqiqi hərbi xidmət keçib.

1980-2004-cü illərdə daxili işlər orqanlarında xidmət edib. Bu dövrdə mütəşəkkil cinayətkarlıqla mübarizə, cinayət-axtarış strukturlarında çalışıb.

1993-cü ildə Azərbaycan Daxili İşlər Nazirliyinin Narkotiklərlə Mübarizə İdarəsində şöbə rəisi vəzifəsinə təyin edilib, bir müddətdən sonra həmin idarənin rəis müavini vəzifəsinə irəli çəkilib.

1993-2003-cü illərdə İqtisadi Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinin və İqtisadi sahədə Əməliyyat-Əlaqələndirmə Bürosunun rəisi vəzifələrində işləyib. 2004-cü ilin əvvəlindən isə Narkotiklərlə Mübarizə Baş İdarəsinin rəisi vəzifəsinə təyin edilib.

Mötəbər beynəlxalq qurumların işində, o cümlədən dünyanın bir çox ölkələrində korrupsiyaya, terrorizmə, insan alverinə, narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə məsələlərinə həsr olunmuş konfranslarda, seminarlarda Azərbaycan Respublikasını təmsil edib. Çoxsaylı beynəlxalq hüquqi sənədlərin, o cümlədən Korrupsiya ilə mübarizə haqqında BMT Konvensiyasının hazırlanmasında bilavasitə iştirak edib.

Əməliyyat-xidməti fəaliyyətindəki uğurlu nəticələrinə və müsbət göstəricilərinə görə müxtəlif mükafatlara layiq görülüb.

23 iyul 2004-cü ildə prezident İlham Əliyevin sərəncamı ilə milli təhlükəsizlik naziri təyin olunub və ona general-mayor hərbi rütbəsi verilib.

Dövlət başçısının 16 mart 2005-ci il tarixli sərəncamı ilə milli təhlükəsizlik naziri Eldar Mahmudova general-leytenant hərbi rütbəsi verilib.

2009-cu ildə Polşa prezidentinin sərəncamı ilə iki ölkənin münasibətlərinin inkişafına göstərdiyi xidmətlərə görə "Böyük zabit" ordeni ilə təltif olunub.

Prezidentinin 27 mart 2014-cü il tarixli sərəncamı Eldar Mahmudovun general-polkovnik ali hərbi rütbəsi alması ilə bağlı olub.

Eldar Mahmudov barəsindəki sonuncu sərəncam bu il oktyabrın 17-də imzalanıb və bununla da o, milli təhlükəsizlik naziri vəzifəsindən azad edilib.


Hazırladı Orxan Aslanlı
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM