Yeni vəzifəsində Elxan Məmmədov BP-nin apstrim seqmentində dünya üzrə bütün hasilat işlərinin idarə edilməsinə cavabdeh olacaq. O, hasilat və əməliyyatlar üzrə icraçı vitse-prezident Qordon Birrelin rəhbərliyi altında bp-nin London ofisində çalışacaq.
Hazırda Elxan Məmmədov şirkətin Azərbaycan-Gürcüstan-Türkiyə (AGT) regionunda hasilat üzrə vitse-prezidentidir. O, bu vəzifədə son bir neçə ildir ki, AGT regionunda bp-nin bütün hasilat işlərinə rəhbərlik edir.
Elxan Məmmədov bp-də fəaliyyətinə 2001-ci ildə nəzarət-ölçü cihazları üzrə texnik vəzifəsi ilə başlayıb. Bundan əvvəl isə o, aviasiya sektorunda işləyib.
"BP-də Elxan quruda və dənizdə bir sıra yüksək vəzifələrdə, o cümlədən dəniz platforması meneceri və sahə əməliyyatları üzrə menecer vəzifələrində çalışıb. O, həmçinin AGT üzrə regional prezidentin biznes müşaviri vəzifəsində işləyib. Elxan nəhəng AÇG və Şahdəniz yataqları, dünyanın ən böyük quru terminallarından biri olan Səngəçal terminalı, habelə Azərbaycan, Gürcüstan və Türkiyə əraziləri boyunca uzanan neft və qaz ixrac boru kəmərləri də daxil olmaqla mürəkkəb əməliyyatları uğurla idarə etmək təcrübəsinə malikdir", - məlumatda bildirilib.
Elxan Məmmədovun Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin proseslərin avtomatlaşdırılması üzrə magistr dərəcəsi, Massaçusets Texnologiya İnsitutu (MIT) və London Biznes Məktəbinin bir sıra ixtisaslaşmalar üzrə diplomları var.
O, Əməliyyatlar üzrə ən yüksək Pol Martins mükafatına layiq görülüb.
2014-cü ildə ElxanMəmmədov Azərbaycan Prezidenti tərəfindən ölkənin neft və qaz sənayesinin inkişafına verdiyi əhəmiyyətli töhfələrinə görə "Tərəqqi” medalı ilə təltif olunub. Ailəlidir, üç övladı var.
N.Təbrizli
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !