Suriyada döyüşən azərbaycanlılar haqqında həyəcanlı informasiya axını dayanmaq bilmir. Vaxtaşırı Bakıya öldürülmüş azərbaycanlı mücahidlərin meyitləri də göndərilir. Belə deyilir ki, Suriya döyüşlərində indiyədək təxminən 100 azərbaycanlı həlak olub. Eyni zamanda Suriyada üsyançılar tərəfindən prezident Bəşər Əsədə qarşı təxminən daha 250 azərbaycanlı vuruşur. Ötən ilin mayında Suriyada vuruşan azərbaycanlılar növbəti videomüraciətlə çıxış etmişdilər, onlar həmyerlilərini "Suriyada cihad" etməyə çağırırdılar. Qafqaz Müsəlmanları İdarəsindən bu məsələ ilə bağlı hər hansı mövqe öyrənmək mümkün olmadı. Amma Azərbaycan Respublikası qanunlarına əsasən, bizim ölkə vətəndaşlarımız Azərbaycanın rəsmi strukturlarına tabe olmayan silahlı dəstələrdə, eləcə də xarici ölkə ərazisində iştirak edə bilməz, əgər edərsə, bu cinayət hesab olunur və muzdurluq kimi qiymətləndirilir. Bunun üçün həmin şəxs, yaxud şəxslər məsuliyyət daşıyırlar.ANN.Az-ın suallarını cavablandıran Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı bəzi gənc vətəndaşların Bəşər Əsədə qarşı müharibədə iştirak etmə meylinin olmasının bununla izah edib ki, Ermənistan tərəfindən Azərbaycan torpaqlarının işğal altında saxlanılmasına baxmayaraq, biz öz azadlıq müharibəmizi aparmırıq: "Bu insanlar - qəlbən narahatdırlar, vətənpərvərdilər. Onlar - müharibə insanlarıdır və vuruşmaq istəyirlər. Amma burada onlar üçün uyğun şərait yoxdur. 10 il bundan əvvəl mənim yanıma Qarabağ partizan təşkilatında birləşmək üçün bir qrup adam gəldi. Onlar ermənilərə qarşı müharibənin aparılması üçün məndən maliyyə dəstəyi xahiş edirdilər. Onlara heç cür kömək edə bilmədim. Sonra məlum oldu ki, Qarabağ partizanları Suriyaya gediblər və orada vuruşublar. Dünən QAT onlardan birinin yasında idi – Rüstəm Əsgərov. Suriyada ölümündən əvvəl o, Türkiyədən öz atasına zəng edib deyibmiş: "Əgər Azərbaycanda Qarabağ müharibəsi başlayarsa, biz vətənə dönəcəyik". Atası onlara hələ ki, ölkədə belə bir əlamətin olmadığını deyib və onlar Suriyada qalmağa üstünlük veriblər”. QAT sədrinin sözlərinə görə, R.Əsgərov – "Qarabağ partizanları" təşkilatında iştirak etdiyi üçün 2003-cü ildə ittiham edilmiş 23 nəfərdən biridir: “Ötən illər ərzində iki nəfərdən başqa, hamı həbsdən çıxdı. Əsgərov da həmçinin. Sonra o, Azərbaycanda qalmayaraq Suriyaya yola düşübmüş. Hazırda həmin qrupdan cəmi iki nəfər həbsdədir - biri 10 illik həbs , digəri isə ömürlük həbs cəzasına məhkumdur. QAT onların da azadlığa buraxılamsı üçün insan haqları üzrə Avropa Məhkəməsinə müraciət edib və ümid edirik ki, bu şəxslər də tezliklə azadlığa buraxılacaqlar”.Tanınmış teoloq Teymur Atayev isə hesab edir ki, azərbaycanlılar Suriyada heç də dini görüşlərinə, inancları uğrunda vuruşmurlar: "Bəlkə də özləri elə düşünə bilərlər ki, Suriyada cihadla məşğuldurlar. Amma məsələ ondadır ki, Suriyadakı hadisələr fövqəladə siyasiləşdirilib. Məlum olduğu kimi, Bəşər Əsədin lehinə və əleyhinə müharibədə dünya gücləri iştirak edirlər, onların da özlərinin islamdan uzaq hədəfləri var. Məlum deyil ki, Suriyadakı azərbaycanlıları kim maliyyələşdirir, onlar kimin silahından istifadə edirlər? Onların Əsədə qarşı müharibəsində cihad əlaməti yoxdur, çünki Suriya –azərbaycanlıların işğalçılardan müdafiə etməli olduğu vətən deyil və Suriyada İslama qarşı müharibə aparılmır”. Teymur Atayevin sözlərinə görə, digər tərəfdən Suriya müharibəsi şəhərlərdə aparılır: “Ona görə də müharibədə iştirak etməyən dinc sakinlər həlak olurlar. Ölkə əhalisi şəhərlərdən qaçmağa və Türkiyə ərazisindəki çadır şəhərciklərində yaşamağa məcburdurlar. İstisna deyil ki, Suriyada azərbaycanlıların əlindən günahsız dinc sakinlər də həlak olurlar. Bütün bunlar cihad əlamətləri deyil. Mən anlayıram ki, bizim uşaqlarımızı əxlaqi meyllər hərəkətə gətirir, amma bilmirlər ki, onların şüuraltına yeridilmiş inanclarının təsiri altına düşüblər. Bu insanlara izah etmək lazımdır ki, yad torpaqda həlak olmaqla, onlar öz uşaqlarını, arvadlarını və valideynlərini bədbəxt edirlər, yalqız qoyurlar”.Xarici İşlər Nazirliyi Suriyada olanları diqqətlə izləyir və ilk növbədə, orada öldürülmüş şəxslərin Azərbaycan vətəndaşı və ya azərbaycanlı olmasını aydınlaşdırmağa çalışır. Belə bir açıqlamanı isə Xarici İşlər Nazirliyinin sözçüsü Elman Abdullayev verib: "Əgər aydınlaşsa ki, onlar Azərbaycan vətəndaşı və ya azərbaycanlı idilər, bundan sonra müəyyənləşdirmək lazım olacaq ki, onlar hansı yolla və hansı vasitələrlə Suriyada olublar? Əgər nəzərə alsaq ki, Suriyada vəziyyət gərgin olaraq qalır və bu ölkədə heç bir diplomatik nümayəndəlik işləmir, onda təxmin etmək asandır ki, bu, bizim araşdırmamıza nə qədər mane olur. Amma bütün bu çətinliklərə və maneələrə baxmayaraq, biz bu istiqamətdə araşdırmanı davam edirik".E.Abdullayev həmçinin xatırladıb ki, 2011-ci ildə Azərbaycan Xarici İşlər Nazirliyinin Suriyaya Azərbaycan vətəndaşlarının səfərlərinin təhlükəli olması barədə xəbərdarlığı qüvvədə qalır.Kamal ƏliANN.Az