Azərbaycanlı milyarderə borc vermədilər

20:39 | 03.06.2015
Azərbaycanlı milyarderə borc vermədilər

Azərbaycanlı milyarderə borc vermədilər


Vahid Ələkbərov "Şahdəniz”ə görə Qərbdən 1 milyard borc ala bilmədi

Qara dəniz Ticarət və İnkişaf Bankı azərbaycanlı neft maqnatı Vahid Ələkbərova "Şahdəniz-II” yatağındakı investisiya payını maliyyələşdirmək üçün kredit ayırmaq məsələsinə baxır.

Açıqlamaya əsasən bank "LUKoil”un törəmə şirkəti "LUKoil Overseas Shahdeniz Ltd” şirkətinə "Faza-2” müqaviləsi çərçivəsində "Şahdəniz” yatağının işlənməsi layihəsindəki işlərin maliyyələşdirilməsi üçün kredit ayırmaq imkanlarını nəzərdən keçirir. Bank şirkətin nə qədər kredit almaq üçün müraciət etdiyini açıqlamır.

Məlumatda deyilir: "Banka təqdim edilən layihə iki dəniz platformasının tikintisi, Səngəçal terminalının genişləndirilməsi və Cənub-Qafqaz boru kəməri magistralının Bakı-Gürcüstan-Türkiyə sərhədi hissəsinin tikintisini nəzərdə tutur”.

"Şahdəniz-II” layihəsinə 28 milyard dollara yaxın investisiya qoyuluşu planlaşdırılıb.

Xatırladaq ki, "LUKoil” Azərbaycanın "Şahdəniz” yatağında 10 faizlik paya malikdir. Rusiya şirkəti layihədəki payını idarə etmək üçün "LUKoil Overseas Shahdeniz Ltd” törəmə şirkətini yaradıb. Müqaviləyə əsasən "Şahdəniz-II” layihəsinə dair investisiyanın 10 faizini Vahid Ələkbərovun şirkəti qoymalıdır.

Lakin azərbaycanlı neft maqnatı bu işləri maliyyələşdirmək üçün çoxdandır kredit mənbələri axtarsa da çətinliklərlə üzləşib.

"LUKoil” şirkəti hələ Ukrayna ətrafında böhran dərinləşməzdən əvvəl Avropa Yenidənqurma və İnkişaf Bankından "Şahdəniz” üçün kredit istəmişdi. O vaxt bank açıqlamışdı ki, "LUKoil” yataqdakı payını maliyyələşdirmək üçün 1 milyard dollar kredit istəyir.

Lakin bank kredit məsələsinə baxılmasını bir neçə dəfə təxirə saldı. Və indi belə görünür ki, Vahid Ələkbərov Avropa Bankından əl üzərək Qara dəniz regional bankına üz tutub. Ehtimal ki, Avropa bankı Ukrayna məsələsinə görə Rusiya ilə Qərb arasında münasibətlərin gərginləşməsinə görə "LUKoil”a kredit verməyib. Habelə "LUKoil” Qərbin Rusiyaya qarşı bəzi sanksiyalarının təsiri altına düşür.

Qara dəniz Ticarət və İnkişaf Bankı 1997-ci ildə Qara dəniz hövzəsi ölkələrinin iqtisadiyyatının inkişafına dəstək vermək və regional əməkdaşlığı möhkəmləndirmək üçün yaradılıb. Onun təsisçiləri 11 ölkə - Rusiya, Yunanıstan, Türkiyə, Bolqarıstan, Ukrayna, Rumıniya, Albaniya, Azərbaycan, Ermənistan, Gürcüstan və Moldovadır. Azərbaycanın bankın səhm kapitalında payı 5 faiz təşkil edir.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM