Tanınmış hərbi jurnalist və ekspert, Qarabağ savaşının iştirakçısı, ehtiyatda olan polkovnik-leytenant Üzeyir Cəfərov "Moderator.az” saytının rəhbəri olduğu rus versiyası vasitəsi ilə Rusiya prezidenti Vladimir Putinə çox ibrətamiz bir məktub ünvanlayıb. Məktubun tərcüməsini olduğu kimi nəzərinizə çatdırırıq:
Rusdilli oxucular üçün müraciətin orijinalını təqdim edirik: moderator.az/ru/news/44159.html
"Hörmətli Vladimir Vladimiroviç!
Sizdən mənim - Azərbaycan Respublikası vətəndaşı, Silahlı Qüvvələrin keçmiş zabiti və peşəkar hərbi-siyasi jurnalistin belə bir adi, ancaq eyni zamanda çox aktual sualına cavab verməyinizi istərdim: Siz, Rusiya Federasiyasının rəhbəri kimi, yəqin ki, hərdən Sizin bəzi vətəndaşlarınız, xüsusilə, siyasətçilərinizə görə utanc hissi keçirirsinizmi? Və əgər Siz doğrudan da sualıma səmimi cavab verəcəksinizsə, Sizə səmimilik və vicdanlılığınıza görə minnətdar olaram. Son zamanlar RF vətəndaşı, eyni zamanda RLDP lideri olan Jirinovski Vladimir Volfoviç öz davranışları və əməlləri ilə, normal Rusiya siyasətçisini və vətəndaşını, sadəcə, biabır edir. Mənə elə gəlir ki, Sizin köməyinizlə onu təcili şəkildə Rusiya, yaxud xaricdə ən təcrübəli həkimlərdən birinin yanına müalicəyə yollamaq lazımdır. O, çox ağır xəstədir və bu mərəzi gündən-günə daha da inkişaf edir. Qorxuram ki, günlərin bir günü Jirinovski elə bir iş törədəcək ki, sonra gec olacaq və bu, sadəcə, Rusiya rəhbərliyinə böyük biabırçılıq yaşadacaq. Hər nə olsa da, o, nə vaxtsa Rusiyanın öz dövrü üçün tanınmış siyasətçilərindən biri olub və onu Sizin tərəfdaşınız hesab ediblər. Onu tez-tez müxtəlif televiziya verilişlərinə və tədbirlərə çağırırlar. Və həmin yerlərdə o, öz qəribə davranış və sözləri ilə insanı dərin düşüncəyə vadar edir ki, doğrudanmı bu adamda hər şey qaydasındadır? Daha doğrusu, onda son zamanlar çox təhlükəli hallar müşahidə olunur. Biz hamımız son illər ona diqqət edirik və aydın olur ki, xüsusən son illər o, fiziki və psixoloji planda çox geriləyib. Zənnimcə, əgər o, normal və sağlam insan olsaydı, öz opponentlərinə, xüsusən keçmiş Sovet İttifaqı xalqlarına qarşı söylədiyi sözlərdə, sərgilədiyi davranışlarda bu qədər ədəbsizliyə, kobudluğa, hətta bəzən nadanlığa yol verməzdi.
Hörmətli Rusiya prezidenti, Siz, mənə etiraz edə bilərsiniz ki, Jirinovski azad insan və siyasətçidir. Və heç kəs ona davranış və deyimlərində qadağa qoya bilməz. Hardasa Sizinlə razıyam. Ancaq axı bütövlükdə o, Rusiyanın ali elitasını təmsil edir. Və onun bütün qəribə davranış və hoqqaları, söz və cümlələri ətrafdakılar tərəfindən Rusiya Federasiyasının yüksək çinli şəxslərinin mövqeyi kimi qəbul olunur.
Dünən bizə məlum olub ki, bu başabəla siyasətçi yenidən "konspektləri qarışdırıb” və elə bir boşboğazlıq edib ki, onun dərrakəsinə heyran qalırsan. Budur onun "Moskva-Bakı” nəşrinə nüsahibəsindən sitat:
"Rusiya imperiyası və SSRİ tərkibində dəqiq sərhədlər yox idi və yerli inzibati idarələr o qədər böyük rola malik deyidi. Ermənilər Bakıda, azərbaycanlılar isə Ermənistanın müxtəlif rayonlarında yaşayırdılar. Lakin sonradan sərhədlər müəyyənləşdi və indi hər iki ölkə Dağlıq Qarabağı öz ərazisi hesab edir. Və onlar heç vaxt razılığa gələ bilməyəcəklər. Qarabağ dağlıq ərazidir və çox balacadır. Qüds kimi - orada ərəblər və yəhudilər arasında həmişə münaqişə olacaq. Bu səbəbdən də Qarabağda xarici hakim lazımdır - bu yalnız Moskva ola bilər, çünki onların hər ikisi rus dilində danışırlar. Analoji münaqişələr Dnestryanı, Abxaziya və Cənubi Osetiyada da var. SSRİ-nin tərkibində olarkən bu dörd yerdə problem yox idi. Amma onlar İttifaqdan ayrılan kimi ara qarışdı”-deyə Kreml siyasətçisi davam edib:
"Biz əminik ki, SSRİ-nin sərhədləri könüllü və ya referendum vasitəsi ilə bərpa edilməlidir. Keçmiş respublikaların hamısı Rusiyanın tərkibinə daxil olunmalıdır. Yalnız bundan sonra sülh gələcək, bütün münaqişələr öz həllini tapacaq və böyük ölkənin bütün xalqları sabahkı gündən qorxmayaraq rahat yaşayacaqlar”- deyə RLDP lideri hesab edir.
Onun dediyi bu ifadələr bizləri bir daha əmin edir ki, bu adamın böyük siyasətdən uzaqlaşması vaxtıdır və onu mütləq cəmiyyətdən izolə etmək lazımdır. Keçmiş SSRİ-nin bərpası haqda onun deyimləri faktiki olaraq RF ilə bərabər BMT, ATƏT, Aİ və digər nüfuzlu beynəlxalq təşkilat və qurumların üzvü olan bütün suveren dövlətlərin milli hisslərini təhqir etmək deməkdir. Və onun konkret olaraq Azərbaycana qarşı olan sözlərini, şəxsən mən, ölkəmin milyonlarla vətəndaşı kimi bizim milli və dövləti maraq və hisslərimizə hörmətsizlik və təhqir kimi qəbul edirəm.
Hörmətli Vladimir Vladimiroviç, mənim Sizə məktubum çox sadə və hardasa hətta qeyri-etik görünə bilər. Mən xüsusi olaraq Sizə müraciətimi belə sadə və aydın dildə yazdım ki, qoy az da olsa, siyasətlə maraqlanan hər kəs Sizdən nə xahiş etdiyimi anlasın. Xahişim isə ondan ibarətdir ki, hamı, o cümlədən Sizin dövlətin RLDP lideri kimi siyasətçiləri keçmiş SSRİ-nin hazırda suveren müstəqil olan dövlətlərinə hörmət və vicdanla yanaşsınlar. Təəssüf ki, Vladimir Jirinovski və ona bənzərlər özlərini ləyaqətsiz aparır və normal insanlarda rus xalqına və ayrıca RF rəhbərliyinə nifrət hissləri oyadırlar.
Əgər Sizə xaricdə, o cümlədən Azərbaycanda Rusiya və onun rəhbərliyi haqda nə düşündüklərini bilmək maraqlıdırsa, bir daha təşəkkür edirəm.
Hörmətlə, hərbi jurnalist, Qarabağ savaşının iştirakçısı,
hazırda təqaüdçü zabit, ehtiyatda olan polkovnik-leytenant,
"Moderator.az” saytının rus versiyasının rəhbəri Üzeyir Cəfərov”.
Tərcümə etdi: Sultan Laçın
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !