"Azərbaycanlı qadınların ən böyük problemi budur!" - Psixoloq

12:43 | 11.03.2015

"Azərbaycanlı qadınların ən böyük problemi budur!" - Psixoloq

 
Qadına qarşı şiddət, zorakılıq hələ də cəmiyyətimizin əsas problemlərindən biri olaraq qalmaqdadır. Qadınların çoxu bu problemdən əziyyət çəksələr də, adətən bu barədə danışmaqdan, bunu ifadə etməkdən çəkinirlər. Onlar bir çox hallarda bunu tale kimi qiymətləndirirlər. Bu halların, yəni qadına qarşı şiddətin, zorakılığın olmasının əsas səbəbləri nədir? Niyə bu problemləri xanımlarımız gizli saxlayırlar? Bu mövzu niyə daha çox aktual deyil? Qadına qarşı zorakılığın qarşısını qarşısını necə almaq olar? Bu sualları aydınlaşdırmaq üçün psixoloq Vəfa Əkbərə müaricət etdik.
 
Psixoloq ANN.Az-a açıqlamasında qadına qarşı zorakılıqdan danışarkən bildirdi ki, ümumiyyətlə ölkəmizdə qadına qarşı şiddət qabarıq şəkildə vurğulanmır: "Bunun əsas səbəblərdən biri odur ki, bizim cəmiyyətdə qadın özünə dəyər vermir, özünü qiymətləndirmir, qarşılıqlı hörmət tələb etmir. Qadın özünə daha çox dəyər verməli, özünü cəmiyyətdə, ailədə, işdə, hər yerdə daha yaxşı göstərməlidir. Amma bizdə bunu bəzi qadınlar ümumiyyətlə etmirlər və nəticədə şiddətə məruz qalırlar. Misal üçün, bu mövzu ətrafında kiçik bir araşdırma aparsaq, "Siz öz yaşam tərzinizdən narahatsınızmı?” sualını versək, görərik ki, heç bir qadın şikayətçi olmayacaq. Şikayətini, problemi daim gizlətməyə çalışacaq. Hətta bu problemə görə psixoloqa müraciət belə etməyəcəklər. 
Qeyd edim ki, bir psixoloq kimi mənə bu problemə görə heç bir xanım müraciət etməyib. Digər həmkarlarıma da çox təsadüfi hallarda müraciətlər olub. Müraciət olunmamasının əsas səbəblərindən biri odur ki, xanımlardan soruşsaq, deyəcəklər ki, bu bizim şəxsi problemimizdir, biz ailəyik və ailəmizdə problemlər ola bilər. Onlar düşünürlər ki, bu problemləri açıb bizə desələr, onların ailələri dağılacaq. Amma düşünmürlər ki, bu kiçik problem yığılıb böyüyür və daha böyük problemə çevrilir. Və nəticədə qadına qarşı şiddət olur və bu proses gizli olanda bu şiddət daha da artır. Əgər o kiçik problem vaxtında həll olunsa, qadın özünə qarşılıqlı hörmət tələb etsə, özünü heç vaxt həyat yoldaşının yanında ucuz tutmasa, bu şiddət halları da baş verməz".
 
Psixoloq qadına qarşı şiddətin ən çox regionlarda geniş yayıldığından söz açarkən bildirdi ki, qadına qarşı şiddət ümumiyyətlə regionlarda daha geniş yayılıb: "Çünki bizim rayonlarda hər hansı bir xanım ailə həyata qurursa, həmin andan ona ata evinə geri qayıtmaq olmaz. Buna görə də qadına qarşı şiddət, ailədə təhqirlər, dözülməz işgəncələr olsa belə, həmin xanımın başqa çarəsi yoxdur. Çünki o, ata evinə qayıda bilməz. Bütün bu fikirlər tamamilə yanlışdır. Çünki xanım ailə həyatı qurursa, təbii ki, orada problem olacaq. Amma regionlarda yaşayan xanımlarımız artıq bu vəziyyətə alışıblar. Onlarbəziləri şiddətə görə  psixoloqa müraciət etmək kimi anlayışın mövcudluğundan belə xəbərsizdilər. Deyirlər ki, biz niyə ailə söhbətimizi başqa birinə deməliyik. Nə qədər ki, qadınlara qarşı şiddət var, işgəncə, təhqir var, xanımlar bu problemi gizli saxlamamalıdırlar. Ən azından bu mövzuya görə lazımı orqanlara müraciət etməlidirlər. Psixoloqa müarciət etməli, problemlərini həll etməlidirlər".
 
Sonda psixoloq doğrudan da qadına qarşı şiddət mövzusunun ictimaiyyət arasında kifayət qədər geniş yayılmamasının mənfi hal olduğunu bildirdi: "Qadına qarşı şiddət mövzusu telekanallarda da az müzakirə olunur. Bu mövzu daha çox müzakirə olunarsa, bu həm qadınlarımız üçün, həm də ailələrin maariflənməsi yolunda atılmış addım olar. Ən azında həmin müzakirələrdən ailələr hər hansı bir nəticə çıxara bilərlər. Bu həm ailələrdə boşanmaların qarşısını alar, həm də qadına qarşı zorakılıq, şiddətin qarşısı alına bilər".

Orxan Aslanlı
 
ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti