Deputat bir çox suveren hüquqlarımızdan Qarabağ naminə güzəştə getməyi mümkün sayır
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, deputat Qüdrət Həsənquliyev partiyanın mətbuat xidmətinə müsahibə verib. “Yeni Müsavat”a təqdim edilən müsahibədə Q.Həsənquliyev Azərbaycanın təhlükəsizliyi məsələsi və Qarabağ problemi ilə bağlı təkliflər irəli sürüb. O, bildirib ki, 2008-ci ildə Gürcüstana Rusiyanın hərbi müdaxiləsi Azərbaycanın öz torpaqlarını hərbi yolla azad etməsinə böyük bir zərbə olmuşdu, Ukraynada baş verənlər isə vəziyyəti bir qədər də çətinləşdirib. Bundan sonra Rusiyanın daha açıq formada Azərbaycana hərbi təcavüz etməsi bir az da asanlaşıb. Ona görə də Azərbaycanın indiki vəziyyətdə prosesləri kənardan seyr etməkdən başqa yolu yoxdur: “Hər zaman demişəm ki, müharibə aparan dövlət özünə müttəfiqlər tapmalıdır. Biz isə getdik Qoşulmayanlar Hərəkatına üzv olduq. Faktiki surətdə özümüzü bitərəf elan elədik. Ermənistanın hərbi-siyasi müttəfiqi Rusiyadır və hərbi bazaları var. Azərbaycanın kimi var? Ən yaxın bizə Türkiyədir. Birinci Qarabağ savaşında mərhum Əbülfəz Elçibəy deyirdi ki, mən Türkiyədən iki vertolyot ala bilmədim ki, Kəlbəcərdən dinc əhalini çıxardım. Türkiyə müharibənin ən qızğın dövründə Avropa Birliyinin təkidi ilə Ermənistana taxıl verdi. Yəni Türkiyə də müəyyən mənada müstəqil dövlət deyil. Avropadan, Amerikadan asılı bir dövlətdir. Hadisələrin gedişi bunu göstərir. Ona görə də Türkiyəyə də güvənməyinə dəyməz”.
Q.Həsənquliyev onu da deyib ki, Azərbaycan istəsə də onu NATO-ya heç kim qəbul etməyəcək. Çünki Dağlıq Qarabağ problemi var. Ermənistan bu gün Rusiyanın hərbi-siyasi müttəfiqi olsa da, Krımın işğalına haqq qazandırsa da, BMT-də Rusiyanı dəstəkləsə də, yenə də Dağlıq Qarabağ məsələsində dünya bizim deyil, Ermənistanın yanında olacaq: “Birinci Qarabağ savaşında da gördünüz ki, erməni bizim torpaqları işğala məruz qoydu, ancaq “907-ci düzəliş”i bir sanksiya kimi Amerika bizə tətbiq elədi. Burada erməni diasporu faktoru var. Ona görə də bizim NATO-ya girməyimiz real deyil və bu istiqamətdə də ciddi səylər göstərməyə dəyməz.
Bircə qalır Rusiya ilə dil tapmaq. Yəni Rusiya ilə hansı formadasa razılaşıb, onun maraqlarını regionda təmin eləmək, neft-qaz siyasətini razılaşdırılmış şəkildə həyata keçirmək. Lazım gələrsə qazı Rusiyaya satmaq olar. Lazımdırsa burada Rusiyanın hərbi bazaları yerləşdirilsin. Yəni Azərbaycan öz dövlət müstəqilliyindən imtina etməmək şərti ilə bir çox suveren hüquqlarından Qarabağ naminə güzəştə gedə bilər. Sözsüz ki, bütün bunlar ikitərəfli sazişlər əsasında olmalıdır. Həmin sazişdə də Rusiya öhdəlik götürməlidir və Ermənistandan tələb etməlidir ki, Azərbaycandan işğalçı ordusunu çəksin və əraziləri boşaltsın, Dağlıq Qarabağ problemi də Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunsun. Əgər bu da mümkün deyilsə, Rusiya bu şərtləri də qəbul eləmirsə, onda Azərbaycanın gözləməkdən və hərbi potensialını gücləndirmək, artırmaqdan başqa çarəsi yoxdur. Bu zaman Azərbaycan çalışmalıdır ki, Rusiyanı qıcıqlandıran siyasət yürütməsin və oturub daha əlverişli beynəlxalq şəraitin yaranmasını gözləsin. Bu da nə qədər çəkəcək, bəlli deyil”.
Deputatın sözlərinə görə, Azərbaycanın torpaqları hərbi yolla azad eləməsinə nə Türkiyə razı olar, nə İran buna imkan verər, nə də Rusiya və Qərb. Nə qədər ki atəşkəsdir, Azərbaycan qeyri-neft sektorunu inkişaf etdirməlidir. Siyasi islahatlar aparılmalı, demokratik proseslər sürətləndirilməlidir: “Azərbaycanın qeyri-neft sektoru- kənd təsərrüfatı, xüsusilə də sənaye inkişaf etdirilməlidir. Bizim büdcəmiz neftdən xeyli dərəcədə asılıdır. Rusiya ilə Qərbin bu soyuq müharibəsi on illərlə davam edəcək. Qərb çalışacaq ki, Rusiyadan enerji asılılığını azaltsın. Bu zaman başqa mənbələr axtaracaq. Tapanda da neftin və qazın qiyməti aşağı düşəcək. Belə olduğu təqdirdə Azərbaycan ciddi iqtisadi sıxıntılarla üz-üzə qalacaq. Bunun qarşısını almaq üçün indidən qeyri-neft sektoru inkişaf etdirilməlidir”.
Q.Həsənquliyevin açıqlamalarına ADP sədri Sərdar Cəlaloğlu sərt münasibət bildirib. Modern.az açıqlamasında S.Cəlaloğlu deyib ki, Qüdrət Həsənquliyevin mövqeyi Azərbaycanın müstəqilliyinə və suverenliyinə zidd bir mövqedir: “Təəssüf edirəm ki, yaxın dostum Qüdrət Həsənquliyev bu cür mövqe sərgiləyir. Millət vəkilinin belə çıxışı məsuliyyətsizlikdir. Son zamanlar Rusiyanın agentura şəbəkəsinə məxsus olan “Beşinci kolon” məsələsi gündəmə gəlib. Qüdrət bəyin də belə açıqlamaları da həmin “Beşinci kolon”un mövqeyidir. Azərbaycan müstəqil dövlətdir. Heç bir hərbi bloka qoşulmayıb. Öz ərazisində heç bir xarici gücü, xüsusilə onu iki yüz il işğalda saxlayan bir dövlətin hərbi qoşununu saxlaya bilməz. Həsənquliyevin bəyanatları mərhum eks-prezident Əbülfəz Elçibəyin ruhuna hörmətsizlikdir. Elçibəyin rus qoşunlarını Azərbaycandan çıxarması xalqa ən böyük xidmətlərindən biridir. İlham Əliyevin hakimiyyəti zamanında da Qəbələ RLS-in ləğv olunması ilə Azərbaycandan rus qoşunlarının çıxarılması prosesi başa çatıb. Rusiya həmişə Azərbaycan xalqının və dövlətinin əleyhinə olub. Qarabağı işğal edən də Rusiya olub. Qüdrət Həsənquliyevin Rusiya ilə bağlı eyni tipdə ardıcıl mesajlar verməsi məndə şübhə yaradır ki, sanki bu adam Rusiya ilə bağlıdır”.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !