10 dekabr - Beynəlxalq İnsan hüquqları günü ilə əlaqədar edilmiş müraciətdə Dağlıq Qarabağda girov götürülən və barələrində qondarma məhkəmə prosesi aparılan soydaşlarımız Şahbaz Quliyev və Dilqəm Əsgərov barədə məlumat verilir.
Oxu.Az Diasporla İş Üzrə Dövlət Komitəsinə istinadən xəbər verir ki, müraciətdə Ermənistanın Azərbaycanın 20 faiz torpağını işğal etməsi, Azərbaycan torpaqlarının azad edilməsinə dair BMT-nin qəbul etdiyi qətnamələr xatırladılır. Daha sonra 2014-cü il iyulun 12-də doğulduqları torpaqlarda əzizlərinin məzarını ziyarət etməyə gedərkən Ermənistan Silahlı Qüvvələri tərəfindən Şahbaz Quliyev və Dilqəm Əsgərovun girov götürülməsi, Həsən Həsənovun isə öldürülməsi faktı vurğulanır. Müraciətdə həmçinin, qondarma rejimin bu insanlarla bağlı "məhkəmə” prosesinə başlamasının qanunsuz olduğu bildirilir.
Avropa Azərbaycanlıları Konqresi Beynəlxalq İnsan hüquqları günündə Avropa ictimaiyyətini insan hüquqlarının norma və prinsiplərinin pozulmasına biganə qalmamağa çağırıb. Azərbaycanlı girovların həyatının hər an təhlükədə olduğu vurğulanan müraciətdə təşkilat Şahbaz Quliyev və Dilqəm Əsgərovun pozulmuş hüquqlarının bərpası istiqamətində yardım göstərilməsini tələb edir.
"Biz dünya ictimaiyyətini beynəlxalq hüquq normaları çərçivəsində və ikili standartlara yol vermədən Ermənistanın işğal siyasətinə münasibət bildirməyə, insanların pozulmuş hüquqlarının müdafiəsi və bərpası üçün birlik və obyektiv mövqe nümayiş etdirməyə çağırırıq” – AAK-ın Avropa Parlamentinin İnsan Hüquqları komissarı Nils Muiznieksə müraciətində belə deyilir.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !