Azərbaycanlı pəhləvan Əmir Balakənli İrkutskda öz saçları ilə çoxtonnajlı yük maşınını dartıb və bununla da, onu izləyən hər kəsi, eləcə də yük maşınının sürücüsünü şoka salıb. O, həmçinin digər nömrələr də göstərib.
Buta.media xəbər verir ki, Sputnik Azərbaycan-ın məlumatına görə, pəhləvanın çıxışı İrkutsk telekanalı vasitəsilə yayımlanıb. Balakənli Umumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK) İrkutsk Dairə Şurasının (İDŞ) dəvəti əsasında ora gedib.
O, əvvəlcə iti baltanı öz bədənində sınaqdan keçirib, sonra isə iti xəncərlərin üzərinə uzanıb. Ardınca dişi ilə üstündə böyük adamın oturduğu kətili saxlayıb. Daha sonra yerə uzanıb və onun üstündən "Niva” markalı avtomobil keçib.
İDŞ-nin sədri Alizar Salayevin sözlərinə görə, onlar Əmir Balakənlini bayramlarda, xüsusi tədbirlərdə tez-tez İrkutska dəvət edirlər. İstəyirlər ki, onu istedad və bacarıqları ilə təkcə Azərbaycanda deyil, dünyanın hər yerində tanısınlar.
"Əvvəlcə mənə çətin idi, sonra zamanla öyrəşdim və asanlaşdı. Bir neçə dəfə zədə almışam, qabırğamı qırmışam. Amma bu, mənim işimdir. Öz üzərimdə işləmək və yeni nömrələr hazırlamaq niyyətindəyəm” – deyə Balakənli bildirib.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !