Azərbaycanlının Mançestirə səfəri – REPORTAJ

19:50 | 09.02.2015
Azərbaycanlının Mançestirə səfəri – REPORTAJ

Azərbaycanlının Mançestirə səfəri – REPORTAJ

Rüstəm Qasımov

Böyük Britaniyaya getmək, onun qədim küçələrində gəzmək, dünyaca məşhur tarixi Avropa arxitekturasına tamaşa etmək, əsl ingilis pabında axşam keçirtmək, şəxsən dünyanın ən nəfəskəsici futbol liqası hesab etdiyim ingilis premyer-liqasında canlı futbolu izləmək mənim çoxdankı, həm də böyük arzum olub.

Bu arzumun reallaşmasına, ingilis şəhəri Mançestirə gediş-gəliş biletinin alınmasına köməyi "Bakcell” şirkəti – Azərbaycanın ilk mobil danışıq operatoru və aparıcı mobil internet provayderi - etdi. "Bakcell” dünyaca məşhur futbol klubu olan "Mançestir Yunayted”lə ("Manchester United”)  ilk əməkdaşlığa başlayan Azərbaycan şirkətidir.  Qeyd etmək yerinə düşər ki, "Bakcell” nəinki Azərbaycanda, eləcə də bütün post-sovet məkanında dünyanın ən böyük futbol klubu ilə əməkdaşlığa başlayan ilk şirkətdir. Beləcə, səyahət başlayır...


 
 
 
Uçuş
 
Bizim səyahət səhərin erkən saatlarında baş tutdu. Bakı vaxtı ilə səhər saat 5-də Heydər Əliyev adına Beynəlxalq Hava Yollarını tərk edib İstanbula doğru istiqamət aldıq. Atatürk Hava Limanında endikdə bir anlıq oranın böyüklüyü və terminallarda gəzən, gözləmə zalında oturan, mağazalardan alver edən, kafelərdə yemək yeyən insanlarının çoxluğu məni heyrətə saldı. Qeydiyyatdan keçdikdən sonra biz təyyarəyə mindik. Yerli vaxtla saat 9 idi. Parlaq günəş, mavi səma... bir sözlə, hava möhtəşəm idi. Dörd saatlıq ucuşdan sonra biz Mançestir səmalarına daxil olmuşduq. Ətrafda hər şey ağappaq idi. Məlum oldu ki, biz gəlməmişdən əvvəl buralara çoxlu qar yağıb. Ancaq Mançestir Hava Yollarından çıxandan sonra biz qarın səngidiyini gördük. Günəş bərq vururdu. Hava əla idi.     

Otelə gedən yol

Taksiyə oturduqdan sonra hava limanından 20-25-dəqiqəlik aralıda yerləşən otelə üz qoyduq. Sağ oturacaqda oturmuş sürücülərə baxmaq adamda qəribə hiss oyadırdı. Biz sağ tərəfli yol ilə getməyə öyrəndiyimizdən sol ilə hərəkət etmək adama bir az qəribə gəlirdi.  Taksi sürücüsü ənənəvi olaraq bizim hardan gəldiyimizi və Mançestir səfərimizin nə ilə bağlı olduğu ilə maraqlanırdı. Biləndə ki, biz Azərbaycandan gəlmişik, o, bizim vətənimizi tanıdığını, amma paytaxt Bakının çox bahalı şəhər olmasını qeyd etdi. Biz bilmək istədik ki, bu məlumat onda hardandır. Söhbət əsnasında məlum oldu ki, o, özü türkiyəli emiqrantdır, xanımı isə azərbaycanlıdır. O da məlum oldu ki, o, özü 6-7 dəfə Bakıda olub. Amma onu da qeyd etdi ki, Bakı hazırda öz ultramüasir arxitekturası ilə dünyanın ən gözəl şəhərlərindən birinə çevrilməkdədir. 
 
Otel
 
Şəhərkənarı yol ilə hərəkət etdikcə,  şəxsi evlər, meşə zolaqları, yüngülvari qarla örtülmüş yaşıl çəmənliklər bizim gözlərimizi müşahidə edirdi. Bizim qalacağımız «Jurys Inn Manchester» oteli demək olar şəhərin düz mərkəzində yerləşirdi.  Məsələn, «Primark» adlanan şeytan karuseli və keyfiyyətli, baha olmayan geyimlərin satıldığı məşhur mağazaların yerləşdiyi küçəyə getməyə bizə cəmi 10-15 dəqiqə vaxt lazım idi. Öz rahat otağımıza qalxdıqdan sonra mənim ilk işim pəncərədən çölə baxmaq oldu. Mənim pəncərəm dəmir yolları vağzalına və şüşəli   «Hilton Manchester Deansgate» binasına açılırdı. Bu o qədər hündür binadır ki, hətta ondan iki mil uzaqlıqda yerləşən Mançestrin məşhur "Old Trafford” stadionu tərəfdən baxdıqda görünür. Taksiçi hətta bizə demişdi ki, Mançestir öz qədim arxitekturası, mənzərələri, müzeyləri, qalareyaları və mağazaları ilə bizim çox xoşumuza gələcək.  

 
 
 
Şəhər haqqında ilk təəssürat

Mançestir Şimali-Qərbi İngiltərədə yerləşən bələdiyə rayonu və Böyük Mançestir Qraflığına məxsus şəhərdir. Bura ölkənin böyük mədəni, sənaye, maliyyə, kommersiya və nəqiliyyat mərkəzidir. Mançestir ona daxil olan rayonları, şəhərkənarı əraziləri ilə birgə 16 millyonluq bir əhalinin yaşadığı məkandır. Şəxsi evlər, iki mərtəbəli və qırmızı kərpicdən tikilmiş iki göz damcısı kimi bir-birinə oxşayırlar.
Qədim evlərin demək olar hamısı qırmızı kərpicdən tikilib. Ona görə bura ayaq basanda elə zənn etdim ki, sanki qırmızı krallıq olan qədim Gəncə şəhərinə düşmüşəm. Şəhərdə yeni müasir tikililər də çox geniş yayılıb, ancaq onlar şəhərin qədim arxitekturası ilə harmoniya içindədirlər. Qeyd edək ki, şəhərdə göydələn görə bilməzsiz. Mançestirin binaları orta hündürlükdədir.
 
 

 
 
 
Şəhər qədim tarixi arxitekturalar ilə boldur. Binaları qüllələr, heykəllər, təmtəraqlı ornamentlər və digər dekorasiya elementləri bəzəyir.  
 
 
 
 
 
Daş döşənmiş küçələr bütün şəhəri əhatə edən qollu-budaqlı şəbəkəyə bənzəyir. Qeyd edim ki, heç də bütün küçələr bir-birinə paralel deyil. Ona görə siz, gəldiyiniz küçəyə dönmək istədikdə başqa istiqamətdə getmiş olacaqsız, çünki sizin seçdiyiniz yol sizi başqa istiqamətdə apara bilər.
 
 
 
 
 
Ancaq əlinizdə xəritə varsa, çətin azasınız. Bundan başqa Mançestirin şəhər əhalisi kömək etməyi sevir. Əgər siz, bir mançestirlidən bu və ya digər küçənin hara getdiyini, filan yerə necə gedib çıxmaq mümkün olduğunu soruşsanız, o dərhal sizə küçənin adını, yerini,  yaxınlığındakı məşhur tikilinin adını deyəcək.  
 
 
 
 
 
 
Küçələrin özünə gəldikdə, onlar təmizliyi ilə göz oxşayır. Bütün günü küçələrdə piyada gəzməyimə baxmayaraq, mənim qara ayaqqabılarm necə geyinmişdimsə, eləcə təmiz formada qalmışdı. Şəhərdə toz və çirkab yoxdur. Şəhərdəki təmizliyin təmin edilməsində tikinti və təmir işlərinin aparılma qaydası mühüm rol oynayır.  Tikinti və ya təmirin aparıldığı yer xüsusi hasarla əhatələnir, insanlar tikintinin getdiyi yerdən kənar tutmaq üçün müvəqqəti gediş-gəliş yolu salınır.  Bu səbədən toz-torpaq şəhərə yayılmır.
 
 
 
 
 
 
Özəl və ictimai nəqliyyat
 
 
Şəhərin yollarının bəzən çox dar olmasına bxamayaraq, siz burda tıxac görə bilməzsiz.
 
 
 
 
Bundan başqa əhalinin böyük kəsimi ekonomikliyi və dayanacaqda daha az yer tutması ilə fərqlənən kiçik mühərrikli maşınlar sürür. Bakımızdan fərqli olaraq burda böyük ciplər görə bilməzsiniz. Bizim şəhərdə insanların əksəriyyəti isə şəhərin yollarının enini və böyüklüyünü düşünmədən cip almağa can atır.
 
 
 
 
Şəhər əhalisi əsasən ictimai nəqilliyatdan istifadə edir. Məni burada ən çox heyrətə salan müxtəlif növ qatar və tramvaylar oldu.
 
 
 





İş günü bitdikdən sonra ingilislər evlərinə - Mançestir əhalisinin böyük bir qismi şəhərkənarı evlərdə yaşayır - getmək üçün qatar gözlədiyini müşahidə edəcəksiniz. Yaşıl rəngli qatarlar və tramvaylar qədim şəhərə çox sivil görünüş verir.  



Britaniya üçün xarakterik nəqliyyatlardan biri də ikimərtəbəli avtobuslardır. Bu avtobuslar turistlərdə xüsusi maraq doğurur və  ora gələn hər bir turist ikinci mərtəbədə getmək üçün özünə yer seçir. Şəhərdə onlardan çoxdur və onların hamısı qrafikə uyğun işləyir. Müşahidəmə əsasən deyə bilərəm ki, avtobuslar  dolu olmurdu. Onlar yarı boş idi və heç bir bir həngamə də qopmurdu. Bu ikimərtəbəli avtobuslara baxdıqca düşünürdüm ki, görəsən əhalinin ən gur vaxtı avtobusa minməyin mümkün olmadığı Bakıda bu avtobuslar  problemi həll edə bilərmi?



Şəhərdə velosiped sürənlərə çox tez-tez rast gəlmək olur. Britaniyada əhalinin böyük bir qismi məhz bu kimi ekoloji təmiz və insanı fiziki formada saxlayan  nəqliyyat növündən istifadə edir. Velosiped sürənlər üçün ayrıca yol da nəzərdə tutulub.



İctimai daşınmadan başqa, ingilislər piyada gəzməyi də çox sevirlər. Onu da deyim ki, onlar çox sürətli yeriyirlər. Ona görə də, əgər siz küçədə ingilislərdən hansındansa getmək istədiyiniz yeri soruşduqda və onun "5 dəqiqəlik yoldur” cavabını eşitsəniz, o zaman bilin ki, təxminən 10-15 dəqiqəlik yol qət etməyə hazır olmalıyıq. İngilislər özünməxsus sürətlə danışır və kifayət qədər sürətlə yeriyirlər.



İngilislərin dəqiq olması haqqında

İngilislər çox dəqiq xalqdır. Qayda-qanına hər yerdə və hər şeydə riayət olunur. Bu "Dumanlı Albion”un sakinlərinin ən əsas prinsipidir. Sadə bir fakt: yolu keçərkən buna şahid oldum. Bütün səfər boyu bir dəfə də olsun kimsənin yolu yanlış keçdiyini, yaxud lazım olmayan yerdə və hətta nəqliyyat olmadıqda keçdiyini görmədim. Onların hamısı bir nəfər kimi, yaşıl işıq yandıqdan sonra yolu keçirdi.




Digər maraqlı müşahidəni də bölüşüm. Bu sürücülərin yolu keçən piyadalarla davranışı ilə bağlıdır. Məsələn, qısamüddətli tıxac və ya daha dəqiq desək, sıxlıq yaranırsa, heç bir sürücü piyadaların  keçdiyi keçidin üzərində maşın saxlamır. Onlar mütləq keçidən bir az aralıda dayanırlar ki, insanların keçməsinə mane olmasınlar. Sürücülər həm də, bir yoldan digər yola keçərək maşını saxlayıb ona perpendikulyar gələn maşınların qabağını kəsmirlər. Bu qaydaların gözlənilməsi məni heyrətə salmışdı.   



İngilis qaydasını, böyük supermarketlərdə, mağazalarda və ticarət mərkəzlərində də müşahidə etdim. Həftəsonları ingilislər mütləq alış-verişə çıxırlar. Qiymət endirimləri olduqda kassaların qabağında uzun sıraların yarandığını görürsən. Ancaq heç kim digərinin sırasını pozmadan səbirlə öz zamanının gəlməsini gözləyir. Kompüterlər boş olan kassanı işarə etməklə insanları yönləndirir. Satıcılara gəldikdə onlar son dərəcə xoşüzlü olmaları və  alıcıların daha çox mal almasında maraqlı olmaları ilə seçilirlər. Buna görə də, İngiltərdə alış-veriş edib ödəmə edərkən kassirlərlə söhbət etmək ayrıca bir həzzdir.  

İstirahət vaxtının keçirilməsi


İstirahət zamanında bankların əksəriyyətinin işləməməsi mənim üçün təəcüblü deyildi.



Hətta şəhərin əksər mağazaları həftə sonları bağlanır və öz fəaliyyətlərinə həftənin birinci günü başlayılar. Həftə sonlarını ingilislər alış-verişlə, sevimli futbol komandalarını izləməklə və sözsüz ki, gecə taverna və pablara toplaşaraq komandalarının qələbəsini qeyd etməklə keçirdirlər. Onu da deyim ki, həmin anlarda bir stolun boşalması üçün bəzən 30-40 dəqiqiə gözləməli olursan. Bir sözlə xalq ağır iş həftəsinin yorğunluğunu bir bokal pivə və ya çaxır ilə canlarından çıxartmağa çalışır. Axşam havaların soyuq və küləkli olmasına baxmayaraq, insanlar şəhərin küçələrində gəzməyi sevirlər. Ən maraqlısı da odur ki, onlar soyuqdan heç qorxmurlar.  




Hava  

Orda olduğumuz bütün vaxtda hava günəşli keçsə də, axşamüstü külək güclənir və soyuq havada papaqsız və əlcəksiz gəzmək müşkülə çevrilirdi. Ancaq yerli əhali bu havaya öyrəşdiyindən yüngül geyimlərdə gəzirdilər. Bu kimi havalarda qolsuz köynək və yalın ayağa krassovka geyinmiş oğlan və mini yubkalı qızları görmək mümkün idi. Ancaq isti sevən sakinlər də az deyildi.  




Gecələr yağış və ya sulu qar yağsa da biz şəhərdə heç bir gölməçə və ya axar su ilə rastlaşmadıq, çünki bunun qarşısını almaq üçün düşünülmüş kanalizasiya sistemi var. Su dolub daşmır, xüsusi quraşdırılmış sistemlər vasitəsi ilə axıb gedirdi.



Bu mənim Mançestirdən aldığım ilk təəsüratlar idi. Davamı olacaq...




İndi isə sizlərə şəhərin görünüşünü təqdim edirik!

ANN.Az
 




















0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM