Azərbaycanın dünya idmanına verdiyi ən böyük töhvə - KÖŞƏ

18:11 | 27.11.2013
Azərbaycanın dünya idmanına verdiyi ən böyük töhvə - KÖŞƏ

Azərbaycanın dünya idmanına verdiyi ən böyük töhvə - KÖŞƏ

Dünən AzTv-də yayımlanan “Borussiya Dortmund” – “Napoli” futbol matçında gözlənilməz hadisələr baş verdi. AzTv-nin şərhçisi “Borussiya”nın erməni futbolçusu Henrix Mxitaryanın adını çəkdi, özü də dəfələrlə. Hətta Mxitaryan gözəl driblinqlə rəqiblərini arxada qoyub qapıya zərbə endirəndə, komentator mənalı-mənalı güldü, bir anlıq fasilə verdi və bu anı belə dəyərləndirdi: “Şərhsiz”. Sonra da Mxitaryanı təriflədi, klubların onun uğrunda apardıqları mübarizədən danışdı... AzTv hər zamanki kimi bizi yenə də təəccübləndirməyə müvəffəq oldu...

Mxitaryanın kim olduğunu açıqlamaqda fayda var. 24 yaşlı Henrix Mxitaryan Ermənistanın “Pünik” klubunun yetirməsidir. Ukraynanın “Şaxtyor” klubunda göstərdiyi futbolla bütün Avropa klublarının diqqətini özünə cəlb elədi və nəhəng klublar onu transfer etmək üçün qollarını çırmaladılar. Bu mübarizədən isə Almaniyanın “Borussiya Dortmund” klubu qalib ayrıldı. 27 milyon avro ödəməklə futbolçunu transfer elədi və onu dərhal 10 nömrəli formaya layiq gördü. Mən AzTv-də “Borussiya”nın bundan əvvəlki oyunlarına baxmışam və komentatorun Mxitaryanın adını çəkməmək üçün necə çabaladığının şahidi olmuşam. Ona görə də, dünən şərhçinin  Mxitaryanın adını çəkməyi, tərifləməyi çox gözlənilməz idi. AzTv-nin sükanı belə qəfildən döndərməyini mən özüm üçün belə yozdum ki, bu, ölkədə aparılan ciddi islahatların tərkib hissəsidir. Əgər nazirliklərdə, komitələrdə, dövlət idarələrində şöbə müdirlərinin yerinin dəyişdirildiyinin, ölkədə islahatların həyata keçirildiyinin şahid oluruqsa, nə üçün bu islahatlar AzTv-yə də şamil edilməsin? Bunun üçün ilk addım dövlət kanalının futbol şərhçisinin Mxitaryanın adını çəkməsi ola bilərdi, bu da oldu. 

Bir hərf səhvini belə bağışlamaq istəməyən, “yoldan azanlar”ı haqlı olaraq  ən sərt tənqid və təhqirlərə məruz qoyan bəzi zəhmli, ötkəm internet oxucuları qarşısında təzim edərək, bildirirəm ki, bəndənizi səhv başa düşməyəsiniz. Mənim bu cılız ironiyam tamamilə məsumdur. Erməni, xristian, mason sevgisindən söhbət gedə bilməz. Söhbət həsəd hissindən gedir. “Niyə o əjdahadan bizdə yoxdur?”. Axı niyə yoxdur? Çox güman, bir azərbaycanlının tarix boyu fikirləşdiyi ən böyük sual həmişə bu olub. Bizim əjdahaya ehtiyacımız var, bizə inam verəcək, bizi ətalətdən xilas edəcək ağ atlı əjdahaya ehtiyacımız var. O, ağ atlı əjdaha isə gəlmir ki, gəlmir. Bəs görəsən niyə gəlmir?

Əgər futboldan danışırıqsa, son illərdə ölkədə futbolun dirçəlməsi üçün yaxşı-pis xeyli iş görülüb. Milyonlar hesabına xaricdən futbolçular, məşqçilər, mütəxəssislər gətirilib. Amma sonda görürsən ki, bütün bunların elə bir ciddi faydası yoxdur. Əvvəlki dövrlərdəki kimi, yenə azərbaycanlı futbolçuların ayağı top tutmur, yenə rəqib futbolçuların kölgəsindən qorxurlar. Azərbaycan yığma komandası dünya çempionatının seçmə mərhələsində 3-4 oyunu heç-heçə başa vurandan sonra xeyli adam sevinmişdi. Amma sonda bunun bir təsadüf olduğu bəlli oldu. Sonda yenə Estoniyaya uduzduq, futbola heç bir aidiyyatı olmayan Qırğısıztanı məğlub edə bilmədik... Azərbaycan futboluna baxanda bir daha əmin olursan ki, idmançının özünə inamı vacibdir. Əgər özünə inamın yoxdursa, pul səni xilas edə bilməz, sən yenə də rəqibin kölgəsindən qorxacaqsan, ayağın top tutmayacaq, cüzi uğurlar belə müvəqqəti olacaq. Çünki idmanın, idmançıların cəmiyyətlə birbaşa əlaqəsi var. Məğlub, gözükölgəli, özünəinamsız cəmiyyətin futbolu da elə özü kimi olmalıdır. Bu, aksiomadır. Azərbaycan futbolçuları bu cəmiyyətin tərkib hissəsidirlər. Ona görə də məğlub, gözükölgəli və özünəinamsızdırlar.

Əgər Azərbaycanda övlad ailədə, uşaq baxçada, şagird məktəbdə, tələbə universitetdə, fərd cəmiyyətdə kölə münasibəti görürsə; əgər cəmiyyətdə kasta sistemi hökm sürürsə, “JEK” müdirindən tutmuş, ən yüksək çinli məmura qədər hamı özündən bir pillə aşağıda duranın qul olmasını istəyirsə: əgər istənilən şeyi, ən ümdə dəyərləri belə pulla alıb-satmaq mümkündürsə; əgər ölkədə mədəni səviyyə aşağıdırsa, savadlı, mədəni insan lağ obyektidirsə: əgər ölkədə ibtidai anlayışlar, qəbilə təfəkkürü dominantdırsa, o zaman bütün məğlubiyyətlər anlaşılandır. Ölkə ərazisinin işğal edilməsi də, cəmiyyətdə hökm sürən ədalətsizlik də, zorakılıq halları da anlaşılandır. O cümlədən futboldakı uğursuzluqlar da başa düşüləndir. Məğlub, özünəinamsız cəmiyyətin güclü, əzmkar futbolu ola bilməz, bu mümkün deyil. Ona görə də, biz futbol deyəndə, hələlik “Atletiko Madrid”in futbolçularının formalarının üzərində yazılan “Land of Fire Azerbaijan” yazısıyla təsəlli tapmalıyıq. Təbii ki, əgər buna  təsəlli demək mümkündürsə...

Yeri gəlmişkən, “Atletiko Madrid”in formalarının üzərindəki Azərbaycanla bağlı həmin sloqan dəyişib. İndi o yazının əvəzində 2015-ci ildə Bakıda keçiriləcək Avropa Oyunlarıyla bağlı loqo olacaq. Nə dərəcədə səhih informasiya olduğunu bilmirəm (internetdə axtarış apardım, tapmadım), belə bir xəbər yayılmışdı ki, Avropa Oyunları adlı bu yarışın keçirilməsini də məhz Azərbaycan özü təklif edib və nəticədə yarışın Bakıda keçirilməsi qərara alınıb. Avropa Oyunlarında 20-yə yaxın idman növündə yarışların keçirilməsi gözlənilir. Yarışda Avropanın 49 ölkəsindən 7-15 min idmançının iştirak edəcəyi gözlənilir. Bu o deməkdir ki, yenə fantastik dərəcədə böyük pullar göyə sovrulacaq, 2015-ci ilə qədər Bakıda yenə tıxac, toz-torpaq, tikinti, qarışıqlıq hökm sürəcək...

 Əhalinin rifahının yaxşılaşdırılması, mədəni səviyyənin artırılması kimi məsələlər isə, belə görünür, hələlik gündəmdə deyil. Ölkədə kitab-qəzet, dəftər-qələm, mədəniyyətlə bağlı ən son səs-küy doğuran xəbər metrolarda kitab-qəzet satışının qadağan edilməsi olub. Bilmirəm, nə qədər adam buna fikir verdi: rəsmi şəkildə elan olunmasa da, metrolarda kitab satışı qadağan ediləndən sonra çox maraqlı yenilik baş verdi. 28 may metro stansiyası təmirdən sonra əhalinin xidmətinə açılanda məlum oldu ki, bütünlüklə sürüşkən mərmərdən ibarət olan metro stansiyasında əhalinin sağlamlığı da nəzərə alınıb. Belə ki, par-par mərmər döşənmiş stansiya həm də buz meydançası kimi Bakı sakinlərinin xidmətindədir. İndi sərnişinlər sürüşüb qatarın altına düşməmək üçün böyük çaba sərf etməlidirlər  - əsl ekstrim idman növü! Yəqin ki, bu idman növü Avropa Oyunlarının proqramına da daxil ediləcək. Bəli, artıq çoxdan idi ki, bizim də dünya idmanına töhvə verməyimizin vaxtı gəlib çatmışdı və o gözəl gün artıq yaxındadır...

Cavid Ramazanlı 

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti