Novruz Həsənov dünən saat 23 radələrində dünyasını dəyişib.
BiG.AZ xəbər verir ki, N. Həsənov son bir ildə xərçəng xəstəliyindən əziyyət çəkirdi. Tiflis xəstəxanasında əməliyyatdan sonra halı qəfil pisləşib və komaya girib. Onun həyatını xilas etmək mümkün olmayıb.
Novruz Həsənovun yas mərasimi doğulduğu Tovuz rayonunun Bozalqanlı kəndində olacaq.
Qeyd edək ki, o, Azərbaycanda və türk dünyasında Novruz Əmi kimi tanınırdı, milli azadlıq hərəkatının əfsanə isimlərindən idi.
Novruz Həsənov 1948-ci ilin martında Tovuzun Bozalqanlı kəndində doğulub. BDU-nun hüquq fakültəsini bitirib. DİN orqanlarında müxtəlif vəzifələrdə çalışıb. Nüfuzlu polis zabiti olub. Azərbaycanın müstəqilliyi uğrunda milli azadlıq hərəkatı başlayanda, ona ilk dəstək verənlərdəndir. Hərəkatın lideri Əbülfəz Elçibəyin yaxın dostu olaraq AXC-nin regional təşkilatlarının qurulmasında xidmətlər göstərib. Erməni işğalına qarşı xalq müqavimətinin təşkilatçılarındandır. 1992-93-cü illərdə Tovuzda polis rəisi vəzifəsində çalışıb. Ölkə rəhbərliyinin tapşırığı ilə Tovuzun Kirən kəndində qurduğu "Ruzigar” düşərgəsi, türk dünyasının əfsanəsi adını qazanıb. Türkiyədən gələn döyüşçülərdən təşkil olunan "Ruzigar”kampı bölgədə gedən hərbi əməliyyatlarda böyük rol oynayıb. Xocalı soyqırımının ilk ildönümündə Ermənistan ərazisinə girib, türk döyüşçülərlə düşməndən layiqli qisas almaq üçün geniş əməliyyatı hazırlayan məhz Novruz Həsənov olub. 1994-cü ildən başlayan, on üç illik məcburi mühacirətdən sonra Azərbaycan prezidenti İlham Əliyevin birbaşa müdaxiləsi ilə vətənə qayıdan Novruz Həsənov, xidmətlərinə görə ülküçü camiədə və ölkədə Novruz Əmi kimi qəbul olunub./musavat/
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !