Sənayeləşmə ili olan 2014-cü il uğurla başlayıb və artıq prezident İlham Əliyevin iştirakı ilə Sumqayıtda Mis Emalı Zavodu, «Azərsun» Sənaye Parkının ərazisində Yağ Emalı Zavodu, kağız və karton istehsalı kombinatı kimi iri sənaye müəssisələri açılıb.«APA-Economics»in məlumatına görə, bunu «Azərbaycan» qəzetinə müsahibəsində Azərbaycanın iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev bildirib. Onun sözlərinə görə, hazırda 90-dan artıq sənaye müəssisəsinin tikintisi davam etdirilir və yaxın zamanlarda istifadəyə verilməsi nəzərdə tutulur: «Son illər yaradılmış əlverişli biznes və investisiya mühiti ölkəmizdə iqtisadi fəallığın, o cümlədən sənayenin inkişafının başlıca şərtlərindən biri olub. Bu isə, öz növbəsində sənaye sahəsində də sahibkarlığın inkişafına əlverişli şərait yaradıb. Bütün qeyd olunanlarla bərabər, qarşıdakı illərdə beynəlxalq miqyasda qlobal rəqabətin güclənməsi, ölkənin dinamik inkişafının davam etdirilməsi mövcud təbii-iqtisadi resurslara söykənən yüksək əlavə dəyər yaradan sənaye sahələrinin inkişafının daha da sürətləndirilməsini zəruri edir». Nazir qeyd edib ki, Sumqayıt Kimya Sənaye Parkında iki rezident qeydiyyata alınıb: «Eləcə də, Gəncə və Mingəçevir şəhərlərində, Bakının Qaradağ rayonunda da müasir sənaye şəhərciklərinin yaradılması nəzərdə tutulur». Ş.Mustafayev deyib ki, yerli təbii və iqtisadi resurslara əsaslanan müəssisələrin yaradılması, mövcud müəssisələrin modernləşdirilməsi, ənənəvi istehsal sahələri ilə yanaşı, yeni istehsal sahələrin fəaliyyətə başlaması, sənaye parklarının, sənaye məhəllələrinin yaradılması, regionlarda sənaye potensialının gücləndirilməsi innovasiyalar əsasında sənayenin inkişafını, bu sahədə sahibkarlıq fəaliyyətinin genişləndirilməsini təmin edəcək.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !