Azərbaycanlılar xaricdə mülk alır - Ölkələrin adı

16:19 | 24.02.2018
Azərbaycanlılar xaricdə mülk alır - Ölkələrin adı

Azərbaycanlılar xaricdə mülk alır - Ölkələrin adı

2017-ci ildə xaricdə əmlaka maraq göstərən Azərbaycan vətəndaşlarının sayında artım baş verib. Həmyerlilərimiz müxtəlif ölkələrdə fərqli çeşidli əmlaklara vəsait yatırmaqdadırlar.  Əvvəlki illərlə müqayisədə əmlaka yatırım coğrafiyası və məqsədlər də dəyişib.

"Qafqazinfo” xəbər verir ki, Azərbaycan Rieltorlar Assosasiyasının rəhbəri, xaricdə əmlak üzrə ixtisaslaşmış «New Europe Baku» rieltor şirkətinin direktoru Vəfadar Axundov Fed.az-a bildirib ki, xarici ölkələrdə əmlak alan həmyerlilərimizin  maraq göstərdiyi əsas istiqamətlər Türkiyə, Şimali Kipr və Avropa bazarı, eləcə də MDB ölkələrindən Rusiya və Ukraynadır.
 
Bordum, Antalya, Alanya...

Şirkət rəsmisi bildirib ki, ötən il Türkiyədən əmlak almaq üçün müraciətlərin və əmlak əldə edənlərin sayı 2016-cı illə müqayisədə artıb: «Azərbaycanlılar ənənəvi olaraq İstanbulla yanaşı, Antalya, Alanya, Budrum kimi kurort bölgələrində də yaşayış sahələri – evlər və mənzillər almağa maraq göstərirlər».

Türkiyədə əmlak alan həmyerlilərimizin məqsədləri fərqlidir. İstanbulda mənzil alıcıları əsasən burada təhsil alanların ailələri və İstanbula tez-tez səfər edənlərdir. Bu mənzillər təhsil alanların və ya səfər edənlərin yaşaması üçün alınır. Bir qism alıcı isə İstanbulda aldıqları əmlakları kirayə vermək üçün istifadə edirlər. Antalya, Alanya və Bodrumdan yaşayış sahələrini alanlar isə bunu yatırım, yəni sonradan kirayə vermək məqsədilə edirlər.

Mənzili kirayəçisi ilə birlikdə alırlar

Azərbaycanlıların maraq göstərdiyti əmlaklar əsasən qiyməti 100 min avroyadək olanlardır: «Məsələn, hazırda biz  müştərilərimiz üçün İstanbulda 90-100 min dollarlıq, Alanya da isə 50 min avroluq mənzillər axtarırıq».

Azərbaycan vətəndaşları Türkiyədə mənzilləri əsasən yeni tikilən yaşayış komplekslərindən alırlar.  Bu variantın üstünlüyü tikilinin təzə olması, bir neçə illiyə daxili kreditlə satılması, eləcə də tikinti şirkətinin evin icarəyə verilməsi ilə bağlı təminat verməsidir. Nəticədə alıcılar mənzili dərhal uzun müddətli icarəyə verə bilirlər. Yeri gəlmişkən, Türkiyədə əmlakların populyarlaşmasının səbəbi, bu ölkədə çəkilən serialların region ölkələrində populyar olmasıdır. Seriallar vasitəsilə Türkiyə həyatı ilə tanış olan - xüsusilə ərəb vətəndaşları, sonradan bu ölkəyə vəsait yatırırlar.

2017-ci ildə bazarın maraqlı yeniliklərindən biri azərbaycanlıların Şimali Kiprdə əmlakla maraqlanmasıdır. Ekspert bildirir ki, Kiprdə əmlaklar funt-sterlinqlə və uzunmüddətli faizsiz kreditlə satılır.  Amma ada dövləti olduğuna və müştəri axını böyük olmadığına görə, buradakı əmlaklar İstanbuldakı kimi gəlirli deyil.
 
Çoxdan tanınan bazar -  Rusiya, Ukrayna

Şirkət rəhbərinin sözünə görə, Rusiya və Ukraynada əmlak almağa maraqgöstərənlər çox olsa da, dil və əlaqələr problemi olmadığına görə, həmin şəxslər rieltor şirkətlərinin xidmətindən istifadə etməkdənsə birbaşa əmlak almağa üstünlük verirlər: «Ukraynaya böyük maraq var. Buradakı evlərin əksəriyyəti kirayə verilməsi üçün alınır. Bəzi müştərilər 5-10 ev alıb kirayəyə verirlər. Moskvada isə evlərlə yanaşı, digər obyektlər, o cümlədən tələbə yataqxanasına investisiya edən müştərilər var».

Əmlak alır ki, viza problemini həll etsin

Avropa ölkələrində əmlak alan müştərilər isə əsasən Çexiya və Yunanıstana üstünlük verirlər. Səbəbi bu ölkələrdə qiymətlərin nisbətən ucuzluğu, eləcə də Azərbaycandan bu ölkələrə səfər edənlərin sayının çox olmasıdır: «Belə əmlaklar əsasən kirayə verilməsi üçün alınır, bununla yanaşı, bəzi alıcılar Avropadan əmlakı sadəcə ona görə alırlar ki, gələcəkdə Avropaya səyahət edərkən Şengen vizası problemi ilə üzləşməsinlər. Məsələ bundadır ki, həmin ölkələrdə əmlak sahibi olan xaricilər vizanı asanlıqla ala bilirlər».

Bununla yanaşı, Avropada əmlak alanlar gəlirin mənbəyini də göstərməlidirlər. Bu tələb adətən böyük məbləğli  - 500 min avrodan yüksək – əməliyyatlarda tətbiq edilir.
 
Xaricdəki əmlakını satanlar da var

2017-ci ilin ən maraqlı trendlərindən biri də azərbaycanlıların xaricdəki evlərin sataraq və ya barter edərək həmin pulla Bakıda əmlak almalarıdır. Ekspert bildirir ki, məsələn, Avropanın ən böyük ölkəsi olan Almaniyadan əmlak almaq istəyən azərbaycanların saı həddən artıq azdır. Əvəzində həmin ölkədə yaşayan və burada əmlakı olan azərbaycanlılar rieltor şirkətlərinə müraciət edərək həmin əmlakları Bakıdakı ilə dəyişmək və ya sataraq Bakıda əmlak almaq istədiklərini bildirirlər: «Bu ölkədə yaşayan bəzi azərbayanlılar orada ev və ya villa inşa ediblər, onu kirayəyə də veriblər və bizə təklif edirlər ki, onların Azərbaycandakı əmlak variantları ilə barterinə kömək edək. Hazır kirayəçi də içərisində».
 
Dubay da daha dəbdə deyil

Azərbaycanlıların geri çəkildiyi bazarlardan biri də Dubay və İstanbuldur. V.Axundov bildirir ki, vaxtilə Dubaydan ev almış iş adamları hazırda nağd vəsaitə olan tələbatlarını ödəmək, ya da ümumiyyətlə, Dubay bazarını tərk etmək üçün əmlaklarını hətta dəyərindən  aşağı satmağa çalışırlar: «Oxşar vəziyyət İstanbulda da var. Azərbaycanlıların bu şəhərə axını böyük olsa da, bəziləri vaxtilə əmlakı aldıqlarınan ucuz qiymətə satmaq istəyirlər. Hazırda bir müştərimiz vaxtilə 110 min avroya aldığı evi 80 minə satmağa çalışır».

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti