İran dövlət televiziyasında (İRİB) “Sərzəmin-e Kohən” (“Qədim torpaq”) adlı serialın yayımı Bəxtiyarilər tayfasının böyük narazılığına səbəb olub. APA-nın “Radiofərda”ya istinadən verdiyi məlumata görə, İranın müxtəlif bölgələrində yaşayan Bəxtiyarilər tayfası serialın yayımına qarşı kütləvi aksiyalar keçirib. Əsasən İsfahan, Əhvaz, Məscid Süleyman, Dezful, Əndimeşk, İzə, Şəhrikürd, Əligodərz şəhərlərində geniş vüsət almış mitinqlərdə Bəxtiyarilər tayfasından olan deputatlar, hökumət rəsmiləri, axundlar və yerli sakinlər iştirak ediblər. Fevralın 14-də başlayan və ertəsi gün də davam etdirilən aksiyalarda iştirakçılar İranın tanınmış azərbaycanlı rejissoru Kamal Təbrizi tərəfindən çəkilmiş serialda Bəxtiyarilər tayfasına qarşı təhqiramiz ifadələrə yer verildiyini açıqlayaraq, dövlət televiziyasının məsuliyyət daşıdığını vurğulayıblar. Bu səbəbdən nümayişçilər “Sərzəmin-e Kohən” serialının yayımınının dayandırılmasını və İRİB rəhbərinin istefasını tələb ediblər. Məsələyə münasibət bildirən İranın daxili işlər naziri Əbdürrza Rəhmani Fəzli serialın yayımının yenidən nəzərdən keçiriləcəyini söyləyib. İRİB rəhbəri İzzətullah Zərğami də bununla bağlı öz müavininə xəbərdarlıq edərək, serialların çəkilişi zamanı ölkədəki bütün tayfalara hörmətlə yanaşılması məsələsini dövlət televiziyasının prinsiplərindən biri adlandırıb.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !