İstanbul uzun illər sonra əcnəbilərə ev satışında birinci olan Antalyanı geridə qoyub
Cari ilin sentyabr ayında Türkiyədə əcnəbilərə ev satışına görə Azərbaycan vətəndaşları ilk onluqda qərarlaşıb. "Report"un Türkiyə Statistika İdarəsinə istinadən verdiyi xəbərə görə, əcnəbilərə ev satışında Azərbaycan ölkələrin sıralamasında 56 evlə 9-cu yeri tutub. Statistikaya əsasən yanvar-sentyabr ayları ərzində ev satışı üzrə isə Azərbaycan 568 evlə 7-ci yerdə olub.
Cari ilin sentyabr ayında Türkiyədə əcnəbilərə ev satışı əvvəlki ilin eyni ayına nisbətən azalaraq 1 768 ədəd olub. Sentyabr ayında İraq vətəndaşları Türkiyədən 359 ev satın almaqla ilk sırada qərarlaşıb. İraqı 204 evlə Səudiyyə Ərəbistanı, 160 evlə Küveyt, 115 evlə Rusiya və 109 evlə İngiltərə əvəzləyib.
Əcnəbilərə ev satışında ilk yeri 561 ev satışı ilə İstanbul tutub. İstanbulu 440 evlə Antalya, 126 evlə Yalova, 112 evlə Bursa, 105 evlə Trabzon, 85 evlə Muğla əvəzləyib. Sentyabr ayında İstanbulda keçən ilin müvafiq ayına nisbətən ev satışı 3% artaraq 546-dan 561-ə yüksəlib.
Bu ilin yanvar-sentyabr ayları ərzində isə Türkiyədə 16 min 192 ev xaricilərə satılıb. Keçən ilin eyni dövründə bu göstərici 13 min 611 olub. Yanvar-sentyabr aylarında İstanbulda əcnəbilərə ev satışı illik 26% 3 990-dan 5 033-ə yüksəlib. Nəticədə İstanbul uzun illər sonra xaricilərə ev satışında birinci olan Antalyanı geridə qoyub.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !