Tatyana Əhmədova iddiasında bildirir ki, onun 26 yaşlı oğlu Teymur Əhmədov atasının aktivlərinin ailə investisiya fonduna məxsus olduğunu iddia etməklə boşanma təzminatının ödənilməsinə mane olur. Və T.Əhmədovanın keçmiş ərinə qarşı məhkəmə çəkişmələrinə sponsorluq edən "Burford Capital” şirkətinin Fərhad və Teymurun təzminat ödəməkdən yayınmaq üçün qurduqları sxemə qarşı beynəlxalq miqyasda məcburi icra tədbirləri görməyə ixtiyarı var. T.Əhmədovanın oğluna qarşı iddiasına ötən gün yanvarın 20-də baxılıb və məhkəmə Teymur Əhmədovun atası ilə birlikdə cavabdeh kimi tanınması məsələsinə dair qərar çıxarmağı mart ayına qədər təxirə salıb.
Xatırladaq ki, Fərhad Əhmədovla onun keçmiş arvadı Tatyana arasında mübahisə illərdir davam edir. Hərçənd biznesmen ona dəfələrlə xəyanət etdiyinə görə arvadından 19 il əvvəl Rusiyada rəsmən boşandığını bildirir. Lakin bir neçə il əvvəl, F.Əhmədov Rusiyadakı "Nortgaz” şirkətini "Qazprom”a satıb 1.2 milyard dollar əldə edəndən sonra T.Əhmədova London məhkəməsində boşanma iddiası qaldırıb. Və təzminat kimi onun sərvətinin yarısını tələb edib. Məhkəmə bu iddianı təmin edib, amma F.Əhmədov keçmiş arvadına təzminat ödəməkdən qəti imtina edir. Bu mübahisə çərçivəsində biznesmenin "Luna” adlı təqribən 500 milyon dollarlıq yaxtasına Dubayda həbs qoyulmuşdu. Amma il yarıma yaxın çəkən məhkəmə çəkişməsindən sonra F.Əhmədov yaxtanın keçmiş arvadının əlinə keçməməsinə nail oldu.
F.Əhmədov bildirirdi ki, yaxta və onun bir çox aktivləri ailə investisiya fondunun mülkiyyətidədir və nəticədə boşanma təzminatı kimi ödənilə bilməz.
www.anews.az