Azərbaycanla Serbiya arasında siyasi məsləhətləşmələr olub

16:33 | 16.10.2024
Azərbaycanla Serbiya arasında siyasi məsləhətləşmələr olub

Azərbaycanla Serbiya arasında siyasi məsləhətləşmələr olub

Azərbaycanla və Serbiya Xarici İşlər nazirlikləri arasında Belqrad şəhərində siyasi məsləhətləşmələrin növbəti raundu keçirilib.
Bu barədə "Report"a Azərbaycan Xarici İşlər Nazirliyindən (XİN) bildirilib.


Məlumata görə, Azərbaycan nümayəndə heyətinə xarici işlər nazirinin müavini Fariz Rzayev, Serbiya nümayəndə heyətinə Xarici İşlər Nazirliyinin dövlət katibi Damyan Yoviç rəhbərlik edib.

Görüş zamanı iki ölkə arasında strateji tərəfdaşlığın gücləndirilməsi, siyasi, iqtisadi, energetika və humanitar sahələrdə, o cümlədən beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın hazırkı vəziyyəti və inkişaf perspektivləri, eləcə də ölkəmiz tərəfindən həyata keçirilən strateji enerji və nəqliyyat layihələri ilə bağlı müzakirələr aparılıb.

Cari ilin noyabr ayında Azərbaycanın ev sahibliyi edəcəyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) iki ölkə arasında mövcud strateji əməkdaşlığın inkişafı üçün yeni imkanlar yaradacağı bildirilib.

Azərbaycan-Serbiya parlamentlərarası əməkdaşlığın əhəmiyyəti vurğulanıb və bu xüsusda qarşılıqlı səfərlərin, ikitərəfli və çoxtərəfli müstəvidə təmasların daha da intensivləşdirilməsinin faydalı olacağı qeyd edilib.

Görüşdə postmünaqişə dövründə bölgədəki vəziyyət, Azərbaycan tərəfindən davamlı sülhün bərqərar olunması istiqamətində atılan addımlar, işğaldan azad edilmiş ərazilərimizdə mina problemi və orada həyata keçirilən bərpa-quruculuq işləri barədə qarşı tərəfə ətraflı məlumat verilib.

Siyasi məsləhətləşmələr zamanı, həmçinin regional, beynəlxalq məsələlər və birgə maraq kəsb edən digər mövzular da müzakirə olunub.

Səfər zamanı F.Rzayev, həmçinin Serbiyanın digər rəsmi şəxsləri ilə görüşüb, eləcə də tədqiqatçılar və ekspertlərlə dəyirmi masa formatında keçirilən müzakirələrdə iştirak edib.


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM