Azərbaycanlı milyonçu xristianlığı nə üçün qəbul etdi? - VİDEO+FOTOLAR

14:11 | 31.10.2014
Azərbaycanlı milyonçu xristianlığı nə üçün qəbul etdi? - VİDEO+FOTOLAR

Azərbaycanlı milyonçu xristianlığı nə üçün qəbul etdi? - VİDEO+FOTOLAR

Haqq yolunda şəhid olsam,Öz qanımla yuyun məni!Gen dünyada bir yer tapıb,Dar məzara qoyun məni!"Tənha yolçu" albomundan.Kimsə onu məşhur "Təbriz" mahnısının bəstəçisi, kim də onu 12 imam şərəfinə hazırladığı 12 metrlik Zülfüqar qılıncının ideya müəllifi kimi xatırlayır. Hətta bəziləri üçün o, keçmiş SSRİ-nin ilk azərbaycanlı milyonçusudur. Bütün bunlar kənardan ona verilən təyinlərdir. Bəs Cənnət Əliyev özü üçün kim olub? Yetim CənnətÖzü haqqında çəkilən sənədli filmdə acı uşaqlıq illərini belə xatırlayır: "Keçmiş SSRİ-nin ən ucqar yerlərindən biri Naxçıvandır. Naxçıvanın isə ən ucqar kəndi Keçili kəndidi. Ondan o tərəfə ucqar Naxçıvan ərazisi yoxdur".Tale elə gətirir ki, onun atasının evi də kəndin ən ucqar yerində inşa olunur. Amma bütün ucqarların-ucqarında doğulan Cənnət o evdə, o kənddə doyunca yaşaya bilmir - Yetimlər Evində böyüyür. Atasını itirdikdən sonra onu Ordubadda, Araz çayının sahillərində yerləşən internat məktəbinə qoyurlar. Həmin illərin acı xatirələrindən isə o, ömrünü sonuna qədər qurtula bilmir: "Aclıq, yoxsulluq... Səhər saat 8-də sübh yeməyinə qalxırdıq. Bir tikə çörək. Amma çox adama norma belə düşmürdü. Qap-ha-qap başlayırdı və kim güclü idisə, zəiflərin də payını əllərindən alıb yeyirdi. Mən də çox cılız, zəif uşaq idim, məndən güclülər payımı əlimdən alıb yeyirdilər. Sonra bizim qrup yeməkxanadan çıxır, o biri qrup yemək üçün ora daxil olurdu. Həmişə o biri qrupdakıların paxıllığını çəkirdim ki, bunlar indi çörək yeyəcəklər".İnternat illəri bitdikdən sonra Cənnət Əliyev ali təhsil almaq niyyəti ilə Naxçıvan Dövlət Pedaqoji İnstitutuna qəbul olur və oranı bitirir. Daha sonra ikinci təhsilinə də yiyələnir - Xalq Təsərrüfatı İnstitutu. Amma o, bununla da qane olmur - hüquq təhsili almaq üçün Sverdlovski Dövlət Universitetinə daxil olur.XX əsrin 80-ci illərinin əvvəllərində sovet milisində (keçmiş SSRİ-nin hüquq-mühafizə orqanı) çalışır, amma oradan xaric edildikdən sonra 1987-ci ildə Sverdlovs əyalətinin Yuxarı Puşma şəhərinə gələrək burada "Təbriz" kooperativini qurur və keçmiş SSRİ-nin ilk rəsmi milyonçusu kimi qeydiyyata düşür.Amma ağır uşaqlıq illərinin fəsadları daim onu addım-addım izləyir. İnternat illərindən danışan Cənnət Əliyev bir tikə çörəyə  görə dəfələrlə döyüldüyünü  deyir: "Gizlincə mətbəxə girirdim bir tikə çörəyə görə. Mənim həmişə ən böyük arzum doyunca çörək yemək olub".Xristian Cənnət"Bu mədə qidaya, normaya öyrənməyib. Öz zəhmətimlə qazandığım çörəyi doyunca yeyə bilmirdim. Mədəm bütün yara idi" - Cənnət Əliyev 1989-cu ilin əvvələrində ağır cərrahiyyə əməliyyatı keçirir. Əməliyyat 7 yanvarda baş tutur. Həmin gün haqqında və ondan sonra atacağı addım barəsində Cənnət Əliyev öz xatirələrində belə danışır: "Əməliyyat 6 saat çəkdi. Sən demə, 7 yanvar həm də İsa peyğəmbərin anadan olduğu gün imiş. Mən uzun illər əziyyətini çəkdiyim xəstəlikdən qurtulmağımın, yenidən doğulmağımın belə bir günlə üst-üstə düşməsini təsadüf hesab etməyib İsa Peyğəmbəri özümün xilaskarım kimi qəbul etdim. İsa peyğəmbərə inam əlaməti olaraq Moskva kilsəsində xristianlığı qəbul elədim".Bəstəçi CənnətÖtən əsrin 80-ci illərinin sonunda artıq milyonçu kimi məşhurlaşan Cənnət öz "uşaqlıq arzusi"nu yerinə yetirməyə fürsət tapır. 1989-cu ildə Sverdlovskidə "Təbriz" adlı ansambl quraraq öz adamlarına 4 nəfər gənc, lakin təhsilsiz müğənniləri tapıb onun yanına gətirmək tapşırığı verir. Həmin 4 nəfər Musa Musayev, Vuqar Yusubov, Cəlilağa və Şakir Quliyev qardaşları olur. Ansamblın ilk mahnısı Cənnətin hələ 1973-cü ildə öz ata həsrətinə bəstələdiyi musiqisi və təbrizli şairəmiz Hökumə Büllurinin "Təbriz" şeirinin vəhdətindən yaranan "Təbriz" mahnısı olur. Həmin zamanda SSRİ-nin mərkəzi vilayətlərindən birində oturub Təbriz haqqında, Cənub həsrəti haqqında bu cür işə cəhd etmək çox təhlükəli olur, SSRİ KQB-si tərəfindən təqiblərə məruz qalan Cənnət Əliyev öz məqsədindən dönmür. "Təbriz" mahnısı üçün klip çəkiminə başlanır, Sverdlovskidə İset çayının sahilində klip üçün 2 km uzunluğunda saxta sərhəd çəkilir, külli miqdarda vəsait klipin çəkilişinə ayrılır. Həmin klip efirə getdikdən sonra, çəkilən saxta sərhəd yandırılıb həqiqi Araz sərhədinə çalandıqdan 10 gün sonra nəticədə Azərbaycan xalqı ayağa qalxaraq SSRİ imperiyasının sərhədini yarmağa müvəffəq olur. Həmin hadisə 1989-cu il 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü kimi tarixə düşüb.1990-cı il 20 Yanvar faciəsində güllə-borana düşür, bu hadisədən ciddi psixoloji zədələr alır. 1 həftə sonra Vilnus şəhərinə gedərək qəzetlərdə 20 Yanvar faciəsinin beynəlxalq aləmə çatdırılması üçün müsahibələr verir. Müharibə illərində orduya külli miqdarda vəsait ayırır.Milyonçu CənnətRusiyaya gəlişi haqqında danışan Cənnət Əliyev deyir ki, ora çatanda cibində cəmi 8 rubl pulu olub: "Buranı başqa cür təsəvvür edirdim. Diskotekalar, rus qızları, yemək-içmək. Amma elə birinci gün cibimdəki 8 rubl bitdi. Bir gün dözdüm. İkinci gün avtomat telefonların qarşısında dayanıb "zəng vuracam" adı ilə adamlardan 2 qəpik-2 qəpik toplamağa başladım. Amma gördüm ki, bundan bir şey çıxmayacaq. Bu, peşəkar dilənçilik deyil, həvəskar dilənçilikdir. Qoşuldum həqiqi dilənçilərə. Özümə oturmaq üçün bir yeşik də tapdım. Axşam gedəndə öz yeşiyimi gizlədirdim ki, aparan olmasın. Hələ təzə-təzə dilənməyə başlayanda başqa bir dilənçinin pulunu qaçırtmaq istədim. Ürək eləmədim, ikinci dəfə yenə də ürək eləmədim. Amma ücüncü dəfə aclıq mənə qalib gəldi və vicdanımı qapadım. Dilənçi sanki bunu hiss elədi və içi pul dolu olan papağını bir qədər də özünə tərəf çəkdi. Hesab edirəm ki, insan psixologiyasını dilənçilərdən yaxşı kimsə bilə bilməz. Mən də insanları, insan psixologiyasını dilənçilik edəndə öyrəndim".Bir jurnalistin "Milyonçu olmaq üçün nə qədər pul lazımdır" - sualına Cənnət Əliyev belə cavab verir: "Milyonçu olmaq üçün ən əvvəl yaxşı ideyalara sahib olmalısan".Amma deyərdik ki, yaxşı ideyaları sayəsində tanınan bu yetim oğlan heç də insan psixologiyasını tam öyrənə bilməyib. Belə olmasa idi, sonuncu müsahibələrinin birində - "Artıq önəmi qalmayıb. Təkcə mahnım oğurlansa nə var idi, mənəviyyatım, bütün maddi sərvətlərim, hər şeyim, nə varsa oğurlanıb" - deməzdi.Bəli, söhbət onun məşhur "Təbriz" mahnısının digər müğənni-bəstəçi Musa Musayev tərəfindən mənimsənilməsindən gedirdi. Bununla bağlı uzun müzakirələr getdi, hətta Cənnət Əliyev əlindəki dəlillərlə birlikdə Ali Məhkəmənin sədri Ramiz Rzayevə də mürciət etdi. Əslində, bu ayrı bir yazının mövzusu olsa da, bu faktı qeyd etməyimizin səbəbi odur ki, insanları heç də dərindən tanımaq olmur, bəzən ən yaxın bildiyimiz adamlar bizə ən dərin yaranı vurur.Krişnaçı CənnətMilyonçu Cənnət haqqında olan maraqlı faktlardan biri onun Krişna cərəyanına qoşulması, qədim hind fəlsəfəsi ilə dərindən maraqlanması, hətta 13 ay ərzində başını qırxdıraraq Veda fəlsəfəsini yaymaqla məşğul olmasıdır. Bununla da onun dini cərəyana xidməti bitmir, 11 otaqlı, 3 mərtəbəli binanı, 3 avtomobilini krişnaçıların ixtiyarına verir. Bu səxavət nədən irəli gəlir? Özü bunu Krişna dini cərəyanındakı dərin fəlsəfi görüşlə əlaqələndirir. Amma bir çoxları yaxşı bilir ki, Cənnət Əliyev həm də məcarapərəst birisi olub.İslama dönən Cənnətİslamın onun qanından, canında olduğunu deyən Cənnət Əliyev anasının, atasının, hətta yetimxanada ona dayəlik edən qadının namaz qıldığını xatırlayır. Yenidən islam dinini qəbul edən bu adam Kərbəlaya. Məşədə, hətta Məkkəyə gedir, dini ibadətgahları ziyarət edir. O, nə axtarırdı ki?Ağ atlı Cənnət"Bütün dinləri keçdim. Həqiqət axtarırdım. Amma tapa bilmədim. Üz tutdum heyvanlarla ünsiyyətə. Özümə bir ağ at aldım və adını da "Zaman" qoydum. Onun belinə oturub çapanda qalib sanırdım varlığımı. Sonra vəhşi heyvanlara meyl etdim. Pələnglə ünsiyyət qurmağı öyrəndim. Əfi ilanlarla ünsiyyətə girdim. Amma axırda anladım ki, ən vəhşi heyvanlarla ünsiyyətə girmək əslində, çox asandı. Ən çətini insanlarla ünsiyyət qurmaqdır".Yetim, xristian, krişnaçı, müsəlman, bəstəçi, milyonçu və hələ çox adamın bilmədiyi, tanımadığı Cənnət Əliyev 60 yaşında dünyadan köçdü.  (1954-cü il 17 aprel - 2014-cü il 30 oktyabr).  Necə? Bunu ancaq yaxınları və özü bilir. Bəs o, axtardığı həqiqəti bu dünyada tapa bildimi? Bunu isə heç kim bilmir...Nuray

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM