Müxtəlif təşkilatlar, dövlət qurumları tərəfindən maarifləndirmə layihələri həyata keçirilsə də qadınlara qarşı zorakılıq halları, xüsusən də amansızlıqla törədilən cinayətlərə mətbuatda hər gün rast gəlirik.
Zərif və zəif cinsin qurban olduğu bu amansız cinayətlər ictimaiyyətdə ciddi narahatlığa səbəb olub. Sosial mediada #QadınaŞiddətəSon həştəqi ilə birləşən insanlar öz etirazlarını ifadə ediblər. Ziyalı təbəqə cinayətlərin qarşısının alınması üçün maarifləndirməyə ehtiyac olduğunu, problemlərin həllinin zorakılıqla mümkün olmadığını qeyd ediblər. Bundan başqa, hüquq müdafiə təşkilatlarına da insanlara hüquqi dəstək vermələri üçün çağırışlar edilib.
"Videozavr prodakşn” məsələnin ciddiliyini nəzərə alıb Azərbaycanda qadınlara qarşı aqresiyanı, seksual təcavüzü, şiddət və zorakılığı əks etdirən qısametrajlı film çəkməyə qərar verib.
"Maska 3” adlanan filmdə rolları Kənan Yusifov, İlkin Zülfü, Süleyman Süleymanzadə, Taleh Yüzbəyov, Sabir Samiroğlu, Sənurə Cəfərova, Kəmalə Mehdiyeva, Sevinc Bəxtiyar, Röya Nəbiyeva, Ayşən Süleymanova, Fuad İsgəndərov, Vüqar İbrahimli canlandırıb.
20 dəqiqəlik ekran işində Azərbaycan cəmiyyətində boşanmış qadına olan qeyri-adekvat münasibət çılpaqlığı ilə tamaşaçıya çatdırılır. Əminliklə deyə bilərik ki, Azərbaycanda hələ belə bir film çəkilməyib.
Filmdə boşanmış Azərbaycan qadının ümumiləşdirilmiş obrazının əks cins tərəfindən seksual obyekt kimi qəbul edildiyini, hər gün söz və jestlərlə seksual təcavüzə məruz qaldığını görürük. Gənc xanım sonadək namusunu qoruyub saxlamağı bacarsa da, adı ləkələnir və sonda onunla barışmaq məqsədilə geri dönən əri tərəfindən qəddarcasına qətlə yetirilir.
Filmin cəmiyyətə ötürmək istədiyi mesaj boşanmış qadına, ümumiyyətlə qadına olan münasibətin dəyişdirilməsinin zamanı gəldiyini çatdırmaqdır. Bu film "Namusumu təmizlədim” deyib, özlərinə haqq qazandıran qatillərə vicdan əzabı verəcək...
#QadınaŞiddətəSon
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !